Siyəzən sakini icra başçısının muavini Aqşin Ağayevin özbaşınalığından Prezidentə müraciət edib

21:25 06-09-2021 360

Siyəzən rayonu, Nizami küçəsi, ev 45-də yaşayan vətəndaş Qafarova Elvira Səfərəli qızı Siyəzən rayon icra hakimiyyətində başçının müavini – Sosial-iqtisadi  inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağayev Aqşin Xanbaba oğlundan şikayət edir.

Vətəndaş Qafarova Elviranın mediada yayılan video çəkiliş vasitəsi ilə etdiyi şikayətdə bildirir ki, Siyəzən rayon icra hakimiyyətində başçının müavini – Sosial-iqtisadi  inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağayev Aqşin Xanbaba oğlu onun maaşını vermir və onu heç bir əsas olmadan işindən çıxartdırıb.

Rayon sakini Qafarova Elvira işdən əsasız olaraq çıxarıldığını, bununla bağlı dəfələrlə Siyəzən rayon icra hakimiyyətinə və aidiyyəti dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə olmadığını bildirib. 

İki oğul anası Qafarova Elviranın şikayət məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

"Mən Qafarova Elvira Səfərəli qızı Siyəzən rayonu, Nizami küçəsi, ev 45-də sığınacaqda yaşayıram. Ağır həyat şəraitimə görə dəfələrlə rayon icra hakimiyyətində olub kömək istəmişəm. Təxminən pandemiya başlayan vaxtlarda işə qəbul olunmuşam.

Artıq doqquz aydır ki, əməkhaqqımı ala bilmirəm. Bu məsələni araşdırmışam və məlum oldu ki, mənə maaş almaqda süni əngəllər yaradılır. Mənə rəsmi qurumlar bildirdi ki, birinci müavin Aqşin Ağayev göstəriş verib ki, mənə əməkhaqqı verilməsin.

Mənimlə birlikdə bir neçə qadın işləyir, hansı ki, heç işə gəlmirlər, ancaq hər ay vaxtlı-vaxtında maaş alırlar. Çünki onların qohumları ayrı-ayrı qurumlarda vəzifə başındadır. 

Aqşin Ağayev beş ay əvvəl məni çağırıb və 150 manat pulu mənə cibindən verib.
Himayəmdə üç azyaşlı övladlarım var. Onları saxlaya bilmirəm. Oğlum boksçudur və bu yaxınlarda yarışa getmək üçün borc alıb vermişəm.

Axı mən işimdə ardıcıllığı gözləmişəm, niyə mənim haqqımı vermirlər? Aqşin Ağayev deyir ki,sən məndən şikayət etmisən. Ona görə mən imkan verməyəcəyəm ki, sənə maaş versinlər.

Mən prezidentimizə müraciət edib kömək istəyirəm.

Cənab prezident!

Siyəzən rayonuna sizin təyin etdiyiniz məmurlar bizi incidir, yaşamağa qoymurlar. Başda Aqşin Ağayev olmaqla məmurlar əhalini sizdən narazı salırlar.

Xahiş edirəm ki, tədbir görəsiniz. Mən dövlətin digər qurumlarının rəhbərlərinə müraciət edərək kömək istəyirəm. Xahiş edirəm mənim əməkhaqqımı Aqşin Ağayevdən alaraq mənə çatdırasınız. Aqşin Ağayev rayonu talamaqla bərabər, biz kasıbların qəpik-quruşuna da göz dikib və artıq əl qoyub. Adam rəhbər vəzifədə əyləşib, reketliklə məşğuldur. Sizdən kömək gözləyirəm."

Məsələ ilə bağlı Siyəzən rayon icra hakimiyyətində başçının müavini – Sosial-iqtisadi  inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağayev Aqşin Xanbaba oğlu ilə əlaqə saxlamaq mümkün olmadı. Məqalədə qeyd edilən bütün faktlar mediada dərc edilib və təkzib edilməyib. 

Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Azər Mətin
MillətinSəsi.info