Uzunluğa tullanmada gəzərək çempion olan idmançımız: “Düşündüm ki, yarışı gülməli notlarla bitirim” - VİDEO

12:43 13-09-2021 144

“Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, Paralimpiya Oyunları zamanı bizə dəstək oldular. İnternet vasitəsilə bunun şahidi olduq. Şükürlər olsun, çox əziyyət çəkib, qızıl medalı qazandım”.

Bunu Milletinsesi.info-a açıqlamasında Tokio Yay Paralimpiya Oyunlarında atletikanın uzunluğa tullanma növündə qızıl medal qazanmış Orxan Aslanov deyib.

O, atletikada ondan qabaq medalların qazanılmasının ona əlavə güc verdiyini bildirib: “Düzdür, bunun kimi çətin yarışım olmayıb. Amma dünya çempionatında da çıxış edərkən çətinlik çəkmişəm. Həm Paralimpiya komandamızın məndən əvvəl qazandığı medallar, həm də cənab Prezidentin və Birinci vitse-prezidentin mükafat qazanan idmançıları təbrik etməsi üzərimə böyük məsuliyyət qoyurdu. Ən böyük arzumuz isə şəhid və qazilərimizə bu qələbələri həsr etmək idi”.

26 yaşlı idmançımız gözləri nisbətən zəif görənlərin yarışdığı T13 kateqoriyasında mübarizə aparıb. O, 7.36 metr uzunluğa tullanmaqla həm qızıl medal qazanıb, həm də kontinental rekorda sahib çıxıb. Lakin idmançımız sonuncu – altıncı cəhdində gücünü sərf etməyə ehtiyac duymayıb. O, tullanmayıb və qumun üzərinə yeriyərək çıxıb. Nəticədə ən aşağı nəticə – 3.78 metr nəticə qeydə alınıb. Orxan Aslanov bu addımını belə izah edib:

“Məşqçimdən soruşdum ki, sonuncu cəhddə belə etmək olarmı? Artıq qızıl medal həll olunmuşdu və sonuncu çıxış edəcək idmançı mən idim deyə belə etdim. Bundan bir cəhd qabaq Paralimpiya rekordu qırmaq üçün çox çalışdım. Amma gördüm ki, hava şəraiti, yağışın güclənməsi buna imkan vermir. Gördüm ki, rekord üçün imkan olmayacaq. Düşündüm ki, yaxşısı budur, yarışı gülməli notlarla bitirim”.

Səbuhi Musayev