Eks-deputatla mayor kürəkəni üz-üzə: Ehtiyatda olan mayor İnam Kərimov məhkəmə qərarından narazıdır

15:35 18-07-2021 216

Keçmiş deputat, hazırda Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyevin qızından boşanan, ehtiyatda olan mayor İnam Kərimov birgə nikah dövründə tikdikləri evin bölünməsi ilə bağlı məhkəmə qərarından narazıdır.

Mayor İnam Kərimov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 1999-cu ildə Şaitdin Əliyevin qızı A. Kərimova ilə ailə həyatı qurub və 2020-ci ilin oktyabrında boşanıblar. 21 illik evlilik dövründə 4 övladları olan cütlüyün boşandıqdan sonra əmlakın bölünməsi üçün məhkəmə çəkişmələri başlayıb.

İnam Kərimov bildirib ki, Bakıxanov qəsəbəsində yaşayış binasındakı mənzilini keçmiş həyat yoldaşı və uşaqlarına verib: “Amma bir dənə 12 sot torpaqda tikilmiş həyət evimiz var. O torpağı özüm almışam, evi də ailə qurduqdan sonra tikmişik. İndi məhkəmə qərar verib ki, əmlakın 40 faizi mənə verilsin, amma onlar evdən çıxarılmasın. Məni də evə buraxmırlar, mən başqasının evinə yox, öz evimə gedə bilmirəm”.

İnam Kərimov iddia edir ki, Şaitdin Əliyevin təzyiqi ilə məhkəmə belə qərar çıxarıb və verilən qərarında da icrasına maneə olur: “Həmin bağ sahəsi də, bağ evi də mənim adımadır. Ümumi 12 sotdur, tələb edirəm ki, 4 sot torpaq və ev onlarda qalsın, qalan 8 sot torpaq mənə qaytarılsın. Dövlət qurumlarına etdiyim müraciətlərə də baxılmır. Çünki Şaitdin Əliyevin oğlu, Xəzər Rayon Polis İdarəsində şöbə rəisi Zaur Əliyev məni saxlatdırıb polisə apardı, orada məcbur edirdilər ki, sənədlərə qol çəkim. Məni qanunsuz olaraq, 48 saat polis idarəsində saxladılar. Bu təzyiqlərə və müdaxilələrə görə mən artıq tələb edirəm ki, bu işə başqa rayon məhkəməsində baxılsın”.

İnam Kərimovun iddiaları ilə bağlı Şaitdin Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, keçmiş kürəkəni elə o bağ evində yaşayır:

“Əksinə, İnam özü o evi zəbt edib. Gör bu nə qədər vicdansız insandır ki, ana ilə 4 uşağı çöldə qalıb, bu isə hər yerə yalandan məlumat verməklə məşğuldur. Qızım və nəvələrim binadakı evlərində yaşayırlar. O ev də İnamın deyil, qızımın öz evidir, qızımın da adınadır. Bağ evi ilə bağlı isə məhkəmə qərar verib ki, qızım və 5 övladına 60 faiz, təkcə İnama 40 faizi verilsin. Biz hələ məhkəmənin qərarından narazıyıq ki, düzgün bölgü aparılmayıb. Beş nəfərlə bir nəfərə təxminən eyni pay vermək ədalətli deyil.

Mənim məhkəmə qərarına müdaxilə etməyimlə bağlı dedikləri təxəyyüldür. Mən məhkəməyə necə təzyiq edə bilərəm? Mənim oğlumun şöbə müdiri işləməyinin ona heç bir aidiyyatı yoxdur. Bu ailə məsələsidir, məhkəmə də qərar verib. Biz ümumiyyətlə bu məsələyə qarışmırıq, nə mən, nə də qardaşı. Mən buna qarışsaydım, ümumiyyətlə… İnam özü hələ rəsmi boşanmadan yüngül əxlaqlı bir qadınla həmin bağ evində yaşamağa başlayıb. Bu insafsız heç düşünürdü ki, uşaqları neçə aydır harada yaşayırdı? Qızım və nəvələrim aylarla mənim evimdə yaşayırdı”.

Ş.Əliyev əlavə edib ki, məhkəmə qərarı icra olunacaq: “Bunlar yəqin ki, daha bir yerdə yaşaya bilməzlər. Ev satılar, pul da bölünər. Daha bunu məhkəmə icraçıları həll edəcək”.