Zaqatala şəhər poliklinikasının müdiri Məmmədrəsul Teyyubov pul almadan sənədə möhür vurmur? - İDDİA

13:35 14-09-2021 270

"Bunlar təkcə mənim başıma gəlmir, bütün zaqatalalılar bu gündədirlər. Xəstəxana bazar kimi işləyir, burada rüşvət almayan həkim yoxdur. Heç kəs bu xəstəxana ilə baçara bilmir". 

Bu sözləri Zaqatala rayon Mərkəzi Xəstəxanasından narazı olan rayon sakini Nərmin Əliyeva (ad-soyad şərtidir) söyləyir. 

O, bacısının Zaqatala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyini, bacısının və digər tanışlarının xəstəxanaya pul verərək işə düzəldiklərini iddia edir. 

N. Əliyevanın özü də xəstəxanada problemlə qarşılaşıb. Onun iddiasına görə, xəstəxananın şəhər poliklinikasının müdiri Məmmədrəsul Teyyubov pul almadan sənədə möhür vurmur: "Anamın pensiya işi ilə bağlı xəstəxanaya müraciət etmişdik. Həkim Məmmədrəsul Teyyubov anamın sənədinə möhür vurmadı. Axırda araya tanışları salandan, 100 manat da pul verəndən sonra baxmağa razılıq verdi".

"Həkimi evdən gətiririk"

Daha bir rayon sakini Qurban Ramazanov da xəstəxanadan şikayətçidir. O danışır ki, bir neçə gün öncə uşağının qolu sındığı üçün xəstəxanaya aparıb. Lakin gecə növbəsində olan rentgenoloq yerində olmadığından onu evindən gətirmək məcburiyyətində qalıb: "Uşağın qolu sınıb, ağrıdan dayana bilmir, həkim yoxdur. Axır, gedib həkimi özüm evindən gətirmişəm. Xəstəxana işçiləri də elə davrandı ki, elə bil belə də olmalıdır - xəstə həkimi özü gətirməlidir". 

Q. Ramazanovun dediyinə görə, bunlardan sonra hələ həkimə əlavə pul da verib: "Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır".

"Zaqatala Mərkəzi Xəstəxanasında nə insaf gördük, nə mürvət" 

"Xəstəxanada dərman almağa gedən insanları növbəsiz, saatlarla gözlədirlər. Baxırsan ki, növbəyə düzülən adamların üzündən giley yağır. İcbari tibbi sığorta sisteminə keçəndən bəri vəziyyət daha da pisləşib. Cərrahiyə və doğum şöbəsi biabırçılıqdır. Cərahhiyədə yıxılıb ölsən, sənə baxan olmaz. Ailələr uşaq dünyaya gətirmək üçün doğum şöbəsinə 500-600 manat pul verməli olurlar". 

Bu sözləri isə başqa bir sakin İlhamə Həsənova (ad-soyad şərtidir) deyir. 

İlhamə Həsənova əlilliyi ilə bağlı xəstəxanaya tez-tez müraciət etməli olur, dediyinə görə, xəstəxananın daimi gedib-gələni olduğundan, buradakı vəziyyətdən xəbərdardır: "Xəstəxana labaratoriyalarında yeni avadanlıqlar yoxdur. İcbari tibbi sığortaya keçəndən bəri analizlərin nəticəsi də düz çıxmır,  gedib Bakıda yoxladanda tamam fərqli nəticələr görürük. Daha camaat bu xəstəxanaya inanmır. Hamı canının dərdindən təzə açılmış kliniklara qaçır". 

Şikayətçinin sözlərinə görə, həkimlərin savadında problem yoxdur, sadəcə müdriyyət rüşvətə bulaşıb və onları işləməyə qoymur: "Həkimlər də deyir ki, işə pul verib girmişəm, o pulu yığıb gedəcəm".

Mərkəzi Xəstəxananın illərdir bitməyən dərdi...

Zaqatala rayon Mərkəzi Xəstəxanasından bu qədər şikayətin olması birinci dəfə deyil. İllərdir ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) rayon sakinlərinin xəstəxanadan şikayətləri paylaşılır. 

Şikayətlər daha çox xəstələrə düzgün diaqnozun qoyulmaması, həkim səhlənkarlığı, rüşvətxorluq və buna bənzər digər məsələlərlə bağlı olur. Sakinlər hər dəfə eyni problemləri səsləndirirlər. Bəs bu problemlər niyə hələ də həll olunmur?

TƏBİB: “Sakinlər hüquq-mühafizə orqanlarına müraciət etsinlər”  

Zaqatala rayon Mərkəzi Xəstəxanası 2020-ci il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilib.  TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vahid tənzimləmə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətindədir. Qurumun məlumatına görə, 129 min əhalisi olan Zaqatalada 45 tibb müəssisəsi, 187 həkim, 520 orta tibb işçisi fəaliyyət göstərir. 

TƏBİB-in mətbuat katibi Elnarə Baxışovanın dediyinə görə, Mərkəzi xəstəxanada infrastruktur və avadanlıqlar mütəmadi olaraq yenilənir, yeni avadanlıqlar alınır. O ki, qaldı digər problemlərə, qurumun sözçüsü hesab edir ki, özbaşınalıqdan, korrupsiyadan, həkim səhlənkarlığından şikayəti olan sakinlər hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə Toplum TV