Fəaliyyəti hiss edilməyən təşkilat büdcəyə əlavə yükdür

11:53 10-09-2021 405

Demək olar ki, hər günümüz hansısa ailənin həyatında dəhşətli faciənin baş verməsi xəbəri ilə açılır. Qadın, kişi, uşaq vəhşicəsinə qətlə yetirilir. Ailə qurarkən yaxşı və pis gündə bir-birilərinin yanında olmağa söz verən ər-arvadlar özlərinin və ya övladlarının, övlad – valideynlərinin, nəvə – baba-nənəsinin, baba-nənə – nəvəsinin QATİLinə çevrilirlər. Qadının başı övladları qarşısında kəsilir, ər boynundakı zəncir boyunbağı vasitəsilə qətlə yetirilir, ana öz körpə uşağı ilə damdan yıxılıb (bəlkə də qəsdən itələnib) öldürülür…

Üstəlik, o dünyaya könüllü yollananların – intihar edənlərin sayı da artıb. Əgər alimin ailəsində intihara cəhd edilirsə, bu, artıq qırmızı xəttin keçilməsi deməkdir.

Bu arada “pandemiya yuxusu”ndan oyanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayın sonunda uşaqlar üçün “Lider olmaq istəyirəm” adlı yay məktəbi, Litvaya məişət zorakılığı ilə bağlı tvinniq layıhəsi çərçivəsində səfər təşkil etməklə, müxtəlif mövzularda konfranslar keçirməklə, sosial çarxlar çəkməklə, öz saytında “Ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində hansı işlər görülməlidir?“ kimi gülünc online sorğusu keçirməklə məşğuldur.

Təsəvvür edirsinizmi, dövlətin yaratdığı, vəzifələrini və hüquqlarını müəyyənləşdirdiyi komitə hansı işlərin görülməsini uzun illərdən sonra cəmiyyətdən soruşur. Başqa sözlə, camaata müraciət səslənir: “Əvəzimizə düşünün”. Aşkardır ki, ehtiyacı olanlara yardım etməkdən ötrü Komitənin əli də çatmır, düşüncəsi də…

Hazırda ictimaiyyətin tanınmış nümayəndələri də faciələrin qarşısının alınması məqsədilə cəmiyyətə çağırışlar edir, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də…

İntihar məsələsi o qədər qorxunc hal alıb ki, bir müddət öncə Baş Prokurorluğun mətbuat xidməti cəmiyyətə videomüraciət ünvanlamağa məcbur oldu. Həmin müraciətdə təkcə 2021-ci ilin I yarısı ərzində ölkə ərazisində 322 nəfərin intihar etdiyi bildirilirdi. Müharibədən qalib çıxmış ölkənin belə statistika ilə üzləşməsi anlaşılmazlıq doğurur. Amma intiharların və ailə-məişət zorakılığının qarşısının alınmasında dönüşə nail olunması Baş Prokurorluğun cəmiyyətə “bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq” çağırışı ilə çözülmür.

İş o yerə çatıb ki, Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri Baş Prokurorluğun ölkəmizdə məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayıb.

Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbərindən “dərindən kədərləndiklərini” bildiriblər. İngilis diplomatlar bizi artıq bir sıra dövlətin tərk etdiyi “İstanbul Konvensiyası”na qoşulmağa çağırıblar,  ABŞ səfirliyi “Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacaqlarını” ifadə edib.

Komitənin scfwca.gov.az saytındakı xəbərdən isə məlum olur ki, cəmiyyətdə baş verən intihar hadisələri ilə bağlı “Günün aktual problemi – İNTİHAR” adlı təhlil hazırlanıb və mediada işıqlandırılıb. Bundan başqa, Baş Prokurorluğunun təşkilatçılığı və Komitənin iştirakı ilə intihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar yüksək səviyyəli konfrans keçirilib. Vəssəlam! Amma, nə hikmətdirsə, həmin “təhlil” və “yüksək səviyyəli konfrans” intiharların qarşısını almaqda acizdir. Çünki belə addımlar yalnız hansısa məsələ üzrə iş görüldüyünü bəyan etmək üçün “quş qoymaq” cəhdinə bənzəyir.

Halbuki, 14 yanvar 1998-ci il tarixində yaradılan, sonradan səlahiyyətləri daha da genişləndirilən bu qurum ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab edilir. Dövlət bu Komitəni kifayət qədər vəzifə və hüquq sahibinə çevirib.

Amma Komitənin bu sahədə fəaliyyətini hiss edən varmı? Güman etmək olardı ki, vaxtilə Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti, YAP Qadınlar Şurasının sədr müavini və icra katibinin müavini, Milli Məclisin deputatı, sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, özünü təcrübəli siyasi xadim hesab edən Bahar Muradovanın 12 mart 2020-ci il tarixindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrliyinə gətirilməsi bu sahədə köklü dəyişikliklərin baş verməsi ilə nəticələnəcək. Müşahidələr göstərir ki, belə olmadı.

Cəmiyyətin nəbzi rolunu oynayan sosial media şəbəkələrində həmin qurumun varlığı ilə yoxluğunun bilinmədiyinə diqqət cəlb edilib. Məsələn, bu yaxınlarda “facebook”da jurnalist həmkarım Sevinc Paşayevanın “Bizə görə bu qurum büdcəyə əməlli-başlı yükdür. Dəyərli oxucular, bəs siz necə düşünürsünüz?” sualına cavabları oxuyanda dəhşətə gəlirsən.

(https://m.facebook.com/groups/1556469801231658/permalink/2975603849318239/?sfnsn=mo)

Sorğuda iştirak edənlərin hamısı Komitəni fəaliyyətsizlikdə, biganəlikdə ittiham edib və büdcəyə məhz yük olduğunu vurğulayıb. Bircə nəfər belə Komitənin müdafiəsinə qalxmayıb…

Heç kim üçün sirr deyil ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Qarabağın yenidən qurulması və yaşayış halına gətirilməsi istiqamətində var gücləri ilə çalışırlar. Siyasi, diplomatik və hərbi sahələrdə erməni havadarlarının təzyiqlərini neytrallaşdırmaq, şəhid ailələrinin və qazilərimizin dövlətin himayəsi ilə əhatə olunması və sair önəmli məsələlərlə bağlı mühüm addımlar atılır.

Bu proseslərin cərəyan etdiyi, eləcə də koronavirus pandemiyasının gətirdiyi əlavə sıxıntıların fonunda dövlət qurumlarının üzərinə ikiqat məsuliyyətin düşdüyünü siyasətdən kənar adamlar belə anlaya bilərlər. Gözləmək olardı ki, Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlığı sayəsində Qələbə qazanmağımız dövlət strukturlarında əyləşən məmurların xalqa münasibətini kökündən dəyişəcək. İşə ikiəlli sarılıb, xalqa doğmalıqla və həssaslıqla yanaşılacaq, sosial gərginliyin yaranmasına, məişət zorakılıqlarının artmasına yol verilməyəcək.

Amma sıxıntılı prosesləri biganəliklə və laqeydliklə kabinetdən izləməyin, pandemiya məhdudiyyətlərinə görə beş-altı adamın iştirakı və ya videokonfranslar vasitəsilə keçirilən tədbirlərlə işini yerinə yetirdiyini düşünməyin adı nədir?

Axı dövlət qurumlarında çalışanlar hər kəsdən yaxşı dərk etməlidirlər ki, ölkəmizdə baş verən hər mənfi təzahürə sevinən mənfur düşmənlərimizə, hakimiyyətdən rədd edilmiş, amma öz fürsət imkanını gözləyən, məkrli məqsədlərinə çatmaq naminə hətta şeytani qüvvələrlə birləşməyə hazır olan revanşistlərə, eləcə də qeyri-vətənpərvərlərə əlavə bəhanə vermək yaramaz. Yoxsa qalib ölkəmizin adının beynəlxalq reytinqlərdə və hesabatlarda sonuncu yerlərdə çəkilməsi, dövlət kimi imicimizin yerlə-yeksan olması xoşlarına gəlir?!

Məgər antiazərbaycan qüvvələrinin ictimai rəyə təsirini, cəmiyyətdə baş verən xoşagəlməz halları, narazılıqları minimuma endirmək dövlət başçısı komandasının hər bir məmurunun vəzifə və vicdan borcu deyilmi?! Heç olmasa, ayın neçə gününü Qarabağa səfər etməklə, orada həyata keçirilən işləri öz  gözü ilə görməyə üstünlük verən Prezidentin real iş təcrübəsindən bəhrələnsinlər.

Ermənilər üzərində üstünlüklərimizi sadalayarkən xalqımızın sayını da əsas gətiririk. Ötən ildən bu yana müharibənin və pandemiyanın alıb apardığı soydaşlarımızın taleyini başımıza gələn erməni fəlakəti və dünyanı bürümüş bəla ilə izah edirik. Amma ölkəmizi bürümüş intiharların və qətllərin səbəbini nə ilə izah edək? Axı insan dünyanın əşrəfi sayılır. Bu acınacaqlı durumun aradan qaldırılması naminə müvafiq dövlət qurumlarının, xüsusilə də Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin tam gücü ilə hərəkətə kecməməsini heç cür izah etmək olmur.

Mövcud durumda Komitə rəhbərliyi və əməkdaşları digər müvafiq qurumlarla bərabər kabinetlərindən çıxıb, xalqın içinə getməlidir. Vaxtilə gözəl və nümunəvi ailə ənənələrinə malik olan, böyük-kiçik yeri bilən, xeyirxahlığın hökm sürdüyü cəmiyyətimizdə bir ailədə belə faciənin baş verməsi fəlakət sayılmalıdır. Biz cahilliyin, mövhumatın, vəhşiliyin hökm sürdüyü orta əsrlərdə deyil, insan beyninin texnoloji möcüzələr yaratdığı XXI əsrdə yaşayırıq.

Bu da sənə məsləhət: Komitədə bütün şəhər və kəndlər üzrə problemli ailələrin, zorakılığa məruz qalan qadınların, kişilərin (bəli, belə hallar da mövcuddur), uşaqların, ahılların siyahısı olmalıdır. Həmin ailələr xüsusi nəzarətə götürülməlidir. Onları təhdidlə deyil, ardıcıl iş aparmaqla normal həyata qaytarmaq lazımdır. İstənilən insana əl qaldırmağın, qatillik bədəlinin necə ağır olduğu barədə ictimai rəy formalaşdırılmalıdır. Bu məqamda söhbət “qozbeli qəbir düzəldər” kateqoriyasında olanlardan getmir. Amma həmin kateqoriyaya aid  insanların öz ailələrinə ziyan vurmasının qarşısı xüsusi vasitələrlə alınmalıdır.

Əks halda vətəndaş cəmiyyətində “heç kim heç kimin kitabını oxumur” fikri özünə getdikcə daha çox yer alacaq. Bu, ilk növbədə hakimiyyətin imicinə böyük zərər vuracaq, eləcə də Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mövcudluğunun kimə lazım olduğu sualını aktuallaşdıracaq. (Yeganə cavab – oradan maaş alanlara). Çünki real iş görməyən qurumun büdcəyə yük olması onsuz da qənaət rejimində fəaliyyət göstərməyə çalışan dövlətimizə heç gərək deyil. Heç kəs Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən narazı olduğuna görə intihar etmir, amma əgər intihar, zorakılıq edənlər varsa, həmin təşkilatın işindən razı qala bilmərik!

Müəllif Səid Cəfəroğlu

Mənbə KONKRET.az