"Haqq-ədalət" məhkəməsi

14:56 15-09-2021 441

3 milyona YAP RT sədri vəzifəsi, 192 minə zindanda "istirahət"

 

Millət, bu dəfə sizə ölkəmizdə baş verən və normal insan təfəkkürünə sığmayan bəzi olaylardan söz açacam. Əgər mən bu məmləkətdə baş verən əcaib-qəraib işləri yadımda saxlayıb, bir kitab yaza bilsəydim, heç şübhəniz olmasın ki, qısa bir zamanda dünyanın ən oxunan və ən məşhur yazıçılarından biri olardım. Bu kitabı əllərində gəzdirib müasir fantastikanın ən mükəmməl nümunəsi sayardılar. Çünki, hazırki zamanda ölkəmizdə baş verənlərin nə bundan əvvəl analoqu olub, nə də bunadan sonra olacaq. Yadınızdadırsa, Bakı Metropoliteninin bir mötəbər və möhtəşəm şefi var idi (ona xalq arasında "yeraltı səltənətin kralı", "metro-bazarkom" da deyirdilər). Amma, bu zat həm də tanınmış, məmləkət manıslarının sevimli şairlərindən biri idi. Məmləkət manıslarının bir çoxu Tağı Sadiq imzasını çox yaxşı tanıyırdılar, çünki bu imzanın altında şeirdən daha maraqlı şeylər də (para) yatırdı. Məlumdur ki, məmləkətin şou əhli, şoudan çox biznesə meyillidir, yəni paraya. Harada para varsa, orada şou- biznesimiz də çiçək açır.

Sözün qısası, bu şair-məmur-biznesmenin günlərin birində şeirləri çaş gəlir, məmur kreslosu laxlayır, biznesi süqut edir. Onda bu şair-məmur keçmiş (onda keçmiş olmayıb, indi keçmişdir) MTN generalı Akif Çovdarova 3 milyon manat verib, olub YAP (Yeni Azərbaycan Partiyası, ona görə açıqladım ki, birdən bilməyən oxucularımız olar) Yasamal rayon təşkilatının sədri. Amma A.Çovdarov ilişən kimi, haray-həşir qaldırıb ki, bəs, A.Çovdarov mənim halal pullarımı hədə-qorxu yolu ilə əlimdən alıb. Tanınmış şair Tağı Sadiqdən soruşanda ki, bu pulları harada və necə qazanıb? Cavabı da özü qədər (diqqətinizə çatdırım ki, Tağı Əhmədov həqiqətən də çox maraqlı şəxsdir və jurnalistlər onu pis tanımırlar ) maraqlı olub: "Ömrüm boyu işləyib qazandıqlarımı yığmışam". Amma nə sirri-xüdadırsa, heç kim hesablamayıb ki, (bizdə axı başqasının pulunu saymaq ayıb sayılır) şair Tağı Sadiq harada, nə qədər maaşa işləyib ki, geninə-boluna yaşadığı halda, həm də 3 milyon manatı qara günü üçün toplaya bilib.

Bir iqtisadçı dostum var, mən nə qədər rəqəmlərə nifrət edirəmsə, o, bir o qədər rəqəm oyununun aludəçisidir və o dəqiqə hesabladı ki, şairin 3 milyon manat yemədən-içmədən yığması üçün ayda 2 min manat maaşla, ən azından 125 il iş stajı olmalıdır. Şair Tağının isə 70 yaşı ola, ya olmaya. 

Amma keçmiş baş prokuror Eldar Həsənov cəmi 192 387 manatı özünün qara gününə yığmayıb haaa, təyinatı üzrə xərcləmədiyi üçün müttəhimlər kürsüsünə əyləşdiriblər. Belə də ədalət olar?

Deyilənlərə görə, Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postunda işlədiyi zaman yemədən-içmədən 2 milyard manatı qara günü üçün yığan

iqtisadçı-alim, professor Səlim Müslümovu da nazir görəvindən ayırandan sonra ilk əvvəl öz sevimli ixtisası üzrə çalışmaq üçün göndəriblər. Sonradan hansısa araşdırmalar nəticəsində  meydana çıxıb ki, onun da əməlində halallıqdan əsər-əlamət yoxdur, atdılar dəmir barmaqlıqlar arxasına.

Amma, bu heç də o demək deyil ki, haqq-ədalət öz yerini tapdı. Son 10 ildə beləcə, xalqın, dövlətin malını, pulunu talan yolu ilə mənimsəyən yüzlərlə məmur görəvindən alınsa da, heç biri cinayətinə adekvat cəza almayıb.

Sirri-xudaya bax ki, 30-dan artıq ən ağır maddələrlə ittiham olunan keçmiş MTN generalı belə, bu gün əfv olunaraq azadlıqda gəzir. Bax, buna deyərəm əsl humanizm nümunəsi. Azərbaycan xalqı nə qədər digər xalqlara və millətlərə qarşı humanist və tolerantdırsa, Azərbaycan hökuməti də öz məmurlarına qarşı bir o qədər humanistdir. Hazırda bir neçə icra hakimiyyəti başçısı da türmədə hökumətin «hümanist» addımını gözləməkdədir. Onlar üçün zindan ən layiqli yer olsa da, burası Azərbaycan. Onların da bir müddət sonra heç bir şey olmamış kimi, yenə də azadlıqda gəzəcəklərinə heç bir şübhəniz olmasın. Necə ki, iki gün öncə daha bir məhbus-məmur, Yevlağın sabiq İ.H başçısı Qoca Səmədov azadlığa çıxdı.

Eks-məmurların ən maraqlı cəhətlərindən biri də, vəzifədə olduqları zaman Allahı danıb , pula səcdə etdikləri halda, vəzifədən gedən kimi, dinə-imana gəlib, Allahın mərhəmətinə ümid bəsləmələridir. Biri hacı olub ibadət edir, digəri gözdən, qulaqdan uzaq bir yerə çəkilib toyuq-cücə bəsləyir.

Ədqərəz, millət, bu məmur çetesinin ipinin üstünə odun yığmaq çox qəliz məsələdir.Vəzifədə olanda Əzrayıl, vəzifədən gedəndə mömin olan bu naxələflərdən özünüzü qoruyun. Məndən bu qədər!

 Yusif Seyid