“Broker Əbülfəz” dirilib – dərman, saxta gübrə, sement, “PAPA JOHN’S” və… – Şok faktlar

11:28 15-09-2021 261

Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə Səfər Mehdiyevin gətirilməsindən sonra təvazökar adamlar ümid bəsləyirdilər ki, bu sahədə bəzi müsbət irəliləyişlər əldə olunacaq, şəffaflıq yaradılacaq, inhisarçılıq və bürokatik əngəllər müəyyən qədər aradan qaldırılacaq.

Çünki Aydın Əliyevin dövründə gömrükdə “qara bazar”, kölgə iqtisadiyyatı real gəlirləri dəfələrlə üstələyirdi, sahibkarların “dərisinə saman təpilirdi”, brokerlər, monopolistlər “meydan sulayırdılar”.
Amma onu müavini Səfər Mehdiyevin sədr təyinatı ilə gömrükdə heç də yaxşılığa doğru nəticələrin müşahidə olunduğunu söyləmək olmur; yenə iş adamlarının “qanını içirlər”, monopoliya ləğv olunmayıb, avtomobil idxalında soyğunçuluq davam edir, hətta Türkiyədən olan TIR şoferləri belə bu vəziyyətə üsyan edirlər, bu günlərdə onların video çıxışları yayılmışdı. Ona görə ki gömrükdə ənənəvi idarəçilik və yanaşma davam edir, sahibkarlar narazıdırlar, “qara əllər” yığışdırılmayıb.

Oğluna açdığı 8 restoran…

Vaxtilə gömrükdə qeyri-leqal gəlirlərin baş fiqurlarından olmuş, “broker Əbülfəz” adı ilə tanınan “Trans Broker” MMC rəhbəri Əbülfəz Məlikov yenidən “zühur” edib. Onun gömrük sahəsində yenə fəaliyyətinin, təsirlərinin olduğu bildirilir.

Həmçinin, Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayır. Bir neçə gün qabaq Əbülfəz Məlikova məxsus restoranlar şəbəkəsi də aşkarlanıb.

KİV-də gedən xəbərlərdə iddia olunur ki, “PAPA JOHN’S” restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəz Məlikovun oğlu Murad Məlikova məxsusdur.

Məlumatda əlavə edilir ki, bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki isə Kamran Əliyev adlı şəxsdir.

Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu “PJA Limited Azerbaijan” şirkəti üzərindən idarə olunur. Təbii ki, gənc M.Məlikovun bu yaşında biznes uğurunda atasının brokerlik fəaliyyəti rol oynayıb.
Onun gənc yaşında restoranlar açması üçün ən azı 30 il işləməsi, pul yığması və xərcləməməsi lazımdır. “Broker Əbülfəz”i isə cəmiyyətə təqdim etməyə ehtiyac yoxdur. O, gömrükdə “qara kassir” kimi uzun illər sahibkarların boğazına çökmüş monopoliya əfsanəsidir.

Ölkə mediası uzun illər onun vağzalda siqaret satmasından, iranlı Mənüçöhr Əhədpurla çirkli pullar yuymasından nələr yazmayıb.

DGK əməkdaşları özləri qeyri-rəsmi etiraf edirdilər ki, Ə.Məlikovun əlinə baxıblar, onun icazəsi olmadan gömrük əməkdaşı addım ata bilməyib. Ən dəhşətlisi budur ki, “Broker” kontorunun işçilərinin sayı DGK-nın işçilərindən çox olub.

Əbülfəz Məlikov Gürcüstandan Azərbaycana gətirilən hər danaya, inəyə görə, 100 dollar, hər qoyuna görə 40 dollar rüşvət qoyurmuş. İndisə Səfər Mehdiyev DGK sədridir və yenə “Broker Əbülfəz”in əl-qolu açılıb.

Aksizsiz siqaret biznesi, gül, sement…

Ona görə Çexiyada, Avropanın digər ölkələrində biznesinin, əmlakının sayı-hesabı yoxdur. Mediada yayılan son məlumatlara görə, Əbülfəz Məlikovun yenidən “dirildiyi” və gömrük əməliyyatlarında əvvəlki qədər olmasa da müəyyən rol alması haqda iddialar var.

