“Elnur” aptekə qanunsuz dərman satışı ittihamı – Aptekin sahibi saxta dərman satdığına görə həbsdə olub

23:27 01-09-2021 369

Jurnalist Anar Məmmədov öz sosial şəbəkə hesabında Bakının “Azadlıq” prospektində dərmanların topdansatış məntəqəsi kimi tanınan “Elnur” adlı aptek-depo ilə bağlı maraqlı iddia ilə çıxış edib.

Jurnalist Daxili İşlər Nazirliyinə xitabən yazıb ki, həmin aptek-depo satışına respepsiz icazə verilməyən dərmanların fırıldaq yolu ilə satışını təşkil edir.

Azinforum.az jurnalistin statusunu olduğu kimi təqdim edir:

“Daxili İşlər Nazirliyinin diqqətinə!

Bakıda apteklər öz cinayət əməllərini həkimlər və xəstələri aldatmaqla sığortalayır.

Bir neçə gün əvvəl, reseptsiz satışı qadağan edilmiş “Alyse” həbini almaq üçün “Azadlıq” prospektindəki “Elnur” aptekinə getmişdim.

Nervpotoloqun xəstə üçün 2 ay müddətinə təyin etdiyi həmin dərmanı aptekçilər bilərəkdən az verdi. Reseptdə 2 aylıq göstərilsə də, 1 aylıq verməklə özləri üçün 4 qutu dərmanın qeyri-qanuni satışını mənim reseptimlə qanuniləşdirdilər.

Aptekdə olarkən inadla onlara “Alyse” dərmanını 2 aylıq verməsini tələb etsəm də, məni qutu sayı ilə aldatdılar və resepti özlərində saxladılar.

DİN-dən xahiş edirəm, bütün apteklərin belə “incə” cinayətləri araşdırıb tədbir görsün. Konkret yazdığım faktla bağlı isə polisə kömək etməyə hazıram…

Xatırladım ki, “Alyse”, “Lirika” dərmanı ilə oxşar tərkibə malikdir…”

Azinforum.az sözügedən aptekin Sahibi olan Elnur adlı şəxslə bağlı maraqlı məlumat əldə edib. Adının çəkilməsini istəməyən mənbə Elnurun əvvələr saxta dərman işinə görə həbs olunduğunu və barəsində ittiham hökmünün çıxarıldığını deyib:

“Elnurun özü Tibb Universitetinin məzunu olub. Səhv etmirəmsə, valideynlərindən hansısa həmin Universitetdə dərs deyib. 2001-ci ildə Elnur bir qrup şəxslə saxta dərman satışı ittihamı ilə həbs edildi.

Həmin dəstə üzvləri dərmanların tərkibini və qutularını saxtalaşdırmaqla məşğul olurmuş. Bir neçə il həbsdə qaldıqdan sonra, Elnur yenidən azdalığa çıxıb elə “Azadlıq” prospektində öz dərman biznesini davam etdirdi. O, hazırda dərman manopoliyasının bir hissəsinə nəzarət edən ən varlı adamlardan biridir”.