Masazırda paradoksal vəziyyət: Darvazanın kənarında qaz olsa da, evlərə qaz verilmir

11:47 08-09-2021 261

Abşeron rayonu Masazır qəsəbəsi Mirzə Ələkbər Sabir küçəsinin sakinləri bir qrup işbazın əlində əsir-yesir qalıb. Cantəpə məhəlləsi, “142 marşrut yolu” kimi tanınan bu ərazidə vaxtilə mövcud olmuş yeraltı qaz kəmərinin yer üstünə çıxarılması layihəsinə start verilib. Bu məqsədlə 2014-19-cu illərdə sözügedən ünvanda iri diametrli yeni qaz boru xəttinin çəkilişinə başlanılıb. 

Redaksiyamıza müraciət edən sakinlərin söylədiyinə görə, bu qaz boru xəttinin çəkilişi Masazır Bələdiyyəsi tərəfindən həyata keçirilib. Bələdiyyənin sabiq sədri Siyanfər Əliyevin şəxsi nəzarəti ilə görülən iş sonradan hansısa səbəblərdən yarımçıq saxlanılıb.

“Kaspi” qəzetinin əməkdaşları məsələ ilə bağlı ətraflı araşdırma aparıblar.

 

İşin sona çatdırılmaması indiyə qədər həmin küçənin əksər sakinlərini qazsız qoyub. Vətəndaşlar evlərinə qaz xətti çəkdirmək üçün müvafiq sənədlərlə birlikdə ASAN Kommunala müraciət edir, qısa zamanda mavi yanacaqla təmin olunacaqlarını gözləyirlər. Lakin "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları vətəndaşların bu arzusunu reallığa çevirmir, əsas gətirirlər ki, yerüstü qaz boru xətti tam çəkilib təhvil verilməyib. Bunun nəticəsində hazırda Mirzə Ələkbər Sabir küçəsində anormal vəziyyət yaranıb. Küçənin bir tərəfindəki vətəndaşlar mavi yanacaqdan istifadə etsələr də, digər tərəfdəkilər qaza həsrət qalıblar.

 

Masazır sakinlərinin qazla təchiz oluna bilməməsi bir yana, sözügedən qaz xətti çəkilərkən məqsədli şəkildə norma və standartlara, təhlükəsizliyə düzgün riayət edilməməsi də vətəndaşlar üçün əsl problemə çevrilib. Belə ki, qaz boru xətti küçəboyu yerdən təxminən 10-30 santimetr hündürlükdə çəkilib. Bu zaman ərazinin yaşayış massivi olması, gələcəkdə sakinlərin həyətyanı sahələrə giriş-çıxışının olacağı nəzərə alınmayıb. İndi sakinlər küçədən öz həyətlərinə qapı və ya darvaza qoymaq üçün "Azəriqaz” İstehsalat Birliyinə müraciət edir, qaz boru xəttinin yerdən 3-4 metr hündürlüyə qaldırılmasını xahiş edirlər. Bu zaman da "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları əraziyə gəlib baxış keçirir, "qaz boru xətti bizim balansımızda deyil, təhvil verilməyib, heç bir iş görə bilmərik” söyləyib gedirlər. Nəticədə, sakinlər ayrı-ayrı işbazlara müraciət edir, içində qaz olmayan qaz boru xəttinin 3-4 metr enində kəsilib 3-4 metr hündürlüyə çıxarılmasına, həyətə giriş-çıxış verilməsinə görə 600-800 manat xərcləməli olurlar. Ödənən vəsaitə görə vətəndaşlara hər hansı qəbz verilmir. Bu da onu deməyə əsas verir ki, vətəndaşlardan məcburi şəkildə yığılan bu vəsait müxtəlif işbazların cibinə gedir, onlar üçün qazanc mənbəyinə çevrilir.

 

Bu işbazlar Mirzə Ələkbər Sabir küçəsində öz əlaqə vasitələrini və xidmətlərini bütün hasarlara yazıblar. Bir telefon zəngi kifayətdir ki, dərhal hadisə yerinə gəlib pul müqabilində lazım olan xidməti göstərsinlər. Hüquq-mühafizə orqanlarının bu məsələyə - ayrı-ayrı işbazlar tərəfindən vətəndaşların soyulmasına biganəliyi xüsusilə təəccüb doğurur.

 

Qeyd edilən problemə dair yazı hazırlanarkən Masazır Bələdiyyəsinin və "Azəriqaz”ın da mövqeyini öyrənmək istədik. "Azəriqaz”dan bildirildi ki, sözügedən ünvanda çəkilən yerüstü qaz xəttinin, ümumiyyətlə, layihəsi yoxdur və Bələdiyyə tərəfindən çəkilib təhvil verilməyib. Masazır Bələdiyyəsinin (012) 347-80-24 əlaqə vasitəsinə zəng vurduq. Bələdiyyənin özünü təqdim etməyən xanım əməkdaşı mövzunu və sualımızı dinlədikdən sonra mobil telefon nömrəmizi istədi, bildirdi ki, bələdiyyə sədri və ya müavin gələn kimi onlara təqdim edəcək, bizimlə danışıb mövqe bildirəcəklər. Lakin gün ərzində Masazır Bələdiyyəsindən heç kim bizimlə əlaqə yaratmadı. Təkrar zənglərimizə isə cavab verən tapılmadı. Görünən budur ki, "Azəriqaz” İstehsalat Birliyi ilə Masazır Bələdiyyəsinin ortaq məxrəc tapa bilməməsi, həmçinin məsuliyyətsizlik, biganəlik və süründürməçilik sayəsində Mirzə Ələkbər Sabir küçəsində evləri olan bir çox vətəndaşlar hələ uzun müddət mavi yanacağa həsrət qalacaq, bəzi işbazların qurbanına çevrilməyə davam edəcəklər.

 

Mövzu barədə fikirlərini "Kaspi” qəzetinə bölüşən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, tərəflərdən hansı biri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyibsə, məsuliyyət, ilk növbədə onun üzərindədir. Hüquq müdafiəçisinin sözlərinə görə, yaranmış bu vəziyyətə görə vətəndaşlar əziyyət çəkməməlidir: "Bələdiyyə zamanında öz işini tam yerinə yetirməyibsə, qaz xəttini standartlara, müasir tələblərə uyğun şəkildə çəkib təhvil verməyibsə, yerli özünüidarəetmə orqanı buna görə məsuliyyət daşıyır. Əgər Masazır Bələdiyyəsinin indiki sədri deyirsə ki, bu işi məndən əvvəlki bələdiyyə sədri edib və bununla yaxasını kənara çəkir, belə yanaşma özbaşınalıqdır. "Azəriqaz” İstehsalat Birliyi vətəndaşların haqlı narazılığını nəzərə alaraq bu məsələni həm Abşeron Rayon İcra Hakimiyyəti qarşısında, həm də digər qurumlar qarşısında qaldırmalıdır. Hətta ortada mənimsəmə faktı varsa, prokurorluq qarşısında da məsələ qaldırılmalıdır. Buna görə ötür-ötür oyunu oynayıb vətəndaşları incitməyə heç bir əsas yoxdur. İstər Masazır Bələdiyyəsi, istərsə də "Azəriqaz” İstehsalat Birliyi bu məsələni həll etməlidirlər. O ərazidə yaşayan sakinlər də kollektiv şəkildə Baş Prokurorluğa müraciət etməli, qaz xəttindən həyətyanı sahələrə giriş-çıxış verilməsinə görə vətəndaşlardan qeyri-qanuni şəkildə pul tələb edənlərin qanun qarşısında cavab verməsinə çalışmalıdırlar”.