Eldar Mahmudov sindromu: nazirlər yox, ətrafı cəzalandırılır - səbəb...

11:03 01-09-2021 612

Hüquqşünas Natiq Ələsgərov: “Eyni cinayəti törədən bütün şəxslər üçün qanunun bərabər norması ilə məsuliyyət yaranır”

2015-ci ildən bu yana Eldar Mahmudovun həbs xəbərləri səngimir. Vəzifəsindən çıxarılan gündən ötən 5 il 10 ay ərzində sabiq nazirin həbs xəbərləri biri-birini əvəzləyir. Amma nə sirdirsə, Eldar Mahmudovun çeşidli cinayətləri haqda məlumatlar ortada ikən ona toxunmurlar. Onun komandasının əsas fiqurları “içəridədir” və ya yolları oradan keçib.

Sabiq MTN şefi isə ortalıqda gəzir.  Maraqlı məqamlardan biri də odur ki, bu gün Azərbaycanda Eldar Mahmudov sindromu yaşanmaqdadır. 2015-ci ilin oktyabrında MTN-də həyata keçirilən antikorrupsiya tədbirləri sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi, Rabitə, Mədəniyyət, Xarici İşlər nazirliklərində də gerçəkləşdirilib. Səlim Müslümov xaric digər nazirliklərdə gerçəkləşən əməliyyatlarda nazirlərin komanda üzvləri qandallanıb, istintaqa cəlb ediliblər. Eldar Mahmudov kimi xarici işlər naziri Elmar Məmmədyarov da, mədəniyyət naziri Əbülfəs Qarayev də, rabitə naziri Əli Abbasov da böyük cinayətlərin mərkəzi fiquru olduqları halda istintaqdan kənar qalıblar. İstintaqın bu yanaşması ümumilikdə antikorrupsiya tədbirlərinə inamı azaldır.

 “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, vəzifə sahibi ilə sıravi vətəndaş qanun qarşısında bərabərdir: “Vətəndaş cəmiyyətinin təməl prinsiplərindən biri də hamının qanun və ədalət qarşısında bərabərlidir. Hansı ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasında də əksini tapıb. Ali qanunumuzun ”Bərabərlik hüququ" adlanan 25-ci maddəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bərabərlik hüququ vətəndaş cəmiyyəti mövcud olan, hüquqi dövlət qurulan bütün ölkələrdə mahiyyətcə eyni mənaya malikdir. Vətəndaşların qanun qarşısında bərabərliyinin mühüm siyasi əhəmiyyəti var. Belə bərabərlik onların demokratik cəmiyyətdə hüquqi statusunun təməlini yaradır".

Hüquqşünas deyir ki, Cinayət Məcəlləsinin 6-cı maddəsində vətəndaşların qanun qarşısında bərabərliyi prinsipi aşağıdakı aydın göstərilir: “Amma bu gün Azərbaycanda məhkəmə-hüquq praktikasına baxsaq, görərik ki, işdən çıxarılan, ətrafları korrupsiyaya görə istintaqa cəlb edilən nazirlərə münasibətdə ayrı-seçkilik var və bu yanaşma həmin nazirləri cinayət məsuliyyətindən yayındırmağa imkan verir. Bunu kim edir? Qeyd etdiyimiz kimi, bərabərlik vətəndaşların demokratik cəmiyyətdə hüquqi statusunun təməlini yaradır. Bu gün ölkədə demokratik cəmiyyətin yaranmasına bu cür əngəllər var. Mətbuatda işdən çıxarılmazdan əvvəl nazirlər haqda, məmurlar barədə olduqca əhatəli, geniş, faktlarla zəngin materiallar tirajlanır. Məmur vəzifədən çıxarılır, ətrafı həbs edilir, özünə isə toxunmurlar. Halbuki ilk həbs edilən məhz nazirin özü olmalıdır. Tutaq ki, Eldar Mahmudov uzun illər MTN-də baş verən cinayətlərdən xəbərsiz olub. Əlbəttə, bu gülməlidir, amma düşünək ki, məhz belə olub. Bu halda Eldar Mahmudovun məsuliyyəti daha artıqdır. Əbülfəs Qarayevin də, Elmar Məmmədyarovun da, Əli Abbasovun da onlara etibar olunan sahələrdə baş verən cinayətlərə görə birbaşa məsuliyyətləri var. İstintaqın yarımçıqlığı da əlbəttə ki, istintaq orqanına, məhkəmələrə inamı sarsıdır. Vətəndaşların qanun qarşısında bərabərliyinin cinayət hüququ prinsipi vətəndaşların ancaq formal hüquqi bərabərliyini nəzərdə tutur. Məsələnin hüquqi istiqamətinin mahiyyəti törədilən cinayətə görə qanunla müəyyən edilən cəzanın növü və həddi-hüdudunda şəxslərin bərabər cavabdehliyini təmin etməkdən ibarətdir. Eyni cinayəti törədən bütün şəxslər üçün qanunun eyni norması ilə məsuliyyət yaranır. Konstitusiyanın 25-ci maddəsinin göstərişinə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikası CM-nin 154-cü maddəsində bərabərlik hüququnu pozmaya görə cinayət məsuliyyəti müəyyən edilib. Bundan əlavə, CM-nin 283-cü maddəsində milli, irqi və dini düşmənçiliyin salınmasına görə, 167-ci maddəsində dini ayinləri icra etməyə mane olma və s. əməllərə görə məsuliyyət müəyyən edən normalar formulə edilərkən cinayət hüququnda təsbit olunmuş qanun qarşısında bərabərlik prinsipinin tələbləri nəzərə alınıb”.