RUSİYANIN QARABAĞ SİYASƏTİNDƏ YENİ MƏRHƏLƏ

17:01 08-09-2021 216

II YAZI

 Birinci yazımızda dedik ki, Rusiyanın Qarabağ siyasəti yeni mərhələyə daxil olub, Azərbaycan təklənib, Qarabağın statusu önə çıxarılıb, Putin Azərbaycanı Rusiyanın quberniyasına çevirməyə çalışır. Sonra Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində yol verdiyi səhvləri sıralamağa başladıq. Birinci və ən köklü yanlış addımı şərh etdik, bildirdik ki, hakimiyyətin Azərbaycan anlayışının iki əsas ölçüsü var: a) Rusiyanın təsir məkanında olan, göbəyi Rusiyaya bağlı, ancaq başqa dövlətlərlə də əlaqə quran Azərbaycan; b) əbədi hakimiyyət anlayışı; Bu iki anlayış bir-birinə sıx bağlıdır və müstəqil, azad, ədalətli, inkişaf etmiş Azərbaycanın qurulmasına imkan vermir. Biz bu iki anlayışın yerinə inkişafın, milli birliyin, o sıradan Qarabağ probleminin həllinin yolunu açan iki alternativ təqdim etdik: a) göbəyi xalqa bağlı, Türkiyə ilə gerçək müttəfiq olan, Türkiyənin içində olduğu təhlükəsizlik məkanında yer tutan, Rusiya ilə də bərabərhüquqlu əlaqə quran Azərbaycan; b) əbədi hakimiyyət anlayışının yerinə davamlı hakimiyyət ölçüsünü qoymaq;

Azərbaycan hakimiyyətinin İKİNCİ yanlış addımı budur: Türkiyəni smyasi proseslərdən kənarda tutmaq, Türkiyəyə mərkəzi dövlət deyil, yardımçı, vasitəçi dövlət kimi baxmaq. Azərbaycan xalqı və bütün dünya şahid oldu ki, Qarabağı zalımdan və zülmdən azad etmə hərəkatında Türkiyə Azərbaycana çox böyük, tarixi, dastanlara sığmayan yardımlar etdi. Bütün güc qaynaqlarını bu məsələyə yönəltdi, Cəsur Ərdoğan bəyan etdi ki, Türkiyənin hərbi imkanları Azərbaycanındır. Ancaq savaşdan sonrakı dönəmdə Azərbaycan hakimiyyəti Türkiyənin birbaşa, həlledici dövlət kimi işin içində olmasına imkan vermədi, Rusiyanın israrlarına qarşı ciddi müqavimət göstərmədi:

- üçtərəfli bəyanat dördtərəfli olmalı idi, olmadı;

- Türkiyənin adı belə sənədə daxil edilmədi;

- Azərbaycan üçün uyğun olan iki model var idi: a) danışıqlar dördtərəfli olsun: Azərbaycan-Türkiyə-Rusiya-Ermənistan; b) heç bir vasitəçi olmadan Azərbaycanla Ermənistan danışıqlara başlasın; Azərbaycan hakimiyyəti bu iki yolun heç birini seçmədi;

- Türk ordusu Azərbaycana gətirilmədi;

- işğalməramlı rus əsgəri ilə birgə türk əsgəri də bölgəyə yerləşdirilmədi;

- Laçın koridoruna nəzarət olunmasında türk və Azərbaycan əsgərinin iştirakı təmin edilmədi;

- Türkiyə ilə ciddi sənədlər imzalansa da, onlar kağız üzərində qaldı, Azərbaycan Türkiyə ilə gerçək hərbi ittifaq qurmadı;

- Şuşada Türkiyənin konsulluğu açılmalı idi, açılmadı;

- Azərbaycan Qarabağ məsələsində Türkiyədən ayrı siyasət müəyyənləşdirdi;

- Türkiyəyə bir sıra iqtisadi imkanlar tanınaraq siyasi məsələlərdən kənarda tutuldu;

- Türkiyə ilə vahid siyasi, iqtisadi, hərbi məkanın formalaşdırılması üçün ciddi addımlar atılmadı, duyğusal bağlar siyasi, iqtisadi, hərbi anlam qazanmadı;

- Türkiyə də siyasətini Prezident İlham Əliyev nə deyər ölçüsü üzərində qurdu, halbuki münasibətləri iki dövlət başçısı müstəvisindən iki dövlət arasındakı müstəviyə keçirmək zəruri idi;

Hakimiyyət Azərbaycanın Rusiyanın təsir məkanında qalmasında israr etsə, bunun dörd nəticəsi olacaq: a) hakimiyyət Azərbaycan xalqından qopacaq, belə ki Azərbaycan xalqı ədalət, azadlıq, inkişaf, rifah istəyir, bunların heç biri Rusiyada yoxdur, olsa da, o bunları Azərbaycana verməz; b) hakimiyyət Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, siyasi ehtiyacları ilə savaşa girəcək. Belə ki Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, siyasi ehtiyacı deyir ki, Azərbaycanın müstəqil və azad olmasını istəyirsinizsə, dünya ilə ƏLAQƏ qurun. Azərbaycanın təhlükəsizliyinin və inkişafının açar sözü ƏLAQƏdir, əlaqə Azərbaycanın ilahi təyinatıdır; c) hakimiyyət Türkiyə ilə üz-üzə gələcək. Belə ki Türkiyə Rusiyanın Güney Qafqazda zəifləməsini, hakimiyyət isə güclənməsini istəyir; d) hakimiyyət Avropa və Amerika ilə ciddi konfliktə girəcək – onlar Rusiyanın Cənubi Qafqazdan çıxmasını, hakimiyyət isə bu məkanda qalmasını istəyir;

Azərbaycan hakimiyyətinin Azərbaycanı Rusiyanın təsir məkanında tutmaq siyasəti iki nəticə ortaya çıxartdı: a) Qarabağ problemi Rusiyanın monopoliyasına keçdi; b) Azərbaycanda yeni bir siyasi xəstəlik törədi: Türkçülük qiyafəsində rusçuluq. Bu xəstəliyin daşıyıcısı olan zümrələr Azərbaycanın Rusiyanın təsir məkanında qalması üçün canla, başla çalışır, yazır, danışır, xalqı Rusiya ilə qorxudur, biz Rusiyasız yaşaya bilmərik mesajları verir, eləcə də deyirlər ki, biz Türkiyə ilə bir millət, iki dövlətik, qardaşıq. Burada Həzrət Hüseyni qətl etmək üçün gələnlərin davranış və sözləri yadıma düşür. Onların bir çoxu öncə Həzrət Hüseynin arxasında namaz qıldılar, sonra böyük imama dedilər ki, ürəyimiz səninlə, qılıncımız isə Yezidlədir, sonra da Həzrət Hüseyni amansızca şəhid etdilər...

Mən deyirəm ki, Azərbaycan Rusiyanın monopoliyasında qalsa, ölər, mahiyyətini itirər, Qarabağ əldən çıxar. Azərbaycan xalqı bilir, əmindir, mən də israrla vurğulayıram ki, Türkiyənin birbaşa iştirakı olmadan Azərbaycan Qarabağ problemini öz xeyrinə həll edə bilməz.

 Siracəddin Hacı