Fəaliyyətsiz, yoxsa səlahiyyətsiz bələdiyyələr

16:18 01-09-2021 792

Onlara daha çox müstəqillik lazımdır

 Artıq neçə illərdir ki, bələdiyyələr mövzusu gündəmdən çıxmır. Buna əsas səbəb, bələdiyyələrin fəaliyyətsizliyidir. Bəs nə üçün, bələdiyyələr belə zəif fəaliyyət göstərirlər? Əsas məsələ odur ki, bu qurumlar seçkili orqanlar adlandırılsalar da, seçiciləri qaprşısında heç bir məsuliyyət daşımırlar. Bunun da əsas səbəbi, həmin bələdiyyə qurumlarının seçicilər tərəfindən yox, yuxarı icra qurumları tərəfindən formalaşdırılmasıdır. Məhz bu səbəbdən də, bələdiyyələr seçicilərin yox, onları həmin vəzifəyə "təyin" edən instansiyaların qarşısında hesabat verirlər. Bu səbəbdən də onların maliyyə imkanları çox aşağı səviyyədə olur. Həmin icra strukturları bələdiyyələrə sərbəst pul qazanmaq imkanı vermir. Eyni zamanda, bələdiyyələrin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif təkliflər irəli sürürlər. Lakin sonradan məlum olur ki, təklifdə qeyd olunan məsələləri yerli icra strukturları yerinə yetirir və maliyyə də onlara gedir. Bələdiyyələr isə əsasən icra strukturlarının tapşırıqlarını yerinə yetirməklə məşğuldurlar. Yəni, əslində işi bələdiyyələr görür, ad isə icra hakimiyyətlərinin olur. Belə çıxır ki, əslində seçkili qurum olan və vətəndaşlar tərəfindən seçilərək formalaşdırılan bələdiyyələr, icra strukturlarının köməkçiləri rolunda çıxış edir. Maraqlıdır ki, dünyada bələdiyyələrin mövcud olduğu heç bir yerdə, icra hakimiyyəti adında qurumlar mövcud deyil.

Bizdə deyək ki, Böyük Şəhər Bələdiyyəsi anlayışı mövcud deyil, həmin funksiyanı Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir. Yaxşı, bəs onda Bakıda mövcud olan digər rayon icra hakimiyyətləri, qəsəbə, kənd, bələdiyyələri olduğu halda, qəsəbə, kənd icra nümayəndəlikləri kimə və nəyə lazımdır? Bu biri-birini təkrarlayan qurumlar, hansı işləri görür. Burada bir maraqlı məqamı da diqqətinizə çatdırım. Rayon icra hakimiyyətlərinin tapşırıqlarını yerinə yetirməkdən başqa heç bir səlahiyyətləri olmayan bu qurumların rəhbərlərini heç vaxt iş başında tapmaq mümkün olmur. Qurumların ofislərində oturan xanımlar isə ancaq bir cumləni əzbərdən bilirlər: "Sədir ərazidədir, nə vaxt gələcək bilmirəm". Buna fəaliyyətsizlikdən başqa heç bir ad vermək mümkün deyil. Bugünlərdə isə bu fəaliyyətsiz bələdiyyələrin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yeni təklif irəli sürülüb. Əhalidən alınan kommunal xərclərin müəyyən hissəsi bələdiyyələrə verilsin. Niyə, nə üçün?

Onsuzda ölkəmizin kommunal sistemi bərbad vəziyyətdədir. Qaz, işıq, su, kanaltzasiya, istilik -təhcizat qurumlarının rəhbərləri əhalidən pul yığmaqdan başqa heç bir iş görmürlər. Mən hələ onların hər il dövlət büdcəsindən dotasiya adı ilə aldıqları milyonlardan danışmıram. Son 10 ildə kommunal xərclər əhali üçün ən azından 5 dəfə artsa da, bu sahədə heç 5 qəpiklik belə, müsbət dəyişiklik gözə dəymir. İndi guya bu qurumlardan 5-10 manat alıb, bələdiyyələrə verməklə nə dəyişəcək? Heç nə!

Son bir ilin müşahidələrinə əsaslanaraq deyə bilərəm ki, bələdiyyələrin səmərəli fəaliyyəti üçün onları rayon, qəsəbə, kənd icra nümayəndəliklərinin (onlar, ümumiyyətlə ləğv olunmalıdırlar) əsarətindən qurtarmaq lazımdır. Bələdiyyələrə sərbəst fəaliyyət imkanları yaradılmalı, icra strukturları isə (bu o qədər vacibdirsə) onlara heç bir göstəriş vermədən, ancaq ümumi nəzarəti həyata keçirə bilərlər. Əslində, bütün icra strukturları ləğv olunmalı və Böyük Şəhər bələdiyyələri yaradılmalı, digərləri isə onların qarşısında, ən əsası seçicilər qarşısında hesabat verməlidirlər. Bələdiyyələr fəaliyyət göstərdikləri ərazidə əsas söz sahibi olmalıdırlar. Eyni zamanda, öz ərazisində baş verən bütün mənfi və musbət işlərə də cavab verməlidirlər. Belə olduğu təqdirdə, bələdiyyələr sahibi olduqları ərazilərdə pul qazanmağın yollarını da tapacaqlar. Bunun üçün mükəmməl dünya və Türkiyə təcrübəsi də var.

Məsələn, bu gün icra strukturları bələdiyyə torpaqlarını sataraq, ata mal-mirası kimi ciblərinə doldurduqları pullara bələdiyyə uşaq bağçaları, məktəblər, tibb məntəqələri aça, burada da xidmətləri digər özəl və dövdət müəssisələrindən xeydi aşağı qiymətlərə təqdim edə bilər. Dünyanın bir çox yerlərində bələdiyyə taksiləri, avtobusları fəaliyyət göstərir. Nə üçün Azərbaycanda bələdiyyələrə imkan vermirlər ki, öz işlərini özləri görsünlər?

Məsələn, Abşeron rayonunun Masazır kənd bələdiyyəsinin ərazisində kimlərsə, məişət tullatılarının yığılmasını təşkil edir və heç də az pul qazanmır. Bunu məgər, bələdiyyələr təşkil edə bilməz? İkincisi, qəsəbənin A.Vahid küçəsində ən azından 3-5 özəl uşaq bağçası var, qiymətlər də, "ceyran belində" Bələdiyyələr bu məsələni öz üzərinə götürüb, pul qazana bilməz? Bilər, amma imkan vermirlər, çünki həmin özəl bağçaların hər birinin arxasında bir məmur durur. Bağça rəhbərliyi də həmin məmurların "haqqını" da insanların cibindən çıxarır. Uzun-uzadı danışmağın bir mənası olmadığından bir neçə təklif verməklə yazıya nöqtə qoyuram. Bələdiyyələrin səmərəli fəaliyyəti üçün lazım olanlar:

-Bələdiyyələrin yerli özünü idarəetmə orqanı kimi, seçkilərin şəffaf keçirilməsi yolu ilə formalaşdırılması.

-Bütün icra strukturlarının bələdiyyədərə ikinci dərəcəli qurumlar kimi baxılmasına son qoyulması.

-Bələdiyyələrə öz ərazisinin sahibi statusunu verməklə, orada baş verən bütün məsələlərə görə məsuliyyət yükünü təyin etmək.

Bütün bunlar baş vermədikcə, Azərbaycan bələdiyyələri icra hakimiyyətlərinin "5-ci təkəri" funksiyasını yerinə yetirməkdə davam edəcək.

 P.S. Söhbət təkcə Abşeron rayonunun Masazır bələdiyyəsindən getmir, onun adını bir nümunə kimi çəkdim. Ölkəmizin bütün bölgələrində bələdiyyələr eyni vəziyyətdədir. Bu sistemi kökündən dəyişmək lazımdır.

Paralel.az