SOCAR-ın daha bir vitse-prezidenti vəzifəsi ilə vidalaşıb? - İDDİA

14:46 18-07-2021 297
Son bir neçə gün ərzində SOCAR-da islahatlar davam edir və bir neçə kadr dəyişikliyi olub. Bakupost.az-ın məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın altı vitse-prezidenti vəzifəsindən azad edilib. İstefaya göndərilənlərdən dördünün adı bəllidi: Mikayıl İsmayılov, Tofiq İbrahimov, Xaliq Məmmədov, Rəfiqə Hüseynzadə.

Hələlik SOCAR vitse-prezidentlərin vəzifələrindən azad edilməsi haqda xəbərləri təsdiqləmir. Şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov  bildirib ki, SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir: “Buna görə şirkətin hər hansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur”.

Sfera.az-ın məlumatına görə, SOCAR-ın daha bir vitse prezidenti vəzifəsindən kənarlaşdırılıb.  İşdən çıxarılan Ekologiya məsələləri üzrə vitse prezident Rəfiqə Hüseynzadədir.

Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı” fakultəsini bitirmişdir.

1975-1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur.

1981-ci ildə “Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1985-1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin “İzotop tədqiqatları” laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır.

1999-2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi “Azlab” MMC-nin Baş direktoru olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse - prezidentidir.

Eyni zamanda BDU-nun “Faydalı qazıntılar” kafedrasında 2001-ci ildən elmi fəaliyyətini davam etdirir. 60-a yaxın elmi məqalənin müəllifidir.

1997-ci ildə Xyustonun HARC elmi-tədqiqat Mərkəzində (TEXACO şirkətinin dəvəti ilə) çalışmışdır. Norveçdə - Tronheym şəhərində “Geolab” şirkətində treyning keçmiş, “Statoyl” şirkətinin “Reserch Center” mərkəzində çalışmışdır.
 
2004-cü ildə “Bone and Robertson” şirkətinin təşkil etdiyi rəhbərlik kurslarının sertifikatını almışdır. Rus, ingilis və türk dillərini bilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Tərəqqi" medalına və “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.