Keçili kəndinin orta məktəbi yararsız halda olduğundan uşaqlar dərsə getmək istəmir – VİDEO

09:21 04-09-2021 315

Şəmkir rayonunun Keçili kəndinin orta məktəbinin binası yararsız haldadır.  Bu problemdən əziyyət çəkən kənd sakinləri BAKU.TV-yə bildiriblər ki, nə valideynlər uşaqlarını məktəbə göndərmək istəyir, nə də uşaqlar məktəbə getmək fikrindədir.

Kənd dağətəyi ərazidə yerləşdiyindən qış aylarında vəziyyət daha da çətinləşir. Məktəbdə istilik sisteminin olmamasına görə odundan istifadə olunur.

Keçili kəndi Şəmkir rayonun ən böyük beş yaşayış massivindən biridir. 1970-ci illərdə inşa edilən məktəbdə bu gün təxminən 600-dən artıq şagird təhsil alır. Hələ sovetlər dönəmində bir neçə kəndin şagirdləri də bu tədris müəssisəsində təhsil alıblar. Məktəbin üzərindəki Plankənd adı da elə sovetlər dönəmindən qalıb. Kəndin adı 1994-cü ildə dəyişdirilsə də, deyəsən, aidiyyəti şəxslər 27 il ərzində bu lövhə ilə rastlaşmayıblar.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Keçili kənd orta məktəbinin təmir-tikinti işlərinə növbəti illərin investisiya proqramında baxılacaq.