Vərəm Əleyhinə Dispanserdən DƏHŞƏTLİ GÖRÜNTÜ – VİDEO

11:48 27-08-2021 432

Yasamal rayonunda yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserin durumu ilə bağlı videogörüntü yayılıb. Tanınmış jurnalist Əhməd Mahmudovun paylaşdığı videogörüntüdə dispanserin sanitar qovşağındakı şəraiti ilə bağlı mənzərə əks olunub.

Kadrlardan da görünür ki, ümumilikdə dispanserin əsaslı təmirə və ya yeni binaya ehtiyacı var.

Tibb müəssisəsindəki dözülməz vəziyyət sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb və belə bir şəraitdə xəstələrin sağala biləcəyi sual altına alınıb.  

Məsələ ilə bağlı Bizim.Media-ya danışan 1 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi Yavər Şıxalıyev zəruri təmirlə bağlı Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) dəfələrlə müraciətlər etdiyini deyib:

“Dispanserin təmirə ehtiyacı var! Bununla bağlı vaxtilə Səhiyyə Nazirliyinə, sonradan TƏBİB-ə məktubla müraciətlər etmişəm. Heç birindən cavab gəlməyib. Bina 30 ildir təmir olunmur. Elə şeylər var ki, onu təmir etmək, düzəltmək mümkün deyil. Bina sökülməli və yenidən qurulmalıdır. Bina nə qədər dözə bilər? Xəstələr də, işçilər də əziyyət çəkir”, deyə baş həkim əlavə edib.