Səməndər Vətənini canından artıq sevirdi

16:13 01-09-2021 423

Səməndər Vahid oğlu İsgəndərov Vətən torpaqları uğrunda sinəsini düşmən gülləsinə sipər edəndə ömrünün 24-cü baharını yaşayırdı. Bu gənc yaşında onun ölümü millətinə başucalığı oldu. Səməndər lap uşaqlıqdan ürəkdən doğma Azərbaycanına bağlanmışdı. Məqamı gələndə onun yolunda canından keçməyi böyük şərəf bilirdi və bunu özünə həyat amalı seçmişdi. İkinci Qarabağ müharibəsində arzusuna qovuşmaqla milyonların qəlbinə köç edən Səməndər əbədiyaşar bir ömür qazandı. Dövlət də öz Vətən məhəbbətli qəhrəman oğlunu “Vətən uğrunda” medalı ilə təltif etdi.

Doğma Masallı rayonunun Sərçuvar kəndində mehriban, yüksək əxlaqi keyfiyyətləri ilə el-obanın dərin hörmətini qazanan Səməndər İsgəndərov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Qaynar bölgədə əsgəri borcunu vicdanla yerinə yetirir. Vətənə bağlılığı, torpağa sevgisi burada da ona böyük hörmət gətirir.

Əsgərlikdən sonra gözəl həyat naminə təmiz, ulu duyğularla yaşayan Səməndərin Vətənimizə xəyanət edən erməni dığalarına nifrəti azalmır. Yağı düşməndən qisas alacağı günə həmişə hazır durur. Odur ki, 27 sentyabrda Vətən müharibəsi başlanan günü könüllü olaraq silaha sarılıb torpaq naminə düşmənlə savaşa qalxır. Ağır bir döyüş yolu keçən igid əsgər bir qayda olaraq şəxsi rəşadət və şücaət göstərməklə düşmənin çoxlu sayda canlı qüvvəsini, texnikasını məhv edir. Vətənin müqəddəsliyinə tapınmaqla azad olunan hər qarış torpaq uğrunda sözün əsl mənasında can qoyur. Həm də neçə-neçə döyüşdə yaralı çiyin yoldaşlarını mühasirədən çıxarıb onları ikinci dəfə həyata qaytarır. Bir sözlə, Vətənə məhəbbət, sədaqət ruhu Səməndəri yalnız qələbəyə doğru aparırdı. Ağır müharibə meydanlarında onun mərdliyi, qorxmazlığı əsgər yoldaşlarına da qol-qanad verirdi. Təəssüf ki, Vətən sevdalı igid Şuşa döyüşlərində düşmən gülləsindən xilas ola bilmir. Cavan ömrünü torpağa verməklə bu dünyadan getsə də, xalqına, millətinə yadigar qoyduğu əzəldən sevdalandığı Vətən boyda bir məhəbbəti olur.. .

 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü