Dövlət Turizm Agentliyi 135 min manata "kreativ konsepsiya" hazırladır

11:37 15-09-2021 207

Azərbaycanda tender və dövlət satınalmalarının korrupsiya mənbəyi olması, bu əməliyyatlarda çoxlu qanunsuzluqlara yol verilməsi, rəqabət imkanının yaradılmaması və s. pozuntularla bağlı mətbuatda saysız-hesabsız yazılar, faktlar dərc olunub. Hətta şəxsən ölkə başçısı da dövlət qurumlarının tenderlərdə yol verdikləri özbaşınalıqları tənqid edib. Ancaq təəssüf ki, bu sahədə, hələ ki, ciddi dəyişiklik nəzərə çarpmır.

Ötən gün Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin bir tenderilə bağlı məlumat diqqətimizi cəlb etdi. Məlumatda deyilir ki, agentlik “daxili turizmin təbliğat kampaniyası üçün kreativ konsepsiyasının hazırlanması xidmətinin satın alınması tenderində" iştirak edən iddiaçıların qiymət təkliflərini qiymətləndirib. Tenderin qalibi "REPRISE DIGITAL AZERBAIJAN" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Həmin MMC-yə Dövlət Turizm Agentliyi 135 min 841 manat ödəyəcək.

Qeyd edək ki, bu şirkətin cəmi 20 manat nizamnamə kapitalı var və ötən il yaradılıb…

Belə baxanda, digər qurumların həzmi-rabedən keçirdiyi tender vəsaitlərilə müqayisədə 135 min elə də böyük məbləğ deyil. Lakin söhbət bu məbləğin nəyə xərclənməsindən gedir – “daxili turizmin təbliğat kampaniyası üçün kreativ konsepsiyanın hazırlanması”. İstər-istəməz sual yaranır ki, kifayət qədər işçi personalına, mütəxəssisə malik olan agentlik hansısa təbliğat konsepsiyasını hazırlayacaq potensiala, biliyə malik deyilmi? Nədən bu işi kiməsə 135 min manata gördürməlidirlər və ümumiyyətlə, bir konsepsiyanın, yəni sənədin hazırlanması üçün nədən bu qədər böyük məbləğdə dövlət vəsaiti xərclənməlidir? Və maraqlıdır ki, görəsən bu konsepsiyanın kreativliyi nədən ibarətdir ki, ona 100 min manatdan artıq pul verilir? Ümid edək ki, agentlik ictimaiyyəti bu kreativ sənət əsəri ilə tanış edəcək…

Hər halda, bir dövlət agentliyi özünə konsepsiya hazırlamaq bacarığında deyilsə və bu işi kiməsə, özü də 135 min manata gördürürsə, demək, ola bilsin ki, burada bizim bilmədiyimiz şeylər var…

Mənbə AzPolitika.info