Bildirilir ki, son vaxtlara qədər şəxsi biznesini idarə etməklə baş qatan Əbülfəz Məlikov yenidən brokerlik fəaliyyətinə qayıdıb. Bəzi məhsulların, əsasən ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində Məlikova imkanlar tanınıb.

Əbülfəz Məlikovla bağlı mediada yer alan səs-küylü iddialardan biri də pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələrin ölkəyə gətirilməsindən milyonlar qazanmasıdır.

Ümumiyyətlə isə daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına onun nəzarət etdiyi bildirilir. Eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsində də Əbülfəz Məlikovun böyük payçılardan olduğu iddiaları var.

Mediada gedən xəbərlərə görə, Əbülfəz Məlikovun DGK sədri Səfər Mehdiyevlə uzun illərə dayanan ortaqlığı olub. Mehdiyev DGK-da müavin olarkən tərəflər arasında ciddi işbirliyi varmış. Hazırda isə ölkədə aksizsiz siqaret biznesinin Əbülfəz Məlikova dövr edildiyi bildirilir.

Qara bazarda aksiz markası olmayan siqaretlərin kütləvi şəkildə satılması fakt olsa da DGK-nin bu mövzudakı susqunluğu da gəzən söhbətlərin inandırıcılıq əmsalını yüksəltməkdədir.

“Broker”in sahibkarın başına açdığı oyun

Qeyd edək ki, 2006-cı ildən təsis edilən və tez bir zamanda monopolist şirkətə çevrilən “Trans Broker” MMC-nin qeyri-rəsmi sahibi Əbülfəz Məlikovla onun yaxın qohumu olan Anar adlı şəxsdir.

Əvvəllər Əbülfəz Məlikovla “çiyin-çiyinə” çalışan bu şəxs hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırması haqda ölkə mətbuatında iddialar yer almaqdadır.

Adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanan Ə.Məlikov öz bioqrafiyasını nə qədər gizli saxlasa da, göründüyü kimi, mediaya məlumatlar sızmaqdadır.

Həmçinin, iş adamları da onun gömrükdəki əməllərini zaman-zaman ifşa ediblər. Bir müddət əvvəl “Grant Aqro Servis” MMC-nin rəhbəri Fərhad Babayev gerçəkləri çılpaqlığı ilə açıqlamışdı. O, Səfər Mehdiyevə məktubunda reallıqları göstərmişdi. Belə ki, sahibkarın idxal etdiyi məhsul məcburən dövlətə məxsus olmayan, AVELA MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib.

Sitat: “Məsələylə əlaqədar kiminlə əlaqə saxladıqsa, aşağıda şikayətçi olduğumuz şirkətin Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu, bu səbəbdən cəzasızlıqlarına əmin olduqları bildirildi.
Əslində, sahibkarlara saxlama terminalını sərbəst seçmək imkanının verilməməsi, digər sahibkarların da bu tip terminallar yaradıb, gömrük orqanları ilə əməkdaşlıq etmək imkanının olmaması, Avela MMC-nin və 1-2 digər şirkətin bu sahədə monopolist və bununla da özbaşına olması, gömrük məmurları ilə sıx əlaqəsi olmayan şəxslərin bu sahəyə müdaxiləsinin mümkün olmaması, şirkətin əməkdaşlarının “kimə istəyirsiz şikayət edin” deməsi və sadalaya biləcəyimiz yüzlərlə digər cavabsız suallar yaranmış şübhələri qidalandıran amillərdəndir”.

Bu, bir sübutdur ki, gömrük kimlərin əlindədir və nələr baş verir. Ancaq faktlar yuxarıdakı məlumatlarla məhdudlaşmır, yeni nüansları növbəti araşdırma məqaləmizdə təqdim edəcəyik.

Deyilənlərlə bağlı adıçəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. 

milletinsesi.info