Nazir Emin Əmrullayev: “Daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq”

14:15 07-09-2021 126

"Azərbaycanda pandemiya bitməyib. Vaksinasiya prosesi sürətləndikcə vəziyyət yaxşıya doğru dəyişməlidir”. 

Milletinsesi.info-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, hansısa təhsil müəssisəsində müəyyən yoluxmalar qaçılmazdır: 

“Bu zaman ayrı-ayrı məktəblər üzərindən həmin yerə uyğun qərarlar veriləcək. Məsələn, bir şagird 13 nəfərlə ünsiyyətdə olursa, daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq, nəinki bütün məktəbin bağlanmasının.

Məktəblərdə fiziki tərbiyə fənninin keçirilməsi və bufetlərin açılması ilə bağlı qərar mərhələli şəkildə veriləcək”. 

Nazir Emin Əmrullayevin sözlərinə görə, bununla bağlı qərar açıqlanacaq. 

O qeyd edib ki, digər aidiyyəti nəzarət qurumları ilə birlikdə məktəblərdə monitorinq qrupları fəaliyyət göstərəcək.

“Yaxın günlərdə ali təhsil müəssisələri və orta ixtisas müəssisələrində təşkilati məsələlərlə bağlı qaydalar hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq”. 

Onun sözlərinə görə, əyani təhsilə keçiddə böyük auditoriyalarda çoxlu sayda tələbə ilə mühazirələrin keçirilməsinin əleyhinəyik: “Biz mühazirələrdə təxminən 50 nəfərin iştirakını nəzərdə tuturuq. Əgər şagirdlərdə hərarət, narahatlıq varsa, valideyn məktəbə iltizam vərəqəsi verməlidirlər”. 

Onun sözlərinə görə, ötən il bəzi valideynlər koronavirusa yoluxsalar da, uşaqlarını məktəblərə yollayırdılar: “Buradan valideynlərə səslənirəm ki, qaydalara riayət etsinlər. Vahid məktəbli forması ilə bağlı qaydalar hazırlansa da, hələ qəbul edilməyib”. 

Onun sözlərinə görə, məktəbli formaları mövcud qaydalarla tənzimlənəcək. 

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə bildirib ki, məktəbli formaları təsdiq olunsa belə, mövcud forma bir müddət qüvvədə qalacaq: “Yeni formaya keçid tədricən aparılacaq.

Bu il maksimal sayda insan tələbə adını qazanıb. 700 balı heç vaxt təhsilin keyfiyyət göstəricisi kimi qəbul etməmişəm”. 

Onun sözlərinə görə, builki qəbulun bal göstəriciləri hələ təhlil olunmayıb: 

“Bir ilin testləri ilə ötən ilin testlərini müqayisə ediriksə, burada elmi araşdırmaların olması vacibdir, nəinki ictimai rəyin. Bu il həm bakalavr, həm magistr səviyyəsində ən çox insanın tələbə adını qazanması və 99 faiz yerin dolması yaxşı göstəricidir. Məndə olan bəzi məlumata görə, nəticələr yüksəkdir.

Ötən il məktəblərimizdə 85 626 sinif olub ki, onların 57 faizdən çoxunda, yəni 49 minində şagird sayı 20-dən azdır”. 

Onun sözlərinə görə, digər 23 faiz məktəbdə 21-25 nəfər təhsil alır: 

“40 nəfər və daha çox şagirdin olduğu sinif sayı 311-dir. Bu da bütün siniflərin 0,4 faizini təşkil edir. Bu rəqəm az olduğu üçün, düşmürəm ki, yoluxma sayına ciddi təsir etsin.

Müəllimlərin sertifikasiyası kimisə işdən çıxarmaq məqsədi güdmür. Biz sadəcə keyfiyyətə nəzarət etmək istəyirik”. 

Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası yaxın vaxtlarda ediləcək: “Bu barədə əvvəlcədən məlumat veriləcək”.

Təhsil Nazirliyi ölkədə davam edən karantin qaydaları ilə bağlı valideynlərə çağırış edib. 

Onun sözlərinə görə, övladlarını məktəbə gətirən valideynlər orada sıxlıq yaradır: 

“Biz məktəb daxilində qaydaları təmin edirik. Xahiş edirəm ki, valideynlər məktəb qarşısında məsafə saxlasınlar”.