Zakir Fərəcovun 2,3 milyonluq yaşıllaşdırması: “Arsenal-M” MMC kimindir?

16:12 27-08-2021 432

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə müsabiqəyə yekun vurub.

Qaynarinfo.az xəbər verir ki, müsabiqənin qalibi “Arsenal-M” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 287 566 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Arsenal-M” MMC 03 oktyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Biləsuvar rayonu Biləsuvar şəhəri, 10-cu qəsəbə, ev 336-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Vüsalə Sehran qızıdır.

“Arsenal-M” MMC 9 ildir fəaliyyət göstərsə də, açıq mənbələrdə şirkət barədə məlumatlar məhduddur. MMC-nin nə veb-səhifəsi, nə əlaqə telefonları mövcuddur. Şirkətin qanuni təmsilçisi Vüsalə Hüseynova da haqqında da hansısa məlumata rast gəlinmir.

Məlum olan odur ki, “Arsenal-M” MMC əsasən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin keçirdiyi tenderlərinin qalibi olur.

2021-ci ildə qurumla şirkət arasında sonuncu müqavilə də daxil olmaqla toplam maliyyə dəyəri 863 606.6 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalanıb. Müqavilələrdə yaşıllıqların salınması və əkin materiallarının alınması nəzərdə tutulub.

2020-ci ildə isə Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “Arsenal-M” MMC ilə ümumi dəyəri 1 484 440 AZN təşkil edən 5 müqavilə imzalayıb. Bu müqavilələr də yaşıllıqların salınması ilə bağlıdır.

Beləliklə, aydın olur ki, bir il ərzində “Arsenal-M” MMC-yə 2 348 046 AZN pul ödənib. Yeri gəlmişkən, şirkətin bu günə olan vergi borcu 8600.64 AZN təşkil edir. “Dövlət satınalmalar haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeli qurumudur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. O, 2015-ci ildən bu vəzifədədir.