Rövşən Əkbərovun vəkilə hücum edən oğlu ölkədən qaçıb?

21:25 03-09-2021 441

"Polis şöbəsi ilə əlaqə saxladım. Rövşən Əkbərovun oğlunun mənə hücum etməsi və xəsarət yetirməyə cəhd etməsi üzrə şikayətimin araşdırılması durumu ilə maraqlandım. Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman 02 sentyabr 2021-ci il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etdiyindən onun dindirilməsi hələ mümkün olmamışdır".

MillətinSəsi.info xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü və General Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edən Elçin Sadıqov özünün feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən iclas zamanı Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona hücum etdiyini bildirib.

Rövşən Əkbərov 20 il əvvəl – 2001-ci ilin iyununda Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilərək, bu il martın 15-də həbs edilib. Vəkil Elçin Sadıqov bu işdə zərərçəkmiş tərəfi təmsil edir. O, mərhum Elçin Əliyevin atası Fəday Əliyevin nümayəndəsidir.

“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində, pilləkənin qarşısında Rövşən Əkbərovun oğlu mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin binasındakı kameraların görüntülərindən əlavə, məndə də sübut var”, - Elçin Sadıqov bildirib.

Vəkil generalın oğlunun cəzalandırılması üçün Prezident İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edib. Elçin Sadıqov ona qarşı hücum faktının xüsusi nəzarətə götürülməsini, Telman Əkbərovun cəzalandırılmasını xahiş edib:

“Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə-qorxu və zorakılıq halları artmaqdadır. Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücum edirlər”.

Vəkilin iddiasına Telman Əkbərovun münasibətini öyrənmək mümkün olmayıb.

Mərhum Elçin Əliyevin atası məhkəmədə təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi olmaqla, 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb.

2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. Elçin Əliyevin valideynlərinin çoxsaylı şikayətlərinə baxmayaraq, Rövşən Əkbərov məsuliyyətə cəlb olunmamışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Rövşən Əkbərov özünü təqsirli bilmir. O, Elçin Əliyevi öldürməsi haqda ittihamda yazılanları “film ssenarisi” adlandırıb.