Prezident İlham Əliyev: “Azərbaycan İkinci Qarabağ müharibəsində tam qələbə qazanıb”

11:25 27-09-2021 198

“Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdu”.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, bu namərd atəş nəticəsində mülki şəxslər, hərbçilər ilk saatlarda həlak olmuşdu: “Mənim əmrimlə Azərbaycan ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı”, - deyə Prezident əlavə edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazanıb: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı.

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”, - deyə dövlət başçısı qeyd edib.