Villası yarımçıq qalan TƏBİB-çi

16:34 13-09-2021 459
Yox, deyəsən TƏBİB-in sabiq rəhbəri gəliri yuxarılardan gizlədirmiş.
 
Mövzudan bəhs edən əvvəlki yazımızda bildirmişdik ki, əgər gənc rəhbər Ramin Bayramlı o qurumun gəlirlərinə şərik olanların payın vaxtında və kəsirsiz çatdırıbsa kimsə ondan sotu 70000 manata torpaq alması və özünə orda feodallara xas qəsr tikdirməsinin hesabını sormayacaq. Amma görünən odur ki, sorublar həm də elə dəqiq faktlar gətirməklə ki, adam könüllü istefa vermək zorunda qalıb. Düşünürəm ki, Ramin həkimin istefası ilə bir müddət əvvəl həbs edilmiş iki tibb ocağının direktorlarının bilavasitə bağlılığı var. Ehtimal ki, gözlənilən məhkəmədə çox şeylərin aşkara çıxacağından ehtiyat edən şəbəkə Bayramlını adı könüllü istefaya göndərməklə heç olmasa dövlət qurumunun imicini qorumağı hədəfləyir, eyni zamanda zəncirin çözülməsini elə Ramin həkimdə dayandırmaq istəyirlər. Çünki illərin təcrübəsi də sübut edir ki, bizdə nə yaşı 90 haqlamış, nə də sütül məmur heç bir halda, istəsə belə könüllü istefa verə bilməz. Odur ki, heç olmasa villasının inşaası tamamlanmamış Ramin doktorun könüllü istefa verməsi əsla mümkün ola bilməzdi. Bu baxımdan R.Bayramlı gəlib-getmiş məmur korpusu içində yeganə şəxs olacaq ki, villası yarımçıq qalmış olur. Təbii ki, biz cəmiyyətə bəlli olanın nəzərdə tuturuq, mümkündür ki, hörmətli Ramin həkimin ölkənin dilbər guşələrində, yaxud dənizkənarı bağ massivlərində də diqqət çəkməyən evi olmuş olsun. Məncə R.Bayramlının ulduzunun belə tez “sönməsi” onun təyinatının uğursuz vaxta təsadüf etməsidir. Adam kresloda oturandan ölkə virusla mübarizədədir və haqq-nahaq hamı da tibb sahəsindəki bütün neqativləri onun adına bağlayır. Ərşə dirənən o qarğışların müqabilində əlbəttə ki, villa yarımçıq qalacaqdı. Hələ R.Bayramlının ətrafında baş verənlər istefa ilə yekunlaşsa gedib nəzir-niyaz paylasın.
 
 Səma
 Paralel.az