Vətən üçün yaşanan ömür yolu

16:42 08-09-2021 513

1994-cü ildə Lənkəran şəhərində dünyaya göz açmış Orxan Elxan oğlu Quluzadənin ömür yolu çox qısa oldu. Amma o, öz həyatını Vətən üçün yaşadı. Elə bu qəhrəmanlıqla ölməzliyə qovuşdu. Qarabağ müharibəsində Orxan canından keçəndə 26 yaşına təzəcən çatmışdı. Bu az yaşında elə bir tarix yazdı ki, Azərbaycan var olduqca, o, da zaman-zaman gələcək nəsillərə Vətənə əsl sevgi nümunəsi kimi örnək göstərilər.

Orxan Vətəninə, torpağına ilahi bir məhəbbətlə bağlı idi. Odur ki, həyatı dərk edən gündən erməni işğalçılarının Azərbaycanın ən müqəddəs parçası olan Qarabağın işğalına heç cür dözə bilmirdi. 2012-ci ildə həqiqi hərbi xidmətə yola düşəndə dost-tanışlarına deyir ki, Vətən torpaqların xain düşmən tapdağında olması heç cür xalqımızın qəhrəmanlığına yaraşmır. Mən düşməndən qisas almağa gedirəm. Orxanın əsgərliyi cəbhə bölgəsində keçir. Vətənin müqəddəsliyinə tapınan igid əsgər onu göz-bəbəyi kimi qoruyur. Çətin məqamlarda yolunda canından belə keçməyə hazır olur. Ön xətdə dəfələrlə düşmənlə üz-üzə gəlir. Mərdlik və qəhrəmanlıq göstərərək yağının payını layiqincə verir. Orxanın yurdsevərliyi, vətənpərvərliyi onu zabitlərin, əsgərlərində sevimlisi edir. Əsgərlik həyatı başa çatana kimi Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı tam sübut edə bilir. Məhz bu fitri keyfiyyətlərə görə ailəsinə, Lənkəran elinə üzüağ qayıdır.

Fəqət, Orxan üçün Vətən qeyrəti hər şeydən üstün idi. Lənkəranda gün-güzəranı xoş olsa da, Vətən torpaqlarının  işğalı onu rahat buraxmırdı. Torpaqların azadlığı naminə özünü hərbidə görür. Və ürəyinin istəyini əsas götürərək DSXÇHD-də kiçik gizir rütbəsində müddətdən artıq xidmətə başlayır. Həm də məqamı gələndə son damla qanına qədər Vətən naminə düşmənlər döyüşüb qisasını alacağına and içir.

Orxan nizam-intizami gözləyir, hərbi sirlərinə daha mükəmməl yiyələnmək üçün təlim-məşqlərində fəal iştirak edir. Snayper kurslardan keçməklə də çox şeylər öyrənir və Vətənin əsl müdafiəçisi kimi yetişən Orxan ermənilərə öz gücünü göstərmək anını gözləyir...

İkinci Qarabağ müharibəsi başlanan günü Orxanın qələbə sorağı ən qaynar nöqtələrdən gəlir. O, manqa komandiri kimi ağır döyüşlərdə cəngavərtək vuruşaraq düşmənə böyük itkilər verir. Qana susayan erməni faşistlərin elə qanda boğur. Hər döyüşündə düşmənin bağrına çat salan İgid Vətən oğlu Zəngilanda Şükürtaz dağı istiqamətində gedən müharibə meydanında atılan qəfil güllədən özünü qoruya bilmir. Vətən, torpaq sevgisindən yaranan onun şərəfli ölümü millətinə başucalığı gətirir...

İndi Lənkəran elində böyük də, kiçikdə qəhrəman Orxanın adını böyük fəxrlə çəkir. Hər dərə o, xatırlananda qəlbləri Vətən boyda ilahi bir məhəbbət bəzəyir. Dövlət də Orxanın İkinci Qarabağ müharibəsində göstərdiyi şücaəti yüksək qiymətləndirib. Belə ki, ölümündən sonra o, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və ” Qarabağ” ordeni ilə təltif edilib.

Onu da deyim ki, Orxan ailəli idi, 3 yaşlı Ayla adında qız övladını Vətənə əmanət qoydu.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü