"Elmar Vəliyevin oğlu mənim torpağımda özünə istirahət yeri düzəltdirib"- Məhkəmə işi

11:26 04-09-2021 333

Sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev Göygöl sakininin torpağını zəbt edib. Vətəndaş buna görə məhkəməyə üz tutub. Amma Elmir Vəliyev məhkəməni saymır.

Musavat.com xəbər verir ki, Göygöl rayon sakini Mehman Həsənov Elmar Vəliyevin oğlundan şikayətçidir. O, Göygöl rayon Məhkəməsində mülki qaydada iddia qaldıraraq göstərib ki, Vəliyevlər onunla razılaşaraq əmlakını alıblar.

Amma əvəzində nə torpaq, nə də pul verirlər: "Yeni Zod kəndindəki 10 sot torpaq sahəsinin mənim olduğunu təsdiqləyən sənədlər var. Həmçinin mülkiyyət hüququnu təsdiq edən çıxarış da mövcuddur. Həmin torpağı 2010-cu ildə alqı-satqı yoluyla almışam, ərazini hasarlamışam. 2013-cü ildə xəbər göndərdilər ki, Elmar Vəliyevin oğlu bu torpağı istəyir. Başa düşürdüm ki, müqavimət göstərməyin mənası yoxdur. Ona görə də əvvəlcədən xoşluqla razılaşdım",- deyə vətəndaş qeyd edir.

Onun sözlərinə görə gah pulu verəcəklərini, gah da əvəzinə başqa torpaq sahəsi təklif edəcəklərini deyərək, aldadıblar: "8 il keçib. Əlimdə sənədlər ola-ola həmin əraziyə də daxil ola bilmirəm. Mənim çəkdiyim hasarı sökdürüb, daha da hündürünü çəkiblər. Başqa qonşunun da ərazisini alıblar. Hasar o qədər hündürdür ki, içərini heç cür görmək olmur. Deyilənə görə Elmar müəllimin oğlu orada özünə istirahət yeri, idman meydançası düzəltdirib. Amma özüm görməmişəm”.

Narazı vətəndaş deyir ki, digər şəxslərə də heç nə ödənilməyib: "Mənə bir neçə dəfə söz vermişdilər. Gəncə şəhər İcra Hakimiyyətində Elmar müəllimin Mahmud adlı işçisi əlaqə saxlayırdı. Bir neçə yerdə torpaq sahəsi göstərmişdi. Razılaşdığım da olmuşdu, amma sonradan onu da vermədilər. Aramızda söhbət olmuşdu deyə, mən şikayət etməyi özümə rəva görmürdüm. Axırda başa düşdüm ki, bunlar mənə heç nə vermək fikrində deyillər”.

İşin maraqlı tərəfi budur ki, Mehman Həsənovun şikayətinə Göygöl rayon Məhkəməsində baxılmalıdır.

Amma məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Nə Elmir Vəliyev, nə də nümayəndəsi məhkəməyə gəlmir.

Qeyd edək ki, Elmir Vəliyev Milli Məclisin İnzibati qanunvericilik sektorunun müdiridir.