Vaqif Cavadov: -"Neftçi" - "Qarabağ" oyunu indiki məqamda heç nə vəd etmir"

16:35 10-09-2021 234

"Maraqlı və gərgin oyun olacaq. Amma mövsüm yeni başlayıb. Demək olmaz ki, bu matçdan sonra hansısa komanda çempionluğa daha iddialı olacaq. Çünki öz aralarındakı birinci qarşılaşmadır. Bundan sonra minimum 3 dəfə üz-üzə gələcəklər".

 Bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Premyer Liqanın III turunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçı barədə danışarkən deyib.

32 yaşlı veteran hücumçu bildirib ki, bu komandalar arasında oyunlar hər zaman önəmli olub: "Bu görüşdə "Neftçi"nin avrokuboklardan kənarda qalmasından sonrakı vəziyyəti, həmçinin "Qarabağ"ın Konfrans Liqası öncəsi durumu bəlli olacaq. Fikrimcə, qarşıdakı goyunda daha çox buna fikir veriləcək".

Cavadovun sözlərinə görə, qarşılaşma indiki məqamda heç nə vəd etmir: "Təbii ki, hər xal önəmlidir. "Qarabağ"ın düşüncəsi "Bazel"lə qrup oyununadək formanı qoruyub saxlamaq, hər bir futbolçunu ideal vəziyyətə gətirməkdir. "Neftçi" "Qarabağ" üçün yaxşı rəqibdir. Bu cür oyunlar nə qədər çox olsa, hər iki tərəf üçün o qədər yaxşı olar. Amma hazırda bu matç Ağdam klubu üçün daha vacibdir. Çünki avrokubok görüşü öncəsi komandanın hansı vəziyyətdə olduğu görünəcək".

"Neftçi" ötən mövsümün son turunda məhz "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edəərk çempion olub. Keçmiş forvard "köhlən atlar"ın revanş barədə düşünmədiyini vurğulayıb: "Mənim tanıdığım komanda buna heç önəm də vermir. Hər iki komanda üçün bütün oyunlar vacibdir. Ötən mövsümdə də gördük ki, hər xal qızıla bərabərdir. "Qarabağ"ın xal itkiləri sonda "Neftçi"nin çempionluğu ilə nəticələndi".

2007 - 2010 və 2012 - 2013-cü illərdə "Qarabağ"ın formasını geyinmiş Cavadov milli komandanın oyunlarından sonra Ağdam klubunun eniş yaşamasına da toxunub. O, bu amilin komandaya mənfi təsir göstərə biləcəyini istisna etməyib: "Çünki "Qarabağ"ın yerli futbolçuları demək olar ki, yığmanın əsasını təşkil edir. Onlarsız məşq etmək çətin olur. Futbolçular millinin heyətində 7 günə 3 oyun keçiriblər. İstər-istəməz yorğunluq yaranır. Düzdür, Premyer Liqada o temp yoxdur. Amma yenə də fiziki yorğunluq olur. Bu, komandanın oyun sxeminə, üslubuna təsir edə, baş məşqçi üçün problem yarada bilər. İnanmıram ki, yığmadan qayıdan futbolçuların hamısına start heyətində yer veriləcək".

Cavadov prinsipial oyunla bağlı proqnoz vermək istəməyib: "Bu cür matçların favoriti olmur. Çünki "Neftçi" və "Qarabağ" hərəsi ayrılıqda favoritdir. Hər ikisi öz komandamızdır, uğurlar arzu edirəm. Qoy, kim güclü və hazırlıqlıdırsa, o da qalib gəlsin. Bu komandaların oyunları hər zaman turun mərkəzi matçları sayılır. Bunu meydandakı mübarizə ilə də sübut etmək lazımdır. İnanıram ki, baxımlı oyun olacaq".

Qeyd edək ki, sentyabrın 12-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 20:30-da başlayacaq.