İşbazlar heyvandarlıqda istifadə olunan taxıl toxumlarını ərzaq buğdası adı altında fermerlərə satıblar

12:09 15-09-2021 414

Azərbaycanda toxum keyfiyyətsizliyi yenə də fermerləri çətin duruma salıb. Lerik, Yardımlı, və Cəlilabadda 15 min hektara yaxın sahədə demək olar ki, fermerlərin zəhməti puç olub. 

Sahibkarlar sertifikatlı, həm də daha yüksək qiymətlərlə buğda toxumu alaraq əksələr də, sahələrini ot basıb. Taxıl deyil, ot biçmək məcburiyyətində qalan fermerlər əldə etdikləri gəlirin çəkilən xərcin yarısını belə ödəmədiyini bildirirlər.

İddia olunur ki, işbazlar heyvandarlıqda istifadə olunan taxıl toxumlarını ərzaq buğdası adı altında fermerlərə satıblar.

Azərbaycanda toxumlarla bağlı problem vaxtaşırı yaşanır. Bundan əvvəl digər rayonlarda da fermerlər dəfələrlə oxşar durumlarla üzləşiblər. Ölkəmizdə taxıl toxumunun tədarükü necə həyata keçirilir? Bu sahədə istehsal təlabatın hansı hissəsini ödəyir, hansı ölkələrdən idxal həyata keçirilir?

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitunun direktor müavini Atif Zamanov mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

O, bildirib ki, İnstitutda orjinal, elit və super elit toxum növləri istehsal olunur:  “Bu toxumlar Nazirliyin bölgüsü əsasında toxumçu fermerlər arasında bölünür. Statistikaya görə, bizim istehsal etdiyimiz toxum təlabatı 70-80 faiz ödəyir”. 

Biologiya üzrə fəlsəfə doktorunun sözlərinə görə, ona görə də toxum almağa ehtiyac yaranır. Ölkəmizə idxal olunan toxumlar isə daha çox Rusiya və Türkiyədə istehsal olunur.

Həmçinin Fransa və Avstraliyadan da Azərbaycana toxum idxal olunur və bu baxımdan o, taxıl əkilən sahələri ot basmasının səbəbinə aydınlıq gətirib: “İdxal olunan sortlar yerli şəraitə uyğunlaşdırılmadığından onların cücərmə enerjisi çox vaxt zəif olur. Ötən il də taxıl əkilən sahələrdən ot biçdilər. Çünkı sırf payızlıq toxumlar idi, gec əkildl və toxumlar cücərib yetkin bitki halına gələ bilmədi. Cəlilabad, Şamaxı, Tovuz rayonlarında ota biçilmiş əkin sahələri oldu. Demək olar ki, bu sahələrdə əsasən Rusiyadan gətirilmiş taxıl sortları əkilmişdi”.

Direktor müavini onu da qeyd edib ki, ölkəmizdə “elit”-dən başqa R1 və R2 toxum növlərinin də istehsalına başlanılıb: “Bu növlərin istehsalı genişləndirilərsə, toxuma olan təlabat 100 faiz təmin olunar. Hətta bu növləri ixraca da yönəldə bilərik. Azərbaycanda istehsal olunan bərk buğda növü dünyanın əksər ölkələrində yetişmir. Bərk buğdanın yetişməsi üçün isti iqlimi olan ərazilər lazımdır. Biz bu növü xaricə ixrac edə bilərik”.