Körpələr kiminsə oyuncağı deyil ...

17:41 15-09-2021 234

Onları öz oyunlarınıza oyunçu etməyin!

 Sosial dünya istənilənləri gerçək etməkdə çoxlarına yardım edir. Amma bu gerçəkliklərin hansının istənilən, arzulanan olması da bir başqa mövzudur. Mövzudan uzaqlaşmayaq ki, qaldırdığımız problemin həlli də bizdən uzağa getməsin...

Deməli, kimin necə həyata keçməsindən asılı olmayan düşüncələri, maraq və arzuları var ki, onların gerçəkləşməsinin kimə hansı həddə təsir edəcəyi də çoxunu narahat etmir. Müxtəlif videolarla virtual meydana gələn, nə demək istədiyi özündən başqa kiməsə bəlli olmayan adamlar bu gün cəmiyyətin əsəblərini tarıma çəkib. Söhbət körpə uşaqların, azyaşlıların təhlükəli məkanlarda yaş həddi gözlənmədən, qorxu-ürkü yaradan videolarından gedir.

Belə videolar zaman-zaman gündəmə gəlir və onu kimlərin çəkməsi də mütləq cavabı tələb olunanlardandır. Bugünə qədər əksəriyyətin tamaşa etdiyi videolarda azyaşlı, təzəcə yeriyən, bəzən iməkləyən körpələrin hündür binaların ən yüksək mərtəbəsində, pəncərə kandarında, binanın haşiyəsində qorxulu anlar yaşaması onu lentə alanların əsəbinin poladdan olmasına bir işarədir. Belə olmasaydı, çəkilən videolarda görüntünün əsməsi, titrəməsi də müşahidə edilərdi. Deməli, hansısa formada, təsadüfən, yaxud, çəkiliş məqsədilə belə görüntüləri ekrana alan adam ilk olaraq tam rahat, əsəbləri möhkəmdir ki, körpə uşaqların təhlükə yaşamasına razılaşa bilir. Bundan başqa, həmin uşaqların ata-anası görəsən, valideyn olmağın məsuliyyətini az da olsa, hiss edirmi?! Axı körpələrin təhlükəli anlarının görüntüləri heç də bütövlükdə publika üçün hesablanmış mənzərələr, montaj məsələsi deyil. Belə olan halda, körpələrlə - dünyanı başa düşməyən, təhlükənin nə demək olduğunu anlamayan azyaşlılarla bağlı belə faktlar artıq məsuliyyətsizlik çərçivəsindən çıxan, birbaşa hüquq pozuntusudur. Yaşamaq, təhsil, müalicə almaq və digər hüquqlarla bərabər, uşaqların təhlükəsiz mühitdə-şəraitdə yaşaması onların ən ümdə hüquqlarından biridir axı.

Bu məsələ barədə çox yazmaq, danışmaq olar. Lakin artıq sözə ehtiyac görmədik. Həm də ki, məlum görüntülər sosial şəbəkələrdə hamının rastına çıxır...

Onların valideynləri və lentə alanları həmin körpələrə obyektivdən baxmasınlar!

Körpələr, dünyanın ağı-qarasını bir-birindən ayıra bilməyən azyaşlılar kiminsə oyuncağı deyil. Onlarla oyuncaq kimi oynamayın!

Verə bilirsinizsə, onlara oyuncaq verin. Çünki onların məhz o yaşda oyuncaqlarla oynamaq, əylənmək vaxtıdır!

Təhlükəli məkanlarda oyunçu etməklə, onların elə o yaşda qalmasına rəvac vermək sizin haqqınız deyil!

Nigar Orucova