9 yaşlı oğlunu və özünü öldürən ata ilə bağlı ŞOK FAKTLAR: zabit idi və orduda da cinayət törətmişdi...

11:18 04-09-2021 198

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Lənkəran rayonunda ata 9 yaşlı oğlunun boğazını kəsib, sonra isə intihar edib.

Mediada yayılan məlumatda deyilir ki, sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur: “Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürmüşdür”.

Hadisənin baş verdiyi rayonun Zövlə kəndinin icra nümayəndəsi Mahmud Sadıqov Publika.az-a hadisənin bəzi təfərrüatını açıqlayıb.

O bildirib ki, hadisə təxminən bir neçə gün əvvəl olub və hüquq-mühafizə orqanları hər iki şəxsin meyitini bu gün 14:00 radələrində tapıb: "1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədovla həyat yoldaşı arasında münaqişələr olmuşdu. Onlar ayrılıblar, hazırda qadın Qusar rayonunda yaşayır. Çox güman ki, hadisə ailə münaqişəsi zəminində baş verib. 9 yaşlı Vahid Məmmədov anası ilə qalırdı. Ancaq o, atası ilə qalmaq üçün Qusardan kəndə gəlib.

Şaiq Məmmədovun psixoloji problemləri var idi. Ola bilsin ki, hadisəni törətdiyi zaman da psixoloji gərginlik içərisində olub. O, hərbçi olub, zabit idi. Lakin orduda cinayət törətdiyi üçün həbs olunmuşdu, məhkumluq həyatı yaşayıb. Bir neçə il əvvəl azad olunub. Xeyli müddətdir ki, kənddə idi, burada da özünü normal aparırdı. Kiməsə xəsarət yetirməyib, elə durumda deyildi. Böyük ehtimalla ailədə söz-söhbət olub və bu hadisəni törədib".