Media kapitanlarından deputat Etibar Əliyevə kəskin ETİRAZ: Sənin nə haqqın var?

14:17 17-07-2021 144
Milli Məclisin deputatı Etibar Əliyev dövlət tərəfindən jurnalistlər üçün inşa olunan 3-cü binadakı evləri şəhid ailələrinə verməyi təklif edib.

MillətinSəsi.info-nun
 xəbərinə görə, millət vəkili bu barədə öz Feysbuk hesabındakı paylaşımında yazıb.
 
Etibar Əliyev qeyd edib ki, media işçilərinə verilən evlər jurnalistikada keyfiyyəti artırmayıb:

“Azərbaycanda jurnalistlərə iki böyük bina inşa edilərək verilib. Amma bu, jurnalistika keyfiyyətini əsla dəyişməyib. Alimlərə heç bu qədər qayğı yoxdur və üstəlik, onlar üçün tikilən binanı Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi də deyirlər ki, jurnalistlər üçün 3-cü bina tikilir. Ay məmləkət, ölkədə demək olar ki, qəzet yoxdur, cəmi üzdə olan 5-6 sayt var. Həmin saytlar da reklam və xəbərlər dərc etməklə məşğuldurlar.

Başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti də sonradan axtarırsan ki, niyə fikrimi təhrif etmisən? Əvvəlki binalarda ev alanların çoxu jurnalistikadan uzaqlaşıb. Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət belə ucuzlaşdırılıb. Tanıdıqlarımın bir neçəsi oradakı evləri satıblar və bu hallar davam edir. Belə təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.
 
Bəs jurnalistlər deputatın bu təklifi haqqında nə düşünür?
 
Məsələ ilə bağlı saytımıza danışan əməkdar jurnalist Ləman Ələşrəfqızı Etibar Əliyevin fikirləri ilə razılaşmayıb:
 
 
 
“Özümə söz vermişdim ki, jurnalistlərin mənzili mövzusunda artıq danışmayacağam. Danışanda deyirlər, siz nə jurnalistsiniz ki, hökumətdən nəsə umursunuz. Onlar baxmırlar ki, sənin şəraitin nədir, necə yaşayırsan, Azərbaycan jurnalistikasında rolun, çəkin nədir. Bu suallar qətiyyən onları maraqlandırmır. Sadəcə bir toplum var ki, “sən də hakimiyyətin yanında yal içməyə həvəsli olanlardansan?” - deyib hücuma keçirlər.
 
O vaxt 1-ci binadan ev veriləndə ANS-də işləyirdim, hüquqlarım da elə onda pozuldu. Düşünürdüm ki, evə iddia edənlər arasında mənim də haqqım var. Çünki ipoteka ilə aldığım evdə yaşayırdım, onu da zülmlə almışdım. İndinin özündə də 2-ci mikrorayonda, bəlkə, heç kimin bəyənib yaşamayacağı, köhnə beşmərtəbəli, istismar müddəti bitən, ipoteka ilə aldığım evdə yaşayıram. 8 ildən sonra həmin ipotekanın müddəti bitəcək.

1-ci binadan mənə ev vermədilər. Allah canlarını sağ eləsin. 2-ci binadakı mənzillər verilən vaxt isə “Azərxalça”da mətbuat katibi idim. Onda da Əli Həsənovun siyahısı qazandı, yəni yenə mənə ev vermədilər. Elə adamlara verildi ki, indi də zülmünü çəkirlər, barələrində bu qədər cinayət işləri açılır. Ondan sonra bu məsələnin başını buraxdım. Özümə söz verdim ki, bir daha qarışmayacağam. Kimə istəyirlər, versinlər”.
 
Ləman Ələşrəfqızı hesab edir ki, bu məsələdə Etibar Əliyevin söz deməyə haqqı yoxdur:
 
“Etibar Əliyev o təklifi səsləndirəcək ən axırıncı adamdır. O, necə deputat oldu? Həmin parlament seçkilərində mən də iştirak etmişəm. Etibar Əliyevin necə mandat aldığını bilirik. Ona görə sussa yaxşıdır. O adam ən yaxşısı təhsil eksperti kimi qalaydı. Jurnalistlər tikilən binanın kimlərə verilməli olduğunu, Etibar Əliyev, sən müəyyən etmirsən! Etibar Əliyevin bu məsələdə söz deməyə haqqı-hüququ yoxdur. Düşünürəm ki, əgər həmin bina jurnalistlər üçün nəzərdə tutulubsa, elə jurnalistlərə də verilməlidir. Yenə qeyd edirəm, mənim bu evlərdə nə gözüm, nə iddiam var. Onlarla jurnalist gördüm ki, ümidlərini o evlərə dikmişdilər. Adamlar var ki, iş yerlərində boğaza yığılıb, ancaq ev üçün qalıblar. Elə jurnalist var ki, evi olsa belə, xidməti də var. Ona da ev vermək olar. Amma o ev jurnalistikada yal içməyə gələnlərə, iki cümləni düzüb-qoşub yaza bilməyənlərə veriləcəksə, daha sözüm yoxdur. Prezident İlham Əliyev o binaların bünövrəsi qoyulanda jurnalistlər üçün xeyir-dua verib. Qoy elə Prezidentin xeyir-duasına uyğun, jurnalistlərə də verilsin. Guya şəhid, qazi, müharibə iştirakçıları ailələrinə dövlətin pulumu yoxdur ev tikməyə? Onlar üçün tikir də, verir də”.
 
Mətbuat Şurasının üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli deputatın dediyi fikirlərin arxasında jurnalistlərə qarşı aqressiyanın olduğunu düşünür:
 
 
“Azərbaycanın gücü və potensialı var ki, şəhid ailələrini, qazilərimizi, müharibə iştirakçılarını mənzillə təmin etsin və bu istiqamətdə kifayət qədər ciddi sosial proqramlar həyata keçirilir. Ümumiyyətlə, Etibar bəyin jurnalistlərə olan qəzəbinin, aqressiyasının mahiyyətini başa düşmürəm. Ola bilsin ki, özü-özlüyündə çox maraqlı bir təklif irəli sürüb. Bu təklifin arxasında təbii ki, onun jurnalistlərə olan qəzəbi dayanır. Bundan qətiyyən şübhə etmirəm. Amma mahiyyət etibarı ilə bu təklif əslində, Azərbaycan dövlətinin gücünün üzərinə kölgə salmaq cəhdindən başqa bir şey deyil. Uzun illərdir, Azərbaycanda qaçqın və məcburi köçkünlərin, həmçinin şəhid ailələrinin, qazilərimizin sosial rifahının yüksəldilməsi ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proses bütövlükdə dövlət başçısının nəzarəti altındadır. Son günlər cənab Prezidentin şəhid ailələri ilə keçirdiyi görüşdə də verdiyi mesajların şahidi olduq. Bu aspektdən düşünürəm ki, xüsusən Mətbuat Günü ərəfəsində yersiz fikirlərlə çıxış etməkdənsə, öz işi ilə məşğul olsa, parlamentin toplantılarında seçicilərinin problemləri ilə bağlı məsələ qaldırsa və cəmiyyətə faydalı bir hərəkət etsə, daha yaxşı olar. Yoxsa, yetənə yetib, yetməyənə bir daş atmaq ona verilən mandatın çərçivəsinə daxil olan məsələ deyil.
 
E.Əliyev düşünüb ki, həssas bir məsələyə toxunub və bu mülahizələrinin qarşısında jurnalistlər heç bir fikir səsləndirməyəcək. Əslində, hər bir jurnalist, peşəsinə sayğı duyan, hörmət edən, jurnalistikanın prinsiplərinə əməl edən ləyaqətli qələm sahibi şəhid ailələrinin şərəfini hər zaman üstün tutub. Bundan sonra da belə olmağa davam edəcəklər. Mənzil və ya hər hansısa bir məsələ prioritet deyil. Bu cəhdin özü o qədər primitiv və səhvdir ki, məqsəd burada jurnalistlərin, guya, vətənpərvər olmadıqlarını və onların şəhid ailələrinə münasibətinin yüksək olmadığını, yalnız yazılarda büruzə verdiklərini ritorik bir tərzdə cəmiyyətin diqqətinə çatdırmaqdan ibarətdir. Bu, çox primitiv bir davranışdır. Şəhid ailələrinin jurnalistlər üçün tikilən mənzilə ehtiyacı yoxdur. Onlar dövlətin qayğısı altındadırlar. Ona görə də yaxşı olardı ki, son dövrlərdə bir-birinin ardınca, davamı olaraq yanlışlara yol verməkdənsə, insanların qəzəbini qazanmaqdansa, Etibar Əliyev daha faydalı işlərlə məşğul olsun”.
 
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə də məsələ ilə bağlı öz fikirlərini bölüşüb:
 
 
“Şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində hərtərəfli iş görülür, geniş layihələr həyata keçirilir. Demək olar ki, hər həftə 25-30 qazi və şəhid ailəsinə mənzillər verilir. Heç kim şəhid və qazi ailələrinin arxasında gizlənməsin, onlardan öz reklamları üçün istifadə etməsin.

Kim şəhid ailəsinə kömək etmək istəyirsə, maaşını versin, kimin qaziyə ürəyi yanırsa, 2-3 yerdən əmək haqqı alan şəxslər var, heç olmasa, 1 yerdən aldığı maaşın kartını onlara bağışlasın. Bu problemləri dövlət yüksək səviyyədə həll edib və edir. Düşünürəm ki, bəzi ictimai xadimlərimiz, deputatlarımız məsələləri tez-tez gündəmə gətirməklə öz piarlarını qurmaq istəyirlər. Azərbaycanda jurnalistlərin sosial vəziyyəti heç də ürəkaçan deyil.

Hesab edirəm ki, əgər cənab Prezident jurnalistlər üçün bina tikilməsinə pul ayırıb, təməlini qoyubsa, həmin bina da jurnalistlərə verilməlidir. Həqiqətən də o evə ehtiyacı olan jurnalistlər var. Sadəcə ədalətli bölgü olmalıdır ki, narazılıq, söz-söhbət olmasın. Mən 3-cü binanın birmənalı şəkildə haqqı çatan jurnalistlərə verilməsinin tərəfdarıyam”.
 
Aygün Nəbiyeva
BakuPost