Biz Minsk qrupunu yenidən dircəldirik?

16:47 01-09-2021 495

Zərdüşt Əlizadə: "Bu görüş Minsk qrupunun dirçəlməsinə deyil, "ölməsinə" xidmət edir"

Paralel az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.
Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.
Burada bir anlaşılmazlıq açıq şəkildə özünü biruzə verir - bir tərəfdən prezident Minsk qrupunun fəaliyyətinə ehtiyac duyulmadığını deyir, digər tərəfdən isə xarici işlər naziri Minsk qrupunun həmsədrlərindən biri ilə görüşüb Ermənistanla münasibətləri müzakirə edir. Məsələyə aydınlıq gətirmək üçün politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. Politoloq bildirdi ki, Ceyhun Bayramov Minsk qrupunun Rusiyadan olan həmsədri ilə, yəni Azərbaycanın müttəfiqi olan ölkənin nümayəndəsi ilə görüşüb, bu normaldır: "Biz onsuz da münaqişənin həllinin bütün mərhələlərində Rusiya ilə koordinasiyasılı hərəkət etmisık. Bu yaxşıdı, yoxsa pisdi, o artıq başqa söhbətin mövzusudur. Rusiyalı həmsədr bununla göstərir ki, mən gəlib görüşürəm, müzakirə aparıram, amma digər həmsədrlərə (ABŞ və Fransa) Azərbaycan ehtiyac duymur. Bu görüş Minsk qrupunun dirçəlməsinə deyil, "ölməsinə" xidmət edir. Biz bu gün ATƏT-ə bir məktub yaza bilərik ki, siz uzun müddət bizim üçün əziyyət çəkdiniz, sağ olun, artıq sizin missiyanıza bizim ehtiyacımız yoxdur. Lakin bu addım Azərbaycana düşmən qazandıra bilər. Biri var vurub öldürənsən, biri də var ki, öz-özünə ölə. Yaxşısı budu ki, biz onların xidmətinə müraciət etməyək və bununla da Minisk qrupu zaman axarında "ölüb" sıradan çıxa.  Yəni bu görüşün Minalı qrupunun dirçəlməsinə heç bir köməyi yoxdur".
Akif Nəsirli