Deputatın rəhbərlik etdiyi fond ləğv edilə bilər – Bir qolu tam bağlanıb

21:52 07-09-2021 324

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadənin rəhbərlik etdiyi qurum ləğv edilə bilər.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Dövlət Neft Fondu və Dünya Bankının layihələri üzrə fəaliyətini formalaşdırıb.

Artıq bir ildən çoxdur ki, Dünya Bankı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə əməkdaşlığına son verib. Bu səbəbdən Fondun Dünya Bankının layihəsi üzrə çalışan bütün əməkdaşları vəzifələrindən azad olunublar, çox sayda əməkdaşı işsiz qalıb.

Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün tikinti quruculuq işləri artıq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri tərəfindən həyata keçirilir.

Belə olduğu halda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması kimi öz funksiyasını itirmiş olub.

Bununla belə, məcburi köçkünlər üçün Bakıda və digər regionlarda salınan yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

Bu mənzillər şəhid ailələri və müharibə əlillərinə təqdim olunur. Elə bu səbəbdəndir ki, fondun rəsmi saytı da bir ildən artıqdır yenilənmir. Fondda son məlumat da 24.07.2020-ci il tarixində yenilənib.