Əbədiyaşar dinimiz ...

16:16 01-09-2021 459

Ona tapınmaq hissi bitib-tükənməz...

 Əsrlərin sınağından keçərək bugünümüzə qədər gəlib çatan mənəvi dəyərlərimizdən biri də dinimizdir. O dinimiz ki, bu gün dünyanın əksər inkişaf etmiş, sivilizasiyalı sayılan ölkəsinin istər idmançısı, aktyoru, istərsə də yazıçısı, yaxud, sıravi şəxsi onu seçir. Və məhz İslam dinini qəbul edir, özünü müsəlman kimi hiss etməkdən qürur duyur.

Bu, dinin incəliklərinə qədər bilən, onun mahiyyətini anlayanlar üçün ən böyük mükafatdır. Çünki dinimizin mahiyyəti də insanlığa hörmətdə, humanizmdə, bir sözlə, insan faktorunun ən ali dəyərlər səviyyəsində tutulmasındadır. İnsan dediyimiz də adına uyğun mahiyyət sahibidirsə, dininə-imanına sahib çıxır, əsrlərin sınağından keçərək bugünümüzə qədər gəlib çıxan dəyərləri gələcəyə, insanlığa ötürür...

Bu mövzunu yazarkən, olub-keçmiş bir hadisəni xatırladım. Deməli, 12 yaşımda olarkən məni Krıma, “Artek” pioner düşərgəsinə göndərmişdilər. Yay düşərgə həyatının sonunda Bakıya qayıtmalı olduq. Amma qayıdışımız valideynlərimizə deyilən tarixdə deyil, ondan bir gün əvvəl baş tutdu. Pioner düşərgəsinə qastrola gələn “Cücələrim” ansamblının qəfil biz qayıdacağımız günə konsert proqramı təyin edildiyindən, yerdəyişmə oldu və bizimlə onların təyyarə uçuş vaxtını dəyişdilər. Valideynlərimiz təbii ki, bizi sabaha gözlədiyindən, aeroportda qarşılama mərasimi olmadı. Azərbaycanın hər yerindən düşərgəyə getmiş uşaqları komsomolun o vaxtkı “Baksovet”də yerləşən binasına gətirdilər və valideynlərlə əlaqə saxlamağa başladılar. Hamımızı bir-bir gəlib aparana qədər həmin binada qalmalı olduq. Bizim uşaq olduğumuzu görən idarə əməkdaşları arxayınlıqla danışırdılar. Söhbət də bilirsiniz nədən gedirdi? İşçinin biri digərinə deyirdi ki, çıxıb axrıncı mərtəbədə namazımı qıldım, orda heç kim yoxdu, sən də get qıl. Bunun nə demək olduğunu dəqiq anlamasaq da, idarə əməkdaşlarının başqa qapılara baxaraq ehtiyatla danışığından həyəcana düşməyimiz təbii idi. Çünki biz sovet uşaqları idik. Kitabımızda, təhsilimizdə, evimizdə, ətrafımızda İslam dinindən bəhs edən, namaz qılan, oruc tutan yox idi. Başqa sözlə, imanı olsa da, dini bilikləri zəif, bəlkə də yox dərəcəsində olan bir mühitin yetirmələri idik.

O vaxtdan neçə onillik keçib. Çox sular axıb, durulub. Zamanla dinimizə aparan yola çıxdıq. Müsəlman adlansaq da, müsəlman olmaq üçün dinimizə aid bütün mərhələlərdən keçməklə, ayinlərlə, rituallarla tanış olduq. Müsəlmana vacib olan əməlləri öyrəndik, onların həyatımızın ən vazkeçilməzi olduğunu anladıq. İslamı olduğu kimi, əsl mahiyyətinə uyğun, sevərək tanıdıq. Və ona tapındıq...

Buna qədər olanlar isə o illərin uşaqları, gəncləri, yaşlıları üçün bəlkə də bağışlana bilər. Çünki ən azından, sovet ideologiyasının tüğyan etdiyi bir dövrün, zəmanənin adamları idik. Dindən bəhs etmək, ondan danışmaq, onun rituallarına əməl etmək qadağan idi. Ateist olmasaq da, dindar da, dini bilgili də deyildik. Amma Yaradana şükür, bu yol çox uzun çəkmədi...

Uzun, çox uzun çəkən yoldan isə dinimizin daşıyıcıları, onu bugünə qədər gətirib çıxaranlar keçir, yaşayır, yaşadırlar. Elə içində olduğumuz ayın mahiyyətindən dolayı, dinimizin təəssübkeşlərinin hansı yolda şəhid olması da buna əyani sübutdur. Bu məqamda məhərrəm ayında nələrin olar-olmazlarını müzakirə etməkdən çox uzağam. Dinimi tanıyandan, ona tapınandan sonra fəxr edəsi bir məqam varsa, o da İslamla tanışlığım, bu yolda yürüyənlərlə bir cərgədə olmaqdan duyduğum qürur hissidir. Dini söhbətləri, ritualları, ondan bəhs etməyi gerilik kimi qavrayanlardan fərqli olanların sırasında dayanmaq, sanıram, dünyanın ən irəliyə atılan addımı, insanlığın xilası, sadəcə, insan olmağın mənasıdır.

Hazırda yaşadığımız ayın əsrlərdir bugünə qədər yol almasının sirri də budur...

Sirri-xudanın məsləhətinə, dinimizin mahiyyətinə, insanlığın adına əməl etməyi vacib bilənlərin şükranlığıyla yazını bitirirəm. Dinimizdən bəhs etmək, onu sevmək, ona tapınmaq hissi bitib-tükənməz olsa da...

Nigar Orucova