“Beerlin Pub”ın rəhbərliyi barədə ölçü götürülməlidir” - Yenə kütləvi dava düşdü + Video

13:46 14-09-2021 288

Avqustun 29-da axşam saatlarında mühafizəçinin müştərini döyərək öldürdüyü, iş adamı Ceyhun Həsənova məxsus “Beerlin Pub” kafesi fəaliyyətə başladıqdan bir neçə gün sonra yenidən kütləvi davaların, ictimai asayişin tez-tez pozulduğu məkana çevrilib.

Obyektin yerləşdiyi yaşayış binasının sakinləri Kriminalqafqaz.az”a müraciət edərək bildiriblər ki, qətl baş verən gündən sonra iki gün kafe fəaliyyətini dayandırıb: ““Pub” işə başlayandan sonra hər gecə dava düşür, sərxoş adamlar obyektin önündə söyüş söyürlər.

Biz də evimizdə, ailəmizlə, uşaqlarımızla rahat yaşaya bilmirik. “Beerlin Pub” kafesinin rəhbərliyi buna şərait yaradır. Demək olar ki, hər gün axşam saat 11-dən gecə saat 1-ə kimi obyektin qabağında dava düşür. Ölən öldü, tutulan tutuldu, amma obyektin rəhbərliyi hələ də öz bildiyini edir”.

Sakinlərin müraciətində qeyd edilir ki, sonuncu belə hadisə sentyabrın 12-də baş verib: ““Pub”dan sərxoş çıxan kişilər arasında dava düşdü, söyüşlər söyürdülər. Daha sonra əraziyə polislər çağırıldı, Post Patrul Xidmətinin 6 avtomobili gəlmişdi. Kafenin müştəriləri elə vəziyyətdəydilər ki, özlərini idarə edə bilmirdilər. Polisə müqavimət göstərirdilər, PPX əməkdaşları onları zor gücünə maşına mindirib ərazidən uzaqlaşdıra bildilər.

Amma bu da çıxış yolu deyil, çünki bu gün tutub aparırlar, səhəri gün axşam yenə dava düşür. Artıq 102 xidmətinə də məlumat vermişik, müvafiq qurumlar “Beerlin Pub” kafesinin rəhbərliyi barədə ölçü götürməlidirlər ki, biz öz evimizdə rahat yaşaya bilək”.

“Beerlin Pub” kafesinin rəhbəri Ceyhun Həsənov Bakıda restoranlar, “pub”lar və “cinemaclub”lar şəbəkəsinə malikdir.

Fotoda: Ceyhun Həsənov

Son günlər müzakirə obyektinə çevrilən məşhur “pub”ın sahibi iş adamı Ceyhun Həsənovdur.

Məlumatlara görə, hadisə baş verən “Beerlin Pub” Ramil adlı şəxsin adına sənədləşdirilib. Qətl hadisəsindən sonra həmin şəxsin də saxlanıldığı, bir neçə saat öncə sərbəst buraxıldığı bildirilir.

Onun atası vaxtilə polis sistemində çalışıb və vəfat edib. C.Həsənov hələ yeniyetmə yaşlarından pub-restoran sahəsində fəaliyyət göstərən şəxs olub. Onların ailələrinin böyük restoran şəbəkəsi var.

Belə ki, Ceyhunun qayınanası Nərgiz xanımın da ayrıca restoran şəbəkəsi olması haqda məlumatlar var. “My dom u Nargiz” restoranı da həmin şəbəkəyə daxildir. Onların sahib olduğu restoranlar Bakının ən məşhur və elit iaşə obyektlərindən biri olub. “2 Beer Baku”, “Yaşıl vadi” adlı məşhur obyektlər də C.Həsənova məxsusdur.

Ceyhun Həsənov həm də Bakıda “Cinema klublar kralı” kimi tanınır. Məlumatlara görə, Ceyhun Həsənov hərbi xidmətdən də yayınıb.

Ceyhun Həsənovun son model lüks avtomobili ilə fotolarını da təqdim edirik.

Fotoda: Orxan Şahbazov

Tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazovun müştəri Vüqar Mustafayevi döyərək öldürməsindən sonra “Berlin Pub”ın daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.

Həmin məkanın yerləşdiyi yaşayış binasının sakinlərindən bir neçəsi müraciət edərək bildirib ki, təxminən bir il əvvəl fəaliyyətə başlayan “Berlin Pub”da mütəmadi olaraq dava baş verirmiş: “Səs-küy daim yüksək olurdu, polisə dəfələrlə şikayət etmişdik. Gəlib xəbərdarlıq edib gedirdilər. Polislər deyirdi ki, karantin rejimi saat 12-yə kimidir, onlar da karantin rejimini pozmadığı üçün heç nə edə bilmərik. Davalar da həmişə kafenin çölündə olduğu üçün “Berlin Pub”ın rəhbərliyinə bir söz deyilmirdi. Amma bütün davalar “Berlin Pub”ın rəhbərliyinin nizam-intizamsızlığı ucbatından baş verirdi”.

Sakinlərin redaksiyaya təqdim etdiyi dava görüntülərinin birində mühafizəçi Orxan Şahbazov da kadrlarda görünür.

Xatırladaq ki, tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.