Sahibsiz rayon- Abşeron

16:01 08-09-2021 540

Koronaya yoluxmanın səbəbi-özümüz

 "Yiyəsiz dəyirmanda xoruz banlayar"

 Son zamanlar tibb məntəqələrinin qarşısında yaranan növbələrin əsas səbəbkarı, məhz vətəndaş məsuliyyətsizliyidir. İkinci səbəb, Operativ Qərargahın peyvənd üçün müddət müəyyən etməsi. Hamıya bəllidir ki, Azərbaycan xalqı heç də sosial məsuliyyətli bir xalq deyil. Çünki bizi uşaqlıqdan rüşvətlə arxa qapıları açmağa öyrədiblər. Məhz bu səbəbdən, bu gün ölümü də, rüşvətlə almağa can atırıq. Yaddan çıxarırıq ki, peyvənd olunmamaqla, təkcə özümüzü yox, həm də ətrafımızı təhlükə altına atırıq. Bunu Operativ Qərargah da nəzərə almalı, peyvənd olunmanı müəyyən mərhələlərə bölməli idi. İnsanlar var ki, 1-ci peyvəndi alıb, 2-cisini ala bilmir. Bunun üçün hətta rayona gedir. OQ bütün bunları nəzərə almalı, yarana biləcək ajiotajın qarşısını almaq üçün tədbirlər görməli idi. Bu isə olmadı, kobud çıxsa da deməliyəm, OQ belə bir mövqe nümayiş etdirdi- canınız çıxsın sentyabrın 1-nə kimi peyvənd olunun. Bu düzgün yanaşmadırmı? Əsla.

Mən, əsasən Abşeron rayonunda baş verənlərdən yazdığıma görə, bəziləri bunu qərəz kimi qələmə verməyə çalışırlar. Açığını deyim ki, mənim yaşadığım rayonun rəhbərliyi, yaxud da hansısa strukturlarla heç bir qərəzim yoxdur. Sözümü istədiyim zaman istədiyim adamın üzünə deməyə də, gücüm çatar. Bəzən soruşurlar ki, sən nə istəyirsən axı? Mənim istədiyim nədir: birincisi, yaşadığım ərazidə hər şey mümkün qədər yaxşı olsun. Olmur, yazmayım nə edim? İkincisi, rayonumuzun çatışmazlıqlarını aidiyyəti yuxarı qurumların diqqətinə çatdırıram ki, onların aradan qaldırılmasına yardım etsinlər. Çünki bu rayonda müharibə iştirakçıları, qazilər, şəhid ailələri ilə yanaşı, yüz minlərlə sadə vətəndaşlar da yaşayırlar. Şəhid ailələrinə, qazilərə əlimizdən gələn diqqət və qayğını başda dövlət olmaqla hər birimiz göstərməliyik. Amma bu pərdə arxasında gizlənmək heç kimə yaraşın iş deyil.

Əgər bu gün Abşeron rayonunda yaşayan əhalinin (söhbət faktiki yaşayanlardan gedir, təkcə qeydiyyatda olanlardan yox) dəqiq siyahıyaalınması aparılarsa, aydın olar ki, ölkə əhalisinin 4/1-i bu ərazidə məskunlaşıb, bəlkə də daha çox.

Lakin hansısa səbəbdən burada "ASAN"xidmət, "DOST" xidməti kimi qurumlar fəaliyyət göstərmir. Xırdalan şəhərində səyyar formada xidmət gösətərən avtobusa gəldikdə isə o xidməti göstərməsə ondan daha yaxşıdır. Çünki bu, "ASAN" yox, "ÇƏTİN" xidmət sayıla bilər.

Bu gün Xırdalan şəhərində "ASAN" xidmətin və onun digər qurumlarının yaradılmasına ciddi zərurət var.

Abşeron rayonunda insanların sağlamlığı da, ciddi təhlükə altındadır. Korona isə bu təhlükəni bir qədər də artırır. Bu problemin aradan qaldırılması üçün bir müddət əvvəl prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə "Abşeron Gənclər Şəhərciyi" yaxınlığında Abşeron mərkəzi xəstəxanası istifadəyə verildi.

Bu tibb müəssisəsinin xarici nə qədər möhtəşəmdirsə, daxildə göstərilən xidmət bir o qədə bərbaddır. Və sonra da deyirlər ki, "biz xalqımızın məmnunluğu üçün çalışırıq".

Kimin sözüdür bilmirəm, yadımdan çıxıb. "Neynirəm o qızıl teşti ki, ona qan qusacam".?

Bu yeni, möhtəşəm binada da vəziyyət, eyniylə belədir. Xəstəxana açılanda hamı düşündü ki, artıq Xırdalanda yerləşən Nuh əyyamından qalan, müalicə, sağlamlıq ocağından daha çox zindanı xatırladan bu tibb müəssisəsindən canımız qurtardı. Necə deyərlər:"sən saydığını say, gör fələk nə sayır?" Bu gün insanlar ( təbii ki,buraya müraciət edənlərin böyük əksəriyyəti xəstələrdir.) bu iki tibb müəssisəsi arasında girinc (çıxılmaz) vəziyyətdə qalıblar. Poliklinikanın yarısı yeni xəstəxanada, yarısı Xırdalanda, biri ora göndərir, biri bura, naçar insanlar da qalıb yollarda.

Bir də açıqca müşahidə etdiyim odur ki, insanlar Tibbi Sığortaya müəyyən ümidlər bağlasalar da, həkimlərin bu proses heç də ürəklərincə deyil. Hesab edirəm ki, bunun əsas səbəbi, maddiyatla bağlıdır. Yəni görünəni odur ki, həkimlər bu formada çalışmaqdan məmnun deyillər. Məhz bu səbəbdən də, onlarda xəstələrə qarşı gizli bir aqressiya hiss olunur.

Görünəni odur ki, Abşeron rayonunda fəaliyyət göstərən tibb müəssisələrinə nə Səhiyyə Nazirliyi, nə də TƏBİB tərəfindən heç bir nəzarət həyata keçirilmir. Deyilənlərə görə, buna səbəb, onların öz aralarında gedən səlahiyyət davasıdır. Bu onların öz işidir mənə heç bir aidiyyəti yoxdur, biri villa tikdirir, o birisinin pulu çatmır, mən onlara pul verəsi deyiləm ha, özləri bilərlər.

Gəlin qayıdaq korona məsələsinə. Hesab edirəm ki, son zamanlar koronanın daha geniş yayılmasında yuxarıda qeyd etdiklərim də, heç şübhəsiz ki, indi deyəcəklərim də mühüm rol oynayır. Ona görə də onları qeyd etməliydim. Əsas məsələ bu bəlaya qarşı ən etibarlı yolu tapmaqdır. "Sabaha qədər reyvənd olunmasan, küçəyə buraxılmayacaqsan", kimi çağırışlarla, təhdidlərlə bu bəlanı durdura bilməyəcəyik. Buna görə də, qardaş Türkiyənin, eləcə də digər ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Məsələn,Türkiyədə olduğu kimi səyyar tibb məntəqələrinin yaradılması, mənə belə glir ki, elə də çətin bir məsələ deyil. Təkcə Xırdalan şəhərində belə məntəqələrin yaradıla biləcəyi, yüzlərlə məkan tapmaq olar. Masazır qəsəbəsində və digər kənd və qəsəbələrdə də həmçinin.

İri ticarət mərkəzlərində, marketlərdə də bu cür məntəqələrin yaradılması mümkündür. Biz insanlara maksimum şərait yaratmalıyıq ki, onlar reyvənd olunmaqdan yayınmasınlar. Bu gün isə "Bir həftədir gedib-gəlirəm, növbəm çatmır", "iş yerimdən icazə ala bilmirəm" kimi bəhanələrlə peyvənddən yayınmağa çalışırlar. Bildiyim qədəri, belə təşəbbüslər, artıq bir sıra marketlərdə həyata keçirilir. Bunların sayını maksimum artırmaq lazımdır. Hesab etmirəm ki, Azərbaycanda peyvənd vura bilən həkim çatışmazlığı ola.

Amma görünür, həmişə olduğu kimi, Abşeron rayonu yenə də hamının yadından çıxıb.

Bu yaxınlarda bütün "DOST" mərkəzlərində Vahid Əlaqələndirmə Mərkəzləri yaradılıb.

Bu qurumların yaradılmasında məqsəd vətəndaşlara vahid mərkəzdən şəffaf, operativ xidmətlərin göstərilməsidir. Amma nədənsə, bu dəfə də Abşeron rayonu heç kimin yadına düşməyib. Bütün bu yaddaşsızlıq, ögey münasibət son nəticədə yüz minlərlə əhalisi olan Abşeron rayonunda insanların dövlətə inamını sarsıdır, onlar özlərini bir növ atılmış hesab edirlər.

Mən bu yazımda Abşeronun digər sosial problemlərindən söz açmadım. Çünki bütün problemlərin anidən həllinin mümkün olmadığını da anlayıram. Amma bu gün ölkəmizin başında dolaşan korona bəlasından qurtulmaq üçün təxirəsalınmaz tədbirlər mütləq görülməlidir.

İlk növbədə hər bir tibb məntəqəsində onlayın növbə alanlar üçün otaq ayrılmalıdır ki, hər kəs təyin olunduğu vaxtda gəlib, heç bir növbəyə girmədən peyvənd oluna bilsin. İkincisi, qapıda canlı növbəyə nəzarət edən polisin yanında, bir tibb işçisinin də olması vacibdir ki, adicə bir söz soruşmaq üçün insanlar saatlarla orada sıxlıq yaradıb, biri-birilərini yoluxdurmasınlar. Ən azından bu iki təklif nəzərə alınarsa, hesab edirəm ki, insanların sağlamlığı, biri-birilərini yoluxdurmamaları üçün müəyyən işlər görmüş olarsınız.

Bir də, yaddan çıxarmayın ki, Abşeron rayonu da bu ölkənin, elə Bakının özünün də ayrılmaz hissəsidir.

Yusif Seyid