Təcili yardım kimin "yardım"ına qaçır?

15:07 05-09-2021 180

Koronavirus xəstələri çaşbaş qaldıqlarını deyirlər – müraciətlərinə cavab verən tapılmır.

Azərbaycanda koronavirusa gündəlik yoluxanların sayı 3000-4000 arasındadır. Xəstəliyin simptomlarını hiss edən vətəndaşlar isə təcili yardım ala bilmirlər, bəzən günlərlə gözləməli olurlar. 

Bu haqda “Toplum TV”-yə danışan şikayətçilərin sözlərinə görə, Təcili Tibbi Yardım stansiyalarına zəng vuranda onları “814” çağrı mərkəzinə, burdan da sahə poliklinikalarına yönəldirlər. Amma sahə poliklinkaları da vətəndaşların dərdinə əlac qılmır. Deyilənə görə, poliklinikanın işçiləri ən tez 2 gün ərzində test götürmək üçün gəlir, xəstələr artıq müalicəyə başlayandan sonra testin nəticələrini açıqlayırlar. 

“Sahə həkimi üstümə qışqırdı ki, sən orda boş-bekar oturmusan, biz burda işləyirik”

“Toplum TV”-yə danışan Afaq Hüseynova deyir ki, koronavirusun əlamətlərini hiss etdikdən sonra ərazidəki ən yaxın poliklinikaya zəng vurub, ancaq onun davamlı zənglərinə cavab verən tapılmayıb: “Axır atam özü poliklinikaya getdi ki, gəlib məndən test götürsünlər. İki gün keçdi, heç kəs gəlib yoxlamadı. Təzədən zəng vurdum, dedilər ki, Balaxanıdakı polikilinakadan gəlib yoxlayacaqlar. Mən də xahiş etdim ki, ordan kiminsə nömrəsini versin, əlaqə saxlaya bilim. Sevinc adlı sahə həkimi üstümə qışqırdı ki, sən orda boş-bekar oturmusan, biz burda işləyirik. Get, nömrəni internetdən tap, zəng vur”. 

Bundan sonra xəstəhal Afaq Hüseynova test verməkdən ötrü özü taksi ilə Balaxanı polikilinikasına gedib.

“Yolda nə qədər adamı xəstəliyə yoluxdurduğumu bilmirəm. Tək bildiyim odur ki, məni buna onlar məcbur etdi. Hətta polikilinikanın həyətində mənimlə eyni vəziyyətdə olan qadınla da rastlaşdım. Sən demə, o da 5 gündür ki, qızdırmalı imiş, amma heç kəs onu yoxlamayıb deyə, məcbur, özü test verməyə gəlib”.

Afaq koronavirus testinin cavabını 3 gün gözləyib. Daha sonra sinəsində ağrılar, nəfəs darlığı hiss etdiyi üçün anası Təcili Tibbi Yardıma zəng vurmalı olub: “103-ün operatoru bizə cavab verdi ki, daha koronavirus xəstələrinə baxmırıq, “814” çağrı mərkəzinə zəng vurun. Biz də dediyi kimi elədik, çağrı mərkəzinə zəng vurduq. Amma dərdimizin dərmanı heç burda da deyilmiş. Burdan da bizi sahə həkiminə yönəltdilər. O sahə həkimi ki, məni boş-bekar adlandırıb üstümə qışqırmışdı”.

Bundan sonra Afaq Hüseynovanın ailəsi xəstəliyə yoluxan yaxınlarından-tanışlarından məsləhət alıb və özləri müalicəyə başlayıblar. 

“Nəhayət xəstəliyimin 4-cü günündə mənə cavab gəldi ki, koronavirus testimin nəticəsi pozitivdir”.

O, müalicəyə başladıqdan təxminən bir həftə sonra poliklinikadan dərman göndərildiyini bildirir.

Afaqın sözlərinə görə, Səhiyyə Nazirliyinin qaynar xətti cavab vermir deyə, şikayətini çatdıra bilmir.  

“Laqeyd, məzuliyyətsiz, vətəndaşa saymazyana münasibət göstərən bir qurumla üz-üzəyik”

Son günlər sosial şəbəkə istifadəçiləri də təcili tibbi yardımın işindən şikayətlənirlər. 

Sərxan adlı sosial media istifadəçisi yazır ki, koronavirusla bağlı əsaslı şübhələr yaranandan sonra “103”-ə - Təcili Tibbi Yardıma zəng vurub. Burdan da onu yaşadığı yerdəki poliklinikaya yönəldiblər. Poliklinika onun haqqında məlumatları öyrənəndən sonra test üçün qeydiyyata alsa da, 2 gün sonra gələ bilib. 

“Neçə gün gözlədim, gəlmədilər. Nəhayət özüm özəl xəstəxanalardan birinə gedib test verdim. Nəticə də pozitiv çıxdı. Qayıdıb evə çatandan 1 saat sonra məni qeydiyyata salan poliklinikadan da gəlib analiz üçün yaxma götürdülər. Nəticənin nə qədər vaxta bilinəcəyini soruşdum, 36 saata dedi, halbuki özəl klinikada 1 saata çıxmışdı. Bu qədər laqeyd, məzuliyyətsiz, vətəndaşa qarşı saymazyana münasibət göstərən bir qurumla üz-üzəyik. Yoluxmanın artım səbəbi ilk növbədə müraciətlərə gec cavab verilməsidir”.  

“Belə ölkə olar?! Gedək harda ölək?"

Jurnalist Qabil Abbasoğlu “Feysbuk” hesabında yazır: “Ötən həftə yaxınlarım koronavirus əlamətləri ilə yatağa düşüblər. Test üçün zəng vurduğumuz təcilli yardım gah Aşura gününü bəhanə gətirdi, gah da dedi ki, yollar tıxacdır...Yalnız 3 gün sonra gəlib yaxma götürüb, getdilər. Ondan sonra günlərlə cavab gəlmədi. TƏBİB diaqnoz demədi, Səhiyyə Nazirliyi isə diaqnoz yoxdursa bizlik deyil deyib, yaxasını kənara çəkdi! Belə ölkə olar?! Gedək harda ölək bəs? Biz Vətən deyirik, bu deyir belə...”

Q. Abbasoğlunun “Toplum TV”-yə söylədiyinə görə, testin nəticələri xəstələr sağalmağa başlayanda, yəni 5 gün sonra açıqlanıb. Onlar isə çoxdan nəticədən bixəbər müalicəyə başlayıblar. 

Cavabdeh kimdir, TƏBİB, yoxsa Səhiyyə Nazirliyi?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sözçüsü Elnarə Baxışovanın sözlərinə görə, qurum ancaq müalicə və müayinə işləriylə məşğuldur. Koronavirus testi Təcili Tibbi Yardıma – “103”-ə zəng vurmaqla götürülməlidir ki, buna da Səhiyyə Nazirliyi nəzarət edir. 

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev deyir ki, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı poliklinkalar tərəfindən təşkil olunur. 

Hərarəti 38 dərəcədən yüksək, xroniki xəstəliyi olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə isə Təcili Tibbi Yardım briqadası yardım göstərir. 

“Təcili Tibbi Yardım ona görə “814”-ə zəng vurun” deyir ki, çağrı mərkəzi vətəndaşları daha yaxın poliklinikalara yönəltsin” – nazirlik rəsmisi izah edir. 

O ki qaldı testlərin nəticələrinin gecikməsinə, E.Hacıyev bunun səbəbini araşdıracaqlarını bildirir.: “Testlər müəyyən saatlarda götürülüb labaratoriyaya ötürülür. Ola bilsin ki, vətəndaşlar axşam vaxtı, iş saatının sonlarında zəng vururlar deyə, gecikmə baş verir”. 

Təcili Yardım kimin "yardım"ına qaçır?

Təcili Tibbi Yardım koronavirus səbəbilə müraciət edənlərin əksəriyyətini poliklinkalara yönəldir. Amma şikayətlərin heç də hamısı COVİD 19-la bağlı olmur. Bəzən başqa xəstəliklərdən əziyyət çəkənlər də bugünlərdə təcili tibbi yardımın gəlməməsindən şikayətlənirlər. 

 “Toplum TV”-yə danışan Zərnişan Əsədova deyir ki, bir neçə gün bundan əvvəl kəskin mədə ağrısına görə Təcili Tibbi Yardıma zəng vurub, ancaq onun müraciəti qeydə alınmayıb. 

“İki gün idi bacım mədə ağrısından dayana bilmirdi. Heç bir dərman, xalq təbabəti ağrsını kəsmirdi. Təcili yardıma zəng vurdum ki, evdə xəstə var, soruşdular ki, problemi nədir? Dedim ki, mədəsi çox ağrıyır, ayaq üstə dura bilmir. Operator cavab verdi ki, biz gəlib neynəyəcəyik? Dedim heç olmasa, bir iynə vurarsınız, çarə deyərsiniz. Dedi ki, təcili yardım yoxdur, gələ bilmərik”, - şikayətçi belə iddia edir. 

9 saylı Təcili Tibbi Yardım Stansiyasında sürücü işləyən Hətəm Əliyev özlərinin də rahat şəraitdə çalışmadıqlarını, əllərindən gələni etdiklərini deyir.

“Biz gücləndirilmiş iş rejimində çalışırıq, gecikmələr isə çağırışların çox olmasına görədir. Gündə 12 saat işləyirik. Elə olur ki, 12 saat ərzində 14 çağırışa getmişik. Çağırışın birinə 40-50 dəqiqə, koronavirus xəstəsini xəstəxanaya aparmağa isə 1-2 saat vaxtımız gedir”. 

Səhiyyə Nazirliyi bildirir ki, Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti əhalinin 7 gün 24 saat xidmətindədir. Bundan başqa “103” çağrı xidmətinin fasiləsiz fəalliyətinin təmin edilməsi üçün 2 ayrı istiqamətin bir-birini əvəz edə biləcək kabel stansiyası var. Təcili yardımın çağırışa çatma müddəti isə maksimum 20, yaxın ünvanlara 3 dəqiqədir. 

Həmçinin nazirliyin son açıqlamasında qeyd olunur ki, ölkədə gündəlik xəttə çıxan 170 sanitar avtomobili, 21 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bölməsi, 2370 həkim və orta tibb heyəti fəaliyyət göstərir. 

Səhiyyə Nazirliyi bugünlərdə tibbi yardım stansiyalarına yaşı 60-dək olan həkim anestezioloq-reanimatoloq, həkim-infeksionist və həkim - terapevt axtardığını elan edib.  

Ötən il martın 18-də ölkə başçısının sərəncamı ilə COVID-19 xəstələrinə xidmət göstərən həkimlərin maaşları da 3-5 dəfə artırılıb.

Azərbaycan il yarımdır, koronavirusla mübarizəyə hazır ola bilmir?

Prezident İlham Əliyev çıxışlarının birində dünyanın heç bir ölkəsinin koronavirusla mübarizəyə hazır olmadığını, Azərbaycanın isə “bütün imkanlarını səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğunu nümayiş etdirdiyini” demişdi

Amma müşahidələr göstərir ki, ölkədə il yarımdır pandemiya hökm sürsə də, yoluxma sayı artan kimi səhiyyə böhran yaşayır.  

Həkim-radioloq Aydın Əliyev “Feysbuk” hesabında yazır ki, böhranın əsas səbəbkarı yuxarı ranq tibb məmurlarıdır. O iddia edir ki, pandemiya ilə mübarizə üçün dövlət büdcəsindən ayrılan və əhalidən yığılan vəsait bu məmurlar tərəfindən mənimsənilir. 

İnfeksionist Nicat Əzimli isə hesab edir ki, Azərbaycan pandemiya ilə bir çox ölkədən daha yaxşı mübarizə aparır. Onun dediyinə görə, xəstəxanaların hazırlıq səviyyəsi, tibbi təchizatı və vaksinasiya prosesi yaxşı təşkil olunub.

Amma həkim bu şəraitdə çatışmazlıqların olduğunu istisna etmir: “Fikir vermək lazımdır ki, səhiyyə sistemi hansı limitədək dözə bilir. Azərbaycanda istənilən ağır koronavirus xəstəsinə xəstəxanada yer tapılır. Təcili tibbi yardımların gecikməsi xəstə sayının çoxluğu ilə əlaqədardır. Zəng sayı çox olduğu üçün tibbi yardımlar fiziki olaraq çata bilmirlər. Bəzən ağır qeyri-COVİD xəstələri də saatlarla təcili yardım gözləyirlər. Bu, səhiyyə sisteminin zəifliyindən yox, pandemiyanın hazırkı vəziyyətindən irəli gəlir”.

Həkimin qənaətincə, vaksinasiyanı sürətləndirmək, kollektiv imunniteti gücləndirməklə problemin öhdəsindən gəlmək mümkündür. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, ölkədə son sutkada koronavirusa 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb, 38 nəfər vəfat edib. Azərbaycanda aktivnın xəstə sayı 53 210 nəfər olduğu deyilir.