FATİHƏ SURƏSİNİN MESAJLARI

14:09 01-09-2021 198

(əvvəli ötən sayımızda)

 

  1. Fatihə surəsinin anlamı
  2. “İSİM” SÖZÜ

“Bismillah-ir Rəhman-ir Rəhim” ayəsində “isim” sözü var. “İsim” sözü ərəbcədir, “sin-mim-vav” kökündəndir. Qurani-Kərimdə eyni kökdən olan sözlər üç yüz səksən bir yerdə işlədilmiş, bu mənaları yüklənmişdir:

  1. a) “adlandırmaq”: “O, öncəki (keçmiş kitablarda) və bu kitabda (Qurani-Kərimdə) sizə müsəlman adını verdi”. (Həcc, 22/78)
  2. b) “müəyyən edilmiş”: “Sizi bir çamurdan yaradan, sonra ölüm zamanını təqdir edən ancaq Odur. Bir də Onun yanında bəlli olan bir əcəl (qiyamət günü) var. Siz hələ şübhə edirsiniz”. (Ənam, 6/2)
  3. c) “göy” (“səma”): “Rəbbiniz Allah göyləri və yeri altı mərhələdə yaratdı” (Əraf, 7/54).

Qurani-Kərimdə “əs-səma”, “əs-səmavat” kəlmələri üç yüz on dəfə işlədilmişdir, “göy”, “göylər” anlamlarını daşıyır. “Sin-mim-vav” kökündən olan bu sözlərdə “yüksəklik”, “ucalıq” mənaları var. Bir şeyin səması (göyü) onun ən uca yeridir.

  1. “ALLAH” SÖZÜ

“Bismillah-ir Rəhman-ir Rəhim” ayəsində “Allah” sözü var. Allah qulluq edilməyə layiq tək İlahdır. “Allah” sözü xas isimdir, ancaq Ona aiddir, istər həqiqi, istərsə də məcazi mənada olsun, bir başqa varlığa verilməz, təkdir, cəmlənməz, tərcümə edilməz. Azərbaycan türkcəsindəki “Tanrı”, ingiliscədəki “God”, ruscadakı “Boq”, farscadakı “Xuda”... kəlmələri “Allah” sözünün deyil, “İlah” sözünün qarşılığıdır.

Allahın doxsan doqquz adı (sifəti) var, bu sifətlər Allah adını izah edir, Allah kimdir sualına cavab verir. Allah adı bu doxsan doqquz sifətin mənalarını Özündə toplayır. Bütün adlar Allah xas isminin sifətləridir. Allah adı təyin olunan, doxsan doqquz sifət təyindir: Rəhman Allahdır (Allahu Rəhmanun), Rəhim Allahdır (Allahu Rəhimun), Kərim Allahdır (Allahu Kərimun)...

“Allah” xas isminin mənası (etimologiyası) ilə bağlı otuza yaxın görüş var. Bu görüşləri iki maddədə təsnif etmək olar:

  1. a) “Allah” xas ismi hər hansı bir kökdən törəməmişdir;
  2. b) “Allah” xas ismi ərəb dilinin bütün sözləri kimi törədilmiş addır;

Alimlərin çoxu ikinci görüşü doğru sayır. Onlar deyirlər ki, “Ərəb dili Sami dil ailəsinə mənsubdur, “Allah” sözü ərəbcədir, ərəbcə olan sözlərə aid qaydalar bu ada da şamildir, yəni “Allah” sözünün də törədildiyi bir kök var. O, “İlah” adının (sifətinin) “əl” müəyyənlik artiklı ilə işlənmiş formasıdır. Əl-İlah mütləq İlahdır, zaman keçdikcə əl-İlah sözü Allah kimi tələffüz edilmişdir. Bu adın törədildiyi kök hərflər “ə-l-h”dır. “Ələhə” sözü “məbud bildi”, “qulluğunu Ona aid etdi”, “ibadət etdi” anlamlarını daşıyır.

“Allah” xas adının lüğəvi mənasına aid bütün kəlmələrin ortaq bir anlamı var: sevgi.

Qurani-Kərim uca Allahı tanıdarkən iki yol seçir: nəfy və isbat. Nəfy – “heç bir şey Onun kimi deyildir”, öncə hər şey Ona bənzəməkdən uzaq tutulur, sonra Onun bənzərsizliyi isbat edilir.

İnsan sınırlı varlıqdır, onun ağlı da sınırlıdır, bu sınırlı ağıl sınırsız olan Allahın zatını qavraya bilməz. İnsanın uca Allahı tanıması üçün O, vasitələr nazil etmişdir:

  1. a) Əsma-i hüsna (gözəl adlar) – uca Allahın doxsan doqquz adı var, hər biri Allah kimdir sualına cavab verir. İnsan bu adların mənalarını qavrayaraq Allahı doğru tanıya bilər;
  2. b) kainat ayələri – yaradılan hər varlıq bir ayədir, onu yaradanı tanıdır. İnsan bu ayələrə qoyulmuş elmi öyrənərək Allahı doğru tanıya bilər;
  3. c) Qurani-Kərim – uca Allahı doğru tanıdan ən mötəbər qaynaqdır, O, kəlamullahdır, bütün ayələri Allahı tanıdır deyə bilərik. Qurani-Kərimin birbaşa uca Allahı tanıdan ayələri var, bu ayələr kitabın zirvə ayələridir;
  4. d) Allahın elçiləri – Onların vəzifəsi insanların düşüncəsində doğru Allah təsəvvürü formalaşdırmaqdır;

Qurani-Kərimdən çıxış edərək uca Allah kimdir sualına ümumi şəkildə belə cavab vermək olar:

- varlığı Özündəndir, var olmaq üçün bir başqa varlığa möhtac deyildir;

- bütün mükəmməllik Ona aiddir;

- bütün nöqsan sifətlərdən uzaqdır;

- mütləq varlıqdır;

- həmd ancaq Onadır;

- O, bir tək İlahdır;

- O, doğurtmamışdır;

- O, kimdənsə (nədənsə) doğulmamışdır;

- O, ehtiyacsızdır;

- O, təkdir, tək olmaq Onun haqqıdır;

- heç bir şey Onun bənzəri deyildir;

- O, özündə və işində mərhəmətlidir;

- varlığın mütləq hakimidir;

- mülkün gerçək sahibidir;

- ölümü və həyatı yaradan Odur;

- hüzurun qaynağıdır;

- güvən və iman verəndir;

- mütləq diridir, ölümsüzdür;

- göylərin və yerin nurudur;

- hər varlıq Ona möhtacdır;

- qullarına zülm etmək ehtimalı yoxdur;

- hər şeyi bilir, eşidir, görür;

- Allah özünü tanıtdığı kimidir;

- Allah quluna yetər;

- şərəf və etibarın qaynağı Allahdır;

- hər şey Allahın dilədiyi kimi olacaq;

- Allah hər kəsdən hesab soruşacaq;

- heç kim və heç nə insana Allahdan daha sevimli olmamalıdır;

Uca Allah buyurur: “De: Sizə bir tək öyüdüm var. İstər tək olun, istərsə də başqaları ilə birlikdə olun, əsla Allahın hüzurunda olduğunuzu unutmayın”. (Səbə, 34/46)

“Allah” sözü lafza-i cəlaldır (lafzatullah), hansı hərfini atsan, söz yenə Allah anlamını verir: Allah, Lillah, İlah, Ləhu, Hu.

“Allah” sözü sifət deyil, isimdir.

  1. ƏR-RƏHMAN ADI

Bismillah-ir Rəhman-ir Rəhim ayəsində “Rəhman” sözü var. O, ər-Rəhman olan Allahdır, rəhmətin sonsuz qaynağıdır, sınırsız rəhmət sahibi olandır, mütləq rəhmətin mənbəyidir. Ər-Rəhman xas sifətdir, sadəcə uca Allaha aiddir, cəmlənməz, Qurani-Kərimdə ancaq Allaha nisbət edilmişdir.

Ər-Rəhman və ər-Rəhim adlarının ikisi də rəhmət kökündən törəsə də, aralarında məna fərqi var. Bu fərqləri dəyərli islam alimi Mustafa İslamoğlu belə sıralamışdır:

- ər-Rəhman davamlılıq və dəyişməzlik bildirir;

- ər-Rəhim dəyişimi ifadə edir;

- ər-Rəhman uca Allahın zatına aid sifətdir;

- ər-Rəhim uca Allahın feilinə aid sifətdir;

- ər-Rəhman rəhmət edənə aiddir;

- ər-Rəhim rəhmət edilənə aiddir;

- ər-Rəhman zata, ər-Rəhim feilə baxır;

- ər-Rəhmanın məna tutumu daha böyükdür;

- ər-Rəhman uca Allahın adının yerinə işlənə bilən tək sifətdir, ona görə də xas sifətdir;

- Qurani-Kərimdə ər-Rəhman sifəti çox zaman isim kimi işlədilir;

- ər-Rəhim isə hər zaman sifət kimi işlədilir, iki yer istisna işləndiyi hər məqamda uca Allaha aid olur;

- Rəhman adı hər zaman “əl” müəyyənlik artiklı ilə işlənir: ər-Rəhman;

- Rəhim sifəti isə “əl” artiklı olmadan da işlənir: ər-Rəhim, Rəhim;

- Qurani-Kərimdə ər-Rəhman adı uca Allahdan başqa, heç bir varlığa aid edilməmişdir;

- ər-Rəhim sifəti isə Allah Rəsuluna da aid edilmişdir; (Tövbə, 9/128)

- ər-Rəhman adı cümlə içində feil kimi işlənməz;

- ər-Rəhim sifəti isə cümlə içində feil kimi də işlənər;

- ər-Rəhman adı ümumi, ər-Rəhim adı özəldir;

- Rəhman adını insanlara vermək olmaz, Rəhim adını isə vermək olar;

- uca Allah dünyada örtdüyü günahlardan dolayı ər-Rəhman, axirətdə bağışladığı günahlardan ötrü də ər-Rəhimdir;

- ər-Rəhman öyrədəndir, ər-Rəhim öyrədilən şeyi öyrənənə mükafat olaraq verəndir;

- ər-Rəhman cəhənnəmdən qurtaran, ər-Rəhim cənnəti qazandırandır; (Mustafa İslamoğlu, Kurana göre esma-i hüsna, I cild, İstanbul, 2011, s. 263-265)

İrfan əhli uca Allahın ər-Rəhman və ər-Rəhim adlarını belə mənalandırmışdır: ər-Rəhman ehtiyac əhlinin, ər-Rəhim iftixar əhlinin zikridir, yəni uca Allahın cəlalına, əzəmətinə şahid olan öz kiçikliyini dərk edib təlaşa düşər, özünü itirər, o an “ya Rəhman!” deyər. Uca Allahın camalının saysız təcəllilərinə, ehsanına, böyüklüyünə şahid olanda da iftixar edər, sevincə boğular, bu sevincin şiddəti ilə “ya Rəhim!” deyər.

Abdullah Mübarək deyir ki, ər-Rəhman istəyən kimsəyə verəndir. Ər-Rəhim isə: “Niyə Məndən istəmədi?” – deyərək istəməyənə qəzəblənəndir.

Haris əl-Müsahibi deyir ki, ər-Rəhman bəlaları dəf edən, eyibləri örtəndir. Ər-Rəhim isə qəlbləri nurlandıran, insanın mənəvi dünyasını zülmətlərdən işığa çıxarandır.

Uca Allah buyurur ki, rəhmətim hər şeyi əhatə etmişdir, (Əraf, 7/156) O, öz nəfsinə rəhməti yazmışdır, (Ənam, 6/12) unutmayın ki, Rəbbiniz O Rəhman olandır (Taha, 20/90), Onu (Qurani-Kərimi) Rəhman və Rəhim olan endirmişdir (Fussilət, 41/2), O, Rəhmandır. Quranı O öyrətdi. İnsanı O yaratdı. İnsana özünü ifadə etməyi O öyrətdi, Günəşi və Ayı mükəmməl bir hesabla yörüngələrində hərəkət etdirən də Odur. Ulduzlar və ağaclar (Onun əmrinə) boyun əyərlər... (Rəhman, 55/1-6)

Qurani-Kərimdə ər-Rəhman adının ən çox işləndiyi yer Məryəm surəsidir, bu surədə ər-Rəhman adından on altı dəfə istifadə edilmişdir. Surədə uca Allahın elçilərindən danışılır, ər-Rəhman olan Allah onlara yardım edir.

Bu surədə tövhid inancını təmsil edən hz. İbrahim şirkin təmsilçisi olan atasına deyir ki, şeytana deyil, Rəhmana qulluq et (Məryəm, 19/44-45), o, qövmü ilə, atəşlə, xanımı ilə, övladı ilə sınanır, ər-Rəhman olana sığınır, təslim olur, uca Allah da Onu rəhməti ilə qoruyur.

Bu surədə övladsızlıqla sınanan hz. Zəkəriyyəyə ər-Rəhman olan Allah müjdə verir.

Bu surədə hz. Məryəmə müjdə verilir. Bu surədə hz. Məryəm ona müjdə üçün gələn mələkdən ər-Rəhmana sığınır (Məryəm, 19/18), çünki O, mütləq rəhmətin qaynağıdır, mələk də Onun rəhmətinin əlamətidir, Onun rəhmətini Məryəmə çatdırmaq üçün gəlmişdir. Məryəm orucunu ər-Rəhmana həsr etmişdir (Məryəm, 19/26).

Məryəm surəsində uca Allah buyurur ki, elçilər ər-Rəhmanın ayələri oxunanda səcdəyə qapanırlar (Məryəm, 19/58), surə deyir ki, cənnəti vəd edən Rəhmandır (Məryəm, 19/61), O, Rəhmana üsyan edənləri cəhənnəmdə toplayacaq (Məryəm, 19/69), yolunu azana möhlət verən Rəhmandır (Məryəm, 19/75), təqva sahibləri Rəhmanın hüzurunda dəyərli qonaqlar kimi qarşılanacaqlar (Məryəm, 19/85), hesab günündə Rəhman ilə bağladığı iman sözləşməsinə sadiq qalanlardan başqa, kimsə şəfaətə nail olmayacaq (Məryəm, 19/87).

Məryəm surəsində uca Allah buyurur ki, Rəhmanın övladının olduğunun iddia edənlər var (Məryəm, 19/88), bu o qədər ağır bir iftiradır ki, “sanki göylər paramparça olacaq, yer yarılacaq, dağlar toz-duman olacaqdı” (Məryəm, 19/90), Rəhmanın oğlu var demək nə çirkin bir iddiadır (Məryəm, 19/91), Rəhmanın oğlunun olması mümkün iş deyil ki (Məryəm, 19/92), mütləq olan bir şey var, sonda hər kəs Rəhmanın hüzurunda toplanacaq. (Məryəm, 19/93)

Məryəm surəsi bu mesajlarla bitir: sevgini var edən Rəhmandır, “iman edən və saleh əməlləri olanlar üçün Rəhman özəl bir sevgi var edəcək”, (Məryəm, 19/96) yəni mərhəməti sevgisinin meyvəsidir...

Ardı var...

 Siracəddin Hacı