Milli Məclisin deputatı Kamal Cəfərov təhsil sistemi ilə bağlı sensasiyalı iddia ilə çıxış edib.

MillətinSəsi.info-nun məlumatına görə, deputat İctimai TV-nin efirində bildirib ki, hələ də “bunker müəllim”lər (imtahan suallarının hazırlanmasında iştirak edən müəllimlər) var.
 
Millət vəkili etiraf edib ki, vaxtilə özü də ali məktəbə qəbul olmaq üçün “bunker müəllim”lərin yanına gedib:
 
“Mən də qəbul imtahanlarına hazırlaşan dönəmdə “bunker müəllimlər” şagirdləri elə hazırlaşdırırdılar ki, 700 bal belə toplamaq olurdu. Düşünürəm ki, test sistemi ədalətli sayıla bilməz”.
 
Verilişdə iştirak edən DİM sədri Məleykə Abbaszadə isə millət vəkilinin dediklərini təkzib edib. O, etiraz edərək bildirib ki, “bunker müəllim” anlayışı yoxdur:
 
“Bu repetitorlar özləri-özlərini elə adlandırırlar. Reallıqda “bunker”də işləyən heç bir şəxs imtahanın məzmununa təsir edə bilməz. Bu texnoloji modeldir. Hazırda müəllimlər imtahanları, yazı işlərini kompüterlə evlərində yoxlayırlar. Bəs o zaman niyə imtahana təsir göstərə bilmirlər? Texnoloji cəhətdən bu proses belə qurulub”.
 
Qeyd edək ki, bir müddət əvvəl Kamal Cəfərovun kitab oğruları ilə bağlı Milli Məclisdəki çıxışı da birmənalı qarşılanmayıb. Deputatın həmin fikirləri sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.