Moskva və Bakı ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı inamla irəliləməkdə davam edir. İlin ilk altı ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi artıb. “RİA Novosti” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı bildirib.

“İkitərəfli gündəliyimizdə duran məsələlərlə bağlı çox inamla irəliləyirik, ticarət dövriyyəsi ilk altı ayda böyüyüb. Bu, çox vacibdir, çünki keçən il 10%-dən çox bir azalma yaşadıq”, - deyə Azərbaycan Prezidenti bəyan edib.

Prezident İlham Əliyevin sözlərinə görə, tərəflər nəqliyyat və tranzit münasibətlərində də fəal şəkildə əməkdaşlıq edir: “Şimal-Cənub nəqliyyat dəhlizi keçən ilə nisbətən təxminən 20% daha çox yük daşıyıb. Odur ki, dəhliz artıq daha böyük həcmdə çalışır”, - deyə prezident qeyd edib.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı koronavirusla mübarizədə yardım üçün təşəkkür edib.

Dövlət başçısı İlham Əliyev Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin effektivliyini də qeyd edib: “Koronavirusla mübarizədə yardım üçün təşəkkür etmək istərdim. Biz Rusiyadan artıq 200 min dozadan çox “Sputnik V” peyvəndi almışıq və yeni partiyaların çatdırılmasını gözləyirik. Mən bilirəm ki, gözləyənlər həddindən artıq çoxdur. Çünki bu vaksin öz effektivliyini sübut edib”, -deyə İ.Əliyev bildirib.

Azərbaycan Prezidenti bütün istəyənləri vaksinlə təmin etməyin çətinliyini anladığını vurğulayıb və ölkəmizin bu baxımdan ilk alıcılar sırasında olduğu üçün bir daha minnətdarlığını ifadə edib.

Rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azəbaycan Qarabağ münaqişəsindən sonrakı dövrün maksimal dərəcədə ağrısız keçməsi üçün qətiyyətli mövqe tutub. Həmçinin, dövlət başçısı, ümidvar olduğunu bildirib ki, ümumi səylər nəticəsində buna nail olunacaq.

Rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Rusiyada 15 min azərbaycanlı təhsil alır. Daha 16 min gənc isə Azərbaycanın özündə rus dili bölmələrində oxuyur: “Azərbaycan gənclərinin belə böyük bir qrupu dil, ünsiyyət və təhsil baxımından artıq Rusiya ilə bağlıdır”, - deyə dövlət başçısı bildirib.