Binəqədi rayon Binəqədi kəndi, Üçüncü mədən ünvanında yerləşən məhəllədə asfalt problemi var. Bu barədə ərazidə yaşayan sakinlər Milletinsesi.info-nun redaksiyasına şikayət ünvanlayıblar.

Sakinlər bildirib ki, əsas küçələrə asfalt çəkilsə də, sözügedən küçəyə artıq neçə ildir ki, asfalt çəkilmir.

Məsələ barədə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, qəsəbədaxili yolların təmir və yenidən qurulması məqsədilə RİH tərəfindən aidiyyəti qurumlara müraciət edilib:

“Binəqədi kəndindəki qəsəbə daxili bütün yollarda mərhələli şəkildə təmir-bərpa və yenidən qurma işləri həyata keçirilir. Növbəti mərhələlərdə sözügedən ünvanda da yolların asfaltlanması nəzərdə tutulub”.

İlhamə Əbülfət