Yasamalın İcra başçısına töhmət verilib?

21:49 07-09-2021 225

Ötən həftə Yasamal rayonunda Mikayıl Müşfiqin abidəsi yerləşən park ərazisinin satıldığı barədə xəbər yayıldı.

Xəbərdə Mikayıl Müşfiqin abidəsi yerləşən parkın ərazisində “EveRest” restoranın fəaliyyət göstərdiyi, restoran sahibinin isə hər ay Yasamal Rayon İcra Hakimiyyətinə 2000 manat məbləğində pul ödədiyi vurğulanırdı.

Qlobal.az-ın əldə etdiyi məlumata görə xalqımızın ədəbi fikir tarixində silinməz iz buraxan görkəmli şair Mikayıl Müşfiqin abidəsi ətrafında baş verən son hadisə Prezident Administrasiyasında böyük narahatlıq yaradıb. Şairin heykəlinin yerləşdiyi ərazinin restoran sahibinə verilməsinə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova sərt xəbərdarlıq edildiyi deyilir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə Elşad Həsənova sərt xəbərdarlıq yox, töhmət verildiyi iddia edilir. Yasamal rayon İcra Hakimiyyəti xəbərə münasibət bildirməyib

Xatırladaq ki, mediada yayılan məlumatlarda bildirilirdi ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsi yerləşən park növbəti dəfə zəbt olunub.

Bundan öncə də bu ərazi zəbt olunaraq, hətta dahi yazarın heykəli də aşırdılmışdı. Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı görkəmli şair Mikayıl Müşfiqin abidəsi götürülmüşdü.Sonra Prezident İlham Əliyevin tapşırığı ilə abidə əvvəlki yerinə qaytarılıb.

Görünən odur ki, ölkədə gedən prosesləri, islahatlar dalğasını dərk etməyən və yaxud qulaqardı vuran məmurlar, sahibkarlar hələ də iş başındadırlar.

Belə ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsi yerləşən parkın ərazisini “EveRest” adlanan restoran zəbt edib. Şikayətçinin dediklərini araşdırmaq üçün ünvana yollandıq və yerində dəqiqləşmə apardıq.

Binada yerləşən “EveRest” restoranının açıq havada zəbt etdiyi ərazi qeyri-qanunidir və “aylıq haqq” müqabilində işləyir. Məlumatda qeyd edilir ki, “EveRest” restoranının sahibi Mikayıl Müşfiqin abidəsini zəbt etmək, qeyri-qanuni yolla varlanmaq üçün hər ay Yasamal Rayon İcra Hakimiyyətinə 2000 manat məbləğində pul ödəyir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə rəsmi sorğu verilib. İcra Hakimiyyəti onlara qarşı olan iddianın əsassız olduğunu isbatlamaq üçün biabırçılığa son qoymalı, parkın qanunsuz zəbt olunan hissəsini azad etməli, vətəndaşların istifadəsinə verməlidir. Əgər heç bir reaksiya olmayacaqsa, o zaman deyilənlər öz təsdiqni tapmış olacaqdır. İstənilən halda, Prezidentin ziyarət etdiyi abidənin ərazisini hansısa restorana icarəyə vermək, sözün elə əsl mənasında harınlıqdır.

Xatırladaq ki, Mikayıl Müşfiqin heykəlinin yarım əsrədək yaşı var və “Azərbaycan Respublikasının ərazisində olan, dövlət tərəfindən qorunan tarixi və mədəni abidələr” siyahısına daxildir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə 05 iyul 2021- tarixində rəsmi müraciət etdik. İcra hakimiyyətinin nümayəndəsi redaksiyamızla əlaqə saxlayaraq, obyektin qanunsuz olaraq fəaliyyət göstərdiyini bildirdi: “”EveRest” restoranı icra hakimiyyətindən, Ticarət departamentindən və digər aidiyyatı qurumlardan heç bir icazə almadan park ərazisini zəbt edib və qanunsuz ticarətlə məşğul olub, bu hal aradan qaldırılacaq.”

Biz də redaksiya olaraq 10 gün ərzində ərazini reyd elədik. Gördüyümüz mənzərə isə sözün əsl mənasında Yasamal rayonunda olan dərəbəyliyi, açıq özbaşınalığı ifadə edirdi. Belə ki, restoran park ərazisinin daha böyük hissəsini zəbt edib və daha böyük ticarətə davam edib. Görünən odur ki, şikayətçinin redaksiyamıza ünvanladığı müraciət həqiqətdir və Yasamal icra başçısı son olaylardan sonra Prezidentə qarşı çıxaraq dahi yazarımız Mikayıl Müşfiqi restorana maraq müqabilində “satıb”.

İcra Hakimiyyəti məsələ ilə bağlı məlumatlandırılıb və rəsmi cavablarını da oxucularımıza çatdıracağıq.