Prezident İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətindən DANIŞDI

11:33 27-09-2021 333

Azərbaycan Prezidenti İlham Əliyev Laçın dəhlizində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətindən danışıb.

İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Azərbaycan bəzi məsələlərlə bağlı Rusiyaya haqlı etirazlarını çatdırır.

“Bununla belə, mən Rusiya sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirirəm. Əlbəttə ki, bizim məmnun qalmadığımız məsələlər də var, şikayətlərimiz də var”, - deyən İlham Əliyev əlavə edib ki, Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşları qeyri-qanuni şəkildə daxil olur:

“Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik. Çünki Qarabağ bizim ərazimizdir. Bizim icazəmiz olmadan o bölgələrə xarici vətəndaş və ya heç bir avtomobil girə bilməz. Ancaq deyə bilərəm ki, bu məsələ hələ də tam olaraq həll edilmədi. Onu da bildirməliyəm ki, əcnəbi vətəndaşların Qarabağa qanunsuz girişi halları kifayət qədər azalıb. Bizim siyasətimiz və israrlarımızın nəticəsi ilə bu prosesə də son verilir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə tam şəkildə hörmət edilməlidir.

“Onsuz da yüksək vəzifəli Rusiya rəsmiləri də Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edirlər. Bu vəziyyətdə Qarabağda xidmət edən hərbçilər də (sülhməramlıları nəzərdə tutur - red.) fəaliyyətlərini bu açıqlamalara uyğun şəkildə həyata keçirməlidir.

Erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən tam çıxarılmalıdır. Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan 62 nəfərdən ibarət sabotaj qrupu sülhməramlıların məsuliyyət zonasında olan ərazilərə göndərildi”.

Prezident xatırladıb ki, Azərbaycan ordusu həmin təxribatçıları zərərsizləşdirib. İlham Əliyev qeyd edib ki, 10 noyabr bəyanatında dəhlizlərin açılması məsələsi göstərilir: “Bildirilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu bağlantı oldumu? Xeyr. Halbuki bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yolla məsafə cəmi 40 kilometrdir”, - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı daha sonra bildirib: “Biz müharibədən bir il keçdikdən sonra 1000 kilometrdən artıq yol açdıq. Orada da 40 kilometr yolun açılması problem deyil. Ermənistan özü də buna razılıq verib. Aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr bəyanatını, onun şərtlərini kobudcasına pozur”.

Prezident qeyd edib ki, Azərbaycan hələlik səbirli, təmkinli davranır: “Amma bizim səbrimizin də müddəti var. İkinci Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətli aparsın.

Bu ilin əvvəlində yanvar ayında Moskvada üçtərəfli görüş keçirildi. Bu görüş zamanı daha çox müharibədən sonrakı dövrlə bağlı mövzular müzakirə edildi. Çünki müharibənin başa çatmasından cəmi iki ay keçmişdi. Daha sonra prezidentlər səviyyəsində üçtərəfli görüş olmadı. Ancaq baş nazir müavinləri səviyyəsində bir işgüzar heyət yaradıldı”.

Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsi zamanı Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın gələcəkdə üçtərəfli görüşün keçirilməsi ehtimalı barədə danışarkən deyib:

“Bu qrupda ilk olaraq Zəngəzur dəhlizinin açılması mövzusunda işlər həyata keçirildi, lakin iyunun əvvəlində Ermənistan seçkilər səbəbilə bu qrupdakı iştirakını başa vurdu. İyunda orada seçki keçirildi və avqusun ortalarında bu qrup yenidən bir araya gəldi. Gələn ay yenidən bir araya gələcəklər. Bu qrupun vacib bir format olduğunu düşünürəm, çünki hələ bir nəticə olmasa da, təmas mövcuddur. Təmas indiki halda lazımlı bir vasitədir və bu təmaslarda bir çox mövzu həll edilə bilər.

Biz Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində genişmiqyaslı işlərə başladıq. Zəngilana dəmiryolu və avtomobil yolu çəkilir, hava limanları inşa edilir. Bizim öz torpaqlarımızdakı işləri iki il ərzində bitirəcəyimizi düşünürəm, çünki buradakı işlərin həcmi çox böyükdür. Ermənistan ərazisindəki dəmiryolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu 1 və ya 1,5 ildə həyata keçirilə bilər. Biz bunu gözləyirik”, - deyə dövlət başçısı bildirib.

Dövlət başçısı həmçinin aparıcının “Zəngəzur dəhlizi Ermənistanla münasibətlərin normallaşdırmağa başlamasına bir şərtdir?” sualını bu cür cavab verib:

“Əlbəttə bir şərtdir, çünki 10 noyabr bəyanatında bu göstərilib. Ermənistan bu öhdəliyi üzərinə götürüb. Əgər bu öhdəliyi icra etməsə, o zaman hansı normallaşmadan söhbət gedə bilər? İkincisi, yenə əvvəlki fikirlərimə qayıdıram. Ermənistan müharibədən sonrakı dövrü düzgün təhlil etməlidir. Artıq vəziyyət tamamilə fərqlidir. İndiki vəziyyət qüvvələr balansını açıq şəkildə ortaya qoyur. İşğal dövründə də biz həm özümüzün, həm də Ermənistan ordusunun hansı imkanlara sahib olduğunu bilirdik. Biz tarazlığı çox əvvəldən öz lehimizə dəyişdirdiyimizi bilirdik. İndi bunu bütün dünya görür. Ona görə də indiki məqamda Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün daha çox səy göstərməli olduğunu düşünürəm. Çünki bu onlar üçün önəmlidir. Biz bunsuz da yaşaya bilərik. Necə ki, yaşadıq. İndi də yaşayırıq və daha yaxşı yaşayacağıq, çünki bu əraziyə yenidən sahib olduq. Öz torpaqlarımıza qayıtdıq. Onların vəziyyəti daha pisləşdi. Bu səbəbdən daim münaqişədə olmaq, qonşularla münasibətləri saxta tarixə əsaslanaraq planlaşdırmaq çox yanlış bir addımdır”.

Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsi zamanı İranın ölkəmizlə sərhəddə keçirdiyi hərbi təlimlər barədə danışarkən deyib. “Sərhədlərimiz yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüb doğuran bir hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr yaşanmamışdı.

İlk növbədə deməliyəm ki, hər ölkə öz ərazisində istədiyi hərbi təlimləri keçirə bilər. Bu onun suveren hüququdur. Buna heç kim söz deyə bilməz. Ancaq bunu bir zaman kəsimində təhlil edərkən, daha əvvəl heç vaxt belə bir şeyin olmadığını görürük. Niyə indi və bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar soruşur.

Bir sual da verilir ki, nəyə görə işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dövrdə nəyə görə təlim keçirilmirdi? Nəyə görə biz bu əraziləri azad etdikdən, 30 illik əsarət və işğala son qoyduqdan sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə ki, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir halın olmamasını istəyirik. Bir daha söyləmək istəyirəm, Azərbaycan burada çox məsuliyyətli və təmkinli davranır. Bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiyaların müvəqqəti olduğuna ümid edirəm”, - deyə dövlət başçısı bildirib.

“Müharibədən əvvəl və müharibə dövründə Ermənistan rəhbərləri tərəfindən o qədər təzadlı, yanlış və yalan bəyanatlar oldu ki, həddi-hesabı yoxdur. Bu cür nümunələri saatlarla göstərə bilərik. Biz şəhərləri, kəndləri azad edərkən, onlar isə bizim şəhərlərimizi yenidən işğal etdiklərini bildirirdilər. Biz azad edilən şəhərlərimizdə bayraqlarımızı qaldıranda onlar bunu inkar edirdilər. Yəni ağa qara, qaraya ağ demək onların xarakteridir. Odur ki, onlar hər hansı bir açıqlama verəndə düzünü desək, biz bunu ciddi qəbul etmirik”.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə danışıqlar barədə sözlərinə münasibət bildirərkən deyib:

“Təhlil etmək, dəqiqləşdirmək gərəkdir. Çünki burada yalanın, reallaşmayan xəyalların, xülyaların və təxribatların sintezindən söhbət gedir. Bugünkü Ermənistan, bax budur. Biz Ermənistan uğursuz dövlətdir deyəndə bunu demək istəyirdik. Beynəlxalq müstəvidə buna “failed state” deyirlər. Hər dövlətin dövlətçilik simvollarından biri də məsuliyyətli olmaqdır. Lakin biz bunu görmürük.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına gəlincə, biz əlbəttə, bütün regionda sülh olmasını istəyirik. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyə etdiyi 3+3 platformasının bunun ən yaxşı yolu olacağını düşünürəm. Ancaq Ermənistan hələ bunu qəbul etmir. İndi Türkiyə Prezidenti tərəfindən də bu səsləndirilir. Ermənistana şans verilir. Lakin Azərbaycan, Rusiya, İran bunu dəstəklədiyi halda, Ermənistan qarşı çıxır. Buna qarşı çıxan Ermənistan indi Türkiyə ilə münasibətlərini normallaşdırmaq istədiyini bəyan edir. Əgər normallaşdırmaq istəyirsənsə ilk növbədə bu təklifə müsbət cavab ver. Əks təqdirdə burada yenə təzad yaranır, anlaşmazlıq olur. Əlbəttə, əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlama həqiqi siyasətlə uyğun gəlsə, o zaman təhlil etmək daha asan olacaq. Siz də yaxşı bilirsiniz ki, Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Bundan imtina etməlidirlər. Əvvəlcə konstitusiyasını yenidən hazırlayıb qəbul etməlidirlər. Ermənistan kimi gücsüz və tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə ərazi iddiası irəli sürə bilər?!

Bu, psixoloji xəstəliyə bənzər bir şeydir. Odur ki, bundan imtina etməlidirlər. Azərbaycana qarşı iddialarından imtina etməlirdilər. Azərbaycanla münasibətlərini normallaşdırmalıdırlar.

Türkiyə tərəfinin hər zaman bölgədə sülh və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olduğuna əminəm. Bu gün də belədir. Türkiyədən çox müsbət siqnallar gəlir, lakin Ermənistanda bunu düzgün qiymətləndirilməsi lazımdır. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki illik dövrdə Azərbaycan tərəfindən verilmiş müsbət siqnallar orada yanlış anlaşıldı. Zəiflik, gücsüzlük kimi qəbul edildi. Halbuki biz qan tökülməsini istəmirdik. Biz gücümüzü bilirdik. Problemi güc yolu ilə həll edə biləcəyimizi bilirdik. Ermənistan isə buna inanmırdı. İndi də gec deyil. Yeni yaranmış reallığı düzgün qavrasın, bu reallığa uyğun addımlar atsın, xəritəyə baxaraq öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir. Buna uyğun addımlar atsın. Belə olanda halda regionda genişmiqyaslı əməkdaşlıq mümkün ola bilər”, - deyə dövlət başçısı bildirib.