Sumqayıtda qəbir yerlərini satan kimdir?

16:29 22-07-2021 360

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin bələdiyyəsi qəbir yerlərini satmaqla məşğuldur. Bu barədə hit.az-a qəsəbə sakini Mehriban İsayeva bildirib.

“Bibim rəhmətə gedib. Aparmışıq qəsəbənin qəbirstanlığında dəfn etməyə. Bələdiyyənin işçiləri gəlib deyir ki, 270 manat pul verməlisiniz. Amma izah edə bilmirlər ki, bu pulu niyə verməliyik?”, – deyə vətəndaş əlavə edib.

Mehriban İsayevanın sözlərinə görə, pulu vermədiklərinə görə bələdiyyə işçiləri dəfnə mane olublar: “Dedilər ki, pul verilməsə, ölünüzü burda dəfn etməyə qoymayacağıq. Biz də məcbur olub deyilən məbləği verdik. Əvvəllər burada belə şey olmayıb. Yalnız qəbir qazanlara, ustalara pul vermişik. Amma qəbir yeri üçün pul alınmayıb. Pulu alıb bizə hər hansı sənəd təqdim etmədilər. Bu da o deməkdir ki, qanunsuzluq ediblər”.

Məlumat üçün deyək ki, Hacı Zeylabdin Tağıyev qəsəbəsinin bələdiyyə sədri Əsli Qasımovadır. İnternet resurslarında araşdırma apararkən onun barəsində xeyli sayda tənqidi materialların tirajlandığı üzə çıxır.