Muradov getdi, Avdeyev gəldi-nə dəyişəcək?

18:24 08-09-2021 504

Erməniləri zorla Qarabağda saxlamağa çalışırlar

 Əvvəlcə onu qeyd edim ki, Rusiya " sülhməramlıları"nın Qarabağda yerləşdirilməsi, ümumiyyətlə qəbul olunacaq bir hal deyildi. Ancaq ölkəmiz yenidən özünün xoşməramlı mövqeyini nümayiş etdirərək, buna etiraz etmədi. "Sülhməramlılar"ın Qarabağa gəldikləri ilk gündən ermənilərin mövqeyini müdafiə etdiyi də, açıqca ortada idi. Rusların Qarabağa sülhməramlı adı ilə qoşun yeritməsi, elə rusiyalı siyasi şərhçilərin dili ilə desək, məqsədyönlü bir addım idi və onlar 30 il gözlədikləri məqsədlərinə çatdılar.

Bu da, artıq təkzibolunmaz faktdır ki, əslində ermənilər də, Azərbaycan ərazisində yaşamaq istəmirlər. Bu gün onların böyük əksəriyyətinin öz əmlaklarını sataraq başqa yerlərə köç etmək istəkləri də, bunu bir daha təsdiq edir.

Generalın biri getdi, başqası gəldi, Qarabağda nə isə dəyişəcəkmi sualının bir cavabı var, bu ermənilərin deyil, rusların siyasətidir və ermənilər də bunu qəbul etmək zorundadırlar. Çünki rusun barmağı harada varsa, orada sabitlik yoxdur. Maldovanı, Krımı, Ukraynanı, Abxaziya və Osetiyanı, ondan əvvəl Çeçenistan və İnquşetiyanı xatırlayın. Rusiya bütün tarixi boyu, babaları Pyotrın "parçala hökm sür" pirinsipləri ilə siyasət yürüdüblər və sovet imperiyasının süqutu onların bu siyasətinə maneələr yaratsa da, rusiya hakimiyyət dairələri öz anbisiyalarından geri çəkilmək istəmirlər. Hər yerdə bir qarışıqlıq yaradaraq öz siyasətlərini qəbul etdirməyə çalışır. Rusiya olmasaydı, Azərbaycan -Ermənistan münasibətlərini çoxdan həll etmək olardı.  Amma nə yazıqlar ki, Ermənistan Rusiyasız heç bir qərar qəbul etmək iqtidarında deyil.

Bu gün Azərbaycan -Ermənistan sərhəddində, Qarabağda törədilən təxribatlar da, Rusiya siyasətinin bir həlqəsidir. Onlar bu yolla ermənilər üçün müəyyən bir status əldə edəcəklərinə ümid edirlər. Baxmayaraq ki, Azərbaycan prezidenti İlham Əliyev həm Ermənistana, həm Rusiyaya, həm də digər dövlətlərə açıq mesaj verib ki, bu bölgədə hər hansı bir statusdan söhbət gedə bilməz.

Fəqət, ermənilər bu bölgədə yaşamaq istəməsələr belə, ruslar onları buna məcbur etməyə çalışır. Çünki ermənilər olmadığı halda, rus qoşun hissələri hər hansı bir ad altında Azərbaycan ərazisində qala bilməzlər. Rusların isə məqsədi burada hərbi mövcudluğunu qorumaqdır. Buna görə də, bu məsələdə həm Azərbaycan, həm də Türkiyə daha sətr mövqe nümayiş etdirməlidir. Çünki Rus "sülhməramlıları" bölgədə ermənilərin dəstəkçiləri rolunda çıxış edirlər. Görünəni odur ki,  bu situasiya bəzi Qərb dövlətləri üçün də sərfəlidir və buna görə də susqunluq nümayiş etdirirlər. Yoxsa, Rusiya bu məsələdə, bu qədər irəli gedə bilməzdi.

Yusif