Çörək niyə bahalaşdı?“Qiyməti artırmasaq, zavodu bağlamalı olacağıq”

14:14 15-09-2021 90

Dünəndən etibarən Azərbaycanda çörək bahalaşıb. Marketlərdə qiymət artımı bütün çörək istehsalı müəssisələrinin deyil, bəzi şirkətlərin məhsulunda müşahidə olunub. Konkret olaraq “Çörəkçi”,  “№1”, “Baker” cörək zavodları qiyməti artırıb.  

Bəs, bahalaşmaya səbəb nədir?

“№1” Gilan Çörək Zavodunun satış müdiri Rahim Nizaməddinov Bizim.Media-ya bunları deyib: 

“Yanvar ayından dizelin qiymətində 33 faiz artım oldu. Biz də çörəkləri dizellə işləyən maşınlarla market və obyektlərə paylayırıq. Mütəmadi olaraq un qiymətlərinin artımı müşahidə olunur. Çörəkləri yığdığımız salafan torbaların qiymətində də 20 faiz artım olub. Şəkər tozunun, yağların qiyməti də artıb. Bizim istehsal etdiyimiz bəzi məmulatlarda şəkər tozu və yağdan istifadə olunur”.

Rahim Nizammədinov deyib ki, maya dəyəri artdığı üçün çörəyin qiymətini artırmaq məcburiyyətində qalıblar: 

“Baxmayaraq ki, dizelin, unun və s. məhsulların qiymətində daha çox artım var, real qiymət artımının qarşılığında bizdə də 7-8 faizlik bahalaşma olub. Bizdə 700 nəfərədək işçi çalışır. Onların əmək haqlarını qarşılıya bilmirik. Qiymət artımına getməsək, zavodu bağlamaq məcburiyyətində qalmalıyıq”.