Orta məktəblərdə şagirdlərə köhnə dərsliklər verilir

13:47 08-09-2021 315

Orta təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıqları davam edir. Bu sırada şagirdlərə dərsliklərin paylanması prosesi başlayıb. Lakin yenə də problemlər yaşanmaqdadır. Valideynlər ibtidai siniflərə aid dərsliklərin köhnə olduğundan narazıdırlar. Onların fikrincə, bu hal hər il yaşansa da, tədbir görən yoxdur: “Bizim övladlarımız hər il köhnə, vərəqləri yazılı, əzilib görkəmini itirmiş dərsliklərdən istifadə etməyə məcburdur. Hər il ümid edirik ki, yeni kitablar veriləcək, amma vəziyyət dəyişmir. Kitab çatışmazlığının olduğu deyilir. Bilirik, pandemiya şəraitində bəzi müəssisələr tam qüvvəsiylə işləyə bilmədi. Amma bu, kitab, nəşriyyat işinə aid ola bilməz axı. Çünki məktəblər köhnə kitablarla təmin edilsə də, kitab mağazalarında

satılan dərsliklər kifayət qədərdir. Amma onların qiyməti heç də ucuz deyil. Hamının mağazadan sayı 10, ya da çox olan dərslikləri almağa imkanı çatmır. Özü də, orta təhsil müəssisələrində niyə köhnə kitab verilməlidir ki, biz də onu satın almağa məcbur qalaq?!”.

Nigar