Vüsal Novruzov yenidən “dirilir”: Əzəli rəqibi Səfər Mehdiyevlə barışıqda “Ata” faktorundan istifadə edib nə qazandı?

11:02 01-09-2021 279

Bir müddət öncə vəzifəsindən kənarlaşdırılan Bakı Baş Gömrük İdarəsinin sabiq rəhbəri, gömrük xidməti general-mayoru Vüsal Novruzov yenidən aktivləşib.

Yenicag.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə aralarındakı bəzi məsələləri “həll edən” Vüsal Novruzov yenidən ölkəyə gətirilən bəzi malların monopoliyasını ələ keçirib.

Vüsal Novruzov ölkəyə gətirilən oyuncaq biznesinin monopoliyasına baxır. Uşaq oyuncağı biznesinin monopoliyasını ələ keçirən Vüsal Novruzovun bundan əlavə, ölkədəki daşınmaz əmlaklarını satışa çıxararaq nağd pulları müxtəlif yollarla Türkiyəyə ötürdüyü və orada yeni biznes qurduğu bildirilir. Novruzov vəzifədən uzaqlaşdırılarkən haqqında ölkədən çıxma qadağası qoyulduğu üçün başqa yollarla problemini həll etməkdədir.

Bundan əlavə, Vüsal Novruzovun reket blogger Ata Abdullayevlə də yaxın olduğu da üzə çıxıb. Vüsal Novruzov, Ata Abdullayev və bir media kapitanının tez-tez Bayıldakı məşhur pivəxanada bir araya gəldiyinə dair foto və videoların olduğu deyilir. Vüsal Novruzovun Ata Abdullayev vasitəsi ilə bəzi məmurları vurması barədə informasiyalar dolaşır. Elə Səfər Mehdiyevlə aralarındakı “buz”un əriməsində bu yöndə fəaliyyətinin rol oynadığı ehtimal olunur.

Araşdırmalarımız davam edir.

Mənbə Yenicag.az