Oliqarx Babayevin işi: daha bir nəfər həbs olundu

12:24 13-09-2021 333

Rusiyanın Rostov şəhərində azərbaycanlı oliqarx-biznesmen Kərim Babayevin işi üzrə axtarışda olan daha bir fiqurant həbs edilib.

 virtualaz.org
- xəbər verir ki, həbs olunan şəxs sahibkar Aleksandr Lobkodur. İstintaqın versiyasına görə, biznesmen fəaliyyəti kağız üzərində olan şirkətlər yaradıb, Aksay rayonunda Babayevlərin ailəsinə məxsus bazarların ərazisində ticarət imitasiyası formalaşdırıb.

Güc strukturlarındakı mənbə 161.RU portalına bildirib ki, Lobko əslində Kərim Babayevin meyvə-tərəvəz bazarına nəzarət edib-“yer məsələlərini həll edib və icarəçilərdən pulları toplayıb”. Mənbə onu da deyib ki, həbs olunan biznesmen Babayevin uzaq qohumudur.

Xatırladaq ki, Rostov vilayətinin ən imkanlı iş adamı hesab edilən Kərim Babayevə qarşı əməliyyat 2021-ci ilin aprelində başlayıb. Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Aksay rayonuna 27 ildir başçılıq edən Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun şirkətlərindən birinin icraçı direktorunu həbs edib.

Kərim Babayev özü həbsdən yayına bilib və bəzi məlumatlara görə ya Türkiyəyə, ya Azərbaycandakı “çox nüfuzlu qohumlarının yanına” qaçıb. Bu əməliyyatın ardınca güc strukturları qoşun yeridərək Babayevin Aksay rayonundakı dörd nəhəng ticarət mərkəzi-“Almaz”, “Atlant”, “Klassik” və “Stroitelniy” bağlayıb. Həmin bazarlarda çoxsaylı azərbaycanlılar da işləyirdi.   

İttihama əsasən Kərim Babayev Vitali Borzenko ilə korrupsiya əlaqəsinə girərək Aksay rayonunda onlarla hektar torpağı qanunsuz yolla ələ keçirib və orada ticarət mərkəzləri tikib. Habelə bazardan əldə edilən qeyri-leqal gəlirlərin “yuyulmasını” təşkil edib. Babayevin bazarları 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərdiyi halda nədən onların “qanunsuz olduğuna” indi diqqət yetirdikləri müəmmalıdır.

Bildirilir ki, Lobko “Bastion” mühafizə şirkətinin səhmlərinin 34 faizinə nəzarət edir. Şirkətin daha 33 faizi İrina Sukaç adlı qadının adınadır, o “Osminojek” akvaparkının həmtəsisçisidir. Bu akvaparkın kapitalı Babayevlərə məxsusdur. Bu ilin iyun ayında hakimiyyət orqanları akvaparkın sökülməsini tələb edib, bildirilib ki, obyekt qanunsuz tikilib. Lakin həmin akvapark 20 ildir mövcuddur və onun “qanunsuz olduğunun” niyə indi yada düşdüyü məlum deyil.

Habelə məlumata görə, Lobko “Atlant City” şirkətinin də həmtəsisçisidir, səhmlərin 50 faizi ona, qalanı Babayevlərə məxsusdur.

Lobkonun mühafizə şirkətinin sərəncamında qeydiyyatı olmayan onlarla odlu silah da aşkarlanıb. Ötən gün Rostov məhkəməsi onun barəsində bir aylıq həbs qətimkan tədbiri seçib. Kərim Babayev isə beynəlxalq axtarışdadır.