Dağıdılan şeytan yuvasının yerində nə tikilir? – VİDEO

21:42 30-08-2021 270

Vaqif poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə şairin doğma şəhərində yenidən təşkil edilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirin açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Şuşanın bərpası ilə bağlı yeddi ay ərzində görülən quruculuq işlərini yüksək qiymətləndirib.  Həyata keçirilən tədbirlər sırasında ən önəmlisi yeni yaşayış kompleksinin təməlinin qoyulmasıdır.

Qeyd edək ki, birinci mərhələdə 3-4 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulur.  Düşmənə gözdağı verən yeni beşulduzlu hotel isə 150 otaqdan ibarət olacaq. 

Prezident İlham Əliyev bildirib ki, yeni beşulduzlu hotel dırnaqarası “Dağlı Qarabağ respublikasının” qondarma parlamentinin binasının tikildiyi yerdə tikilir: “Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir”.

Prezident bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur: “Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar.

Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. 

Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdırDanışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı.

İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər.

Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik.

Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”, – deyə prezident qeyd edib.

Prezident İlham Əliyev çıxışı zamanı Şuşa işğaldan azad edildikdən sonra bura olan ilk səfərindən danışıb. O bildirib ki, müharibədən sonra Şuşaya ilk dəfə bu il yanvarın 14-də gəlməyi heç də təsadüfi deyil: “Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi.

Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”, – deyə prezident qeyd edib

Prezident həm də bildirib ki, Şuşa Azərbaycan ruhunu saxlaya bildi: “Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik.

İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur”.

Prezident İlham Əliyev bildirib ki, işğal zamanı o da dünyada ədalətin olmamasını düşünüb: “Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

Daha ətraflı Baku TV-nin süjetində: