Turan Nəbizadənin valideynləri qızlarını ərinin ailəsinin öldürdüyünü deyir

20:46 02-09-2021 261

Baş Prokurorluq avqustun 22-də paytaxtın Xətai rayonunda 31 yaşlı Turan Nəbizadənin yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etməsi barədə məlumat yayıb.

Mərhumun valideynləri “Meydan TV”yə açıqlama verərək, qızlarının ərinin ailəsi tərəfin dən öldürüldüyünü iddia ediblər. T. Nəbizadənin anası Yeganə Aslanova qızının bədənində yüksəklikdən düşmə ilə yaranan xəsarət izlərinin olmadığını deyib. O qızının bədənində qətlə yetirildikdən sonra sürünürək daşınmasını əks etdirən izlər olduğunu və həmin an üzərində olan paltarlarda yüksəklikdən düşmə zamanı yarana biləcək parçalanmalar olmadığını iddia edib: "Mənim balamı öldürüb, sürüyüb aparıb qoyublar oraya".

Y. Aslanova bildirib ki, qızı daha əvvəl ona boşanmaq istədiyini deyib.

Valideynləri bildiriblər ki, T. Nəbizadə ailə həyatı qurduqdan sonra əri Şahin Tağıyevin istəyi ilə qara çadradan istifadə etməyə başlayıb. Onların sözlərinə görə, bundan sonra o, evdə həbs həyatı yaşayıb. Belə ki, ona televizora baxmaq, musiqi dinləmək və pərdələri açıq saxlamaq qadağan edilib. 

Atası Məmmədəli Nəbizadə bildirib ki, qızını zorla niqab taxmağa məcbur etsələr də, o buna icazə verməyib. Valideynlərin sözlərinə görə, 2015-ci ildə bu təzyiqlər nəticəsində T. Nəbizadədə psixoloji problemlər yaranıb.

Mərhumun qayınatası və Dövlət Əmək Müfəttişliyinin sabiq rəisi Rauf Tağıyev də onun psixoloji problemlərinin olduğunu təsdiqləyib: "Ruhi xəstə idi bədbəxt, Allah rəhmət eləsin. Həkimdən qaçaq idi, həkimə getməzdi. O hadisədən 2 gün əvvəl zəng vurdum valideynlərinə, vəziyyətin kritik olduğunu dedim. Kömək istədim, dedim, gəlin. Gəlsəydilər, bəlkə də bu hadisə baş verməzdi".


Məsələ ilə bağlı Xətai rayon prokurorluğundan Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü Nəbizadə Turan Məmmədəli qızının intihar etməsi faktı ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.