Azərbaycanda tender biabırçılığı: Hərbi hissənin adı açıq şəkildə göstərildi

12:47 01-09-2021 324

Dövlət satınalmalarının vahid elektron portalında ciddi səhvə yol verilib.

Portalda hərbi hissələrdən birinin keçirdiyi satınalma müsabiqəsinin nəticəsi dərc edilib. Portalda hərbi hissənin nömrəsi qeyd edilməklə məxfilik pozulub.

Hərbi ekspert Ramil Məmmədli Qaynarinfo.az-a bildirib ki, bu ciddi səhvdir və dərhal düzəldilməlidir.

“Hərbi təyinatlı obyektlərin yerləşdiyi məkan, onların adı və bütün hərbi hissələrin nömrəsinin ictimaiyyətə təqdim edilməsi Müdafiə Nazirliyinin daxili nizamnaməsi ilə qadağandır. Eyni zamanda bu, məxfiliyin qorunması ilə bağlı təlimatlara ziddir.

Məlumat üçün deyim ki, bütün dövlət qurumları məxfi hesab edilən sənədlərin, strukturların adını, nömrəsini açıq şəkildə bəyan etməmələri barədə öhdəlik götürüblər. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin tabeliyində olan hərbi hissələr “N” saylı hərbi hissə kimi qeyd edilməlidir. Onların nömrəsini qeyd etmək qətiyyən olmaz”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlamağa cəhd etsək də, cəhdlərimiz nəticəsiz qaldı